Dünən İrəvanın “Zvartnos” hava limanında saxlanılan ABŞ-ın erməni əsilli vətəndaşı Areni Markosyan Ermənistana buraxılmayıb. Markosyan bir sutka hava limanında saxlanılıb və sonda onun Ermənistanda arzuolunmaz şəxs olduğunu bildiriblər. Bundan əvvəl Niderlanddan gələn bir ermənini də geri qaytarmışdılar.
Aslan Aslanyan adlı erməninin “Zvartnos” hava limanından geri göndərilməsinə səbəb onun diaspor təşkilatlarının xüsusi göstərişi ilə Ermənistana gəlməsiymiş. Areni Markosyanın da Ermənistana elə-belə gəlmədiyi məlum olub. Livandan İrəvana uçan təyyarədə onu Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri izləyib və sərhəddən keçməsinə icazə verməyiblər. Onu Livana geri göndəriblər. “Daşnaksütyun” partiyasının Markosyanı Livanda xüsusi təlimatlandırdığı ehtimal edilir.
“Daşnaksütyun” partiyasının İrəvandakı təmsilçisi Vardanyan ideya yoldaşlarının Ermənistana buraxılmamasından narahat olduğunu bildirib:
“Dünya ermənilərinin İrəvana gəlməsini çətinləşdirmək və diasporla əlaqəni azaltmaq üçün hər şeyi edirlər. Areni Markosyan “Daşnaksütyun” partiyası idarə heyətinin üzvüdür. O, ictimai tədbirlərdə iştirak edib, lazım gələndə öz mövqeyini bildirməkdən çəkinmir”.
Deməli, Ermənistana xüsusi missiya ilə gələn Amerika ermənisi İrəvanda ciddi işlərlə məşğul olmalı imiş. Amma Ermənistan hökuməti bu cür adamların ölkəyə girişinə qadağa qoyub.
Vəli Həsənov,
KONKRET.az