Davosda azərbaycanlı ekofəallara dəstək nümayiş etdirildi – FOTObackend

Davosda azərbaycanlı ekofəallara dəstək nümayiş etdirildi - FOTO

İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumu çərçivəsində Şuşa-Xankəndi yolunda dinc aksiya keçirən azərbaycanlı ekofəallara dəstək nümayiş etdirilib.

Bu barədə KONKRET.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, azərbaycanlı fəallar Green Up təşkilatının Davosun mərkəzindəki Promenade küçəsində keçirdiyi dinc aksiyada iştirak ediblər.

Soydaşlarımız hazırda Şuşa-Xankəndi yolunda aksiya keçirən azərbaycanlı ekofəallar və vətəndaş cəmiyyəti nümayəndələri ilə həmrəylik göstərərək, onların irəli sürdükləri tələbləri əks etdirən plakatları nümayiş etdiriblər.

Bundan başqa, küçə boyu yerləşdirilən şüarlar arasında “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarını dayandırın!”, “Azərbaycan ərazilərində ekoloji terrorun törədilməsinə son qoyulsun!” tələbləri də yer alıb.

Şuşa-Xankəndi yolundakı aksiya ilə maraqlanan insanlara hazırda Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində təbii sərvətlərin Ermənistan tərəfindən qanunsuz istismar edilməsi, mövcud vəziyyətin Azərbaycan ictimaiyyətində haqlı olaraq narazılıq doğurduğu barədə ətraflı məlumat verilib.

“Təbiətin yenidən canlanması üçün investisiyanın cəlb edilməsi” (Revamping İnvestment for Regenerating Nature) mövzusunda Davosda keçirilən tədbirdə çıxış edən İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının idarə heyətinin üzvü, Cenevrə Universitetinin elmlər doktoru Tural Əliyev yaşıl texnologiyaların və infrastrukturun tətbiqi və təbii resurslardan dayanıqlı istifadəyə diqqəti cəlb edib.

Bildirib ki, təbii resurslardan dayanıqlı və qanunsuz istifadə olanda bu, ətraf mühitə vurulan ziyana görə əhali arasında narazılığa səbəb olur. Azərbaycanlı alim hazırda Azərbaycan və Almaniya ərazilərində keçirilən aksiyaları buna nümunə göstərib.

BMT, Avropa Birliyi və Cenevrə Universitetinin birgə təşkil etdiyi tədbir çərçivəsində ekofəalların tələblərini əks etdirən plakatlar və bukletlər nümayiş etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*