Almaniyada ifrat sağçı Hammerskins və onlara dəstək verən “Crew 38” qruplarının fəaliyyəti qadağan edildi.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada deyilir ki, qadağa qərarından sonra səhər saatlarında 10 əyalətdə 28 yaşayış məntəqəsində əməliyyat keçirilib və qrupun mallarına həbs qoyulub.
Daxili İşlər naziri Nensi Faeser qadağa ilə bağlı verdiyi açıqlamada qeyd edib ki, “Bu qadağa mütəşəkkil ifrat sağçılığa ağır zərbədir. Bununla Almaniyada beynəlxalq səviyyədə fəal olan neonasist dərnəyinin qeyri-insani fəaliyyətinə son qoyduq. Beləliklə biz irqçilik və antisemitizmə qarşı açıq siqnal göndərmiş oluruq”..
İfrat sağçıların Almaniyanın demokratiyası üçün ən böyük təhlükə olaraq qaldığına diqqət çəkən Faeser “Buna görə də ifrat sağçı strukturları məhv etmək üçün əməliyyatları bütün qətiyyətimizlə davam etdiririk”.
Faeser qadağaya hazırlıqların bir ildir aparıldığını vurğulayıb. O, ABŞ rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Qeyd edək ki, ölkədə təxminən 130 üzvü olan “Hammerskins Germany” 1988-ci ildə ABŞ-da qurulan “Hammerskins Nation” təşkilatının davamıdır. Qrup Almaniyada konsert tədbirləri təşkil etməklə ifrat sağçı təbliğat aparır.
“Hammerskins Germany”nin fəaliyyətinin dayandırılması ilə ölkədə Daxili İşlər Nazirliyinin qadağan etdiyi irqçi təşkilatların sayı 20-yə yüksəlib.
Rəsmiyyə Şərifova,
KONKRET.az