backend

Dəfn günü ermənilərin atəşi kəsib başsağlığı verdiyi XANƏNDƏ...

Bu gün məşhur xanəndə Səxavət Məmmədovun doğum günüdür.
KONKRET.AZkulis.az”a istinadən sənətkarın həyatından maraqlı faktları diqqətinizə çatdırır.
Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı.
Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alır. Orda ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamı mükəmməl səviyyədə öyrənir. Bu ərəfələrdə Səxavəti əsgər aparırlar. Üstündən bir xeyli vaxt keçir, jurnalistlər Hacıbaba Hüseynovdan “ən yaxşı tələbəniz kimdir” deyə soruşanda məşhur xanəndə deyir: “Ən yaxşı tələbəm əsgərlikdədir”.
Hacıbaba Hüseynov, Yaqub Məmmədov, Arif Babayev, Qədir Rüstəmov, Sabir Mirzəyev, İslam Rzayev və digər korifey ifaçılardan sonra muğam və xalq musiqisi sənətinə gəlməsinə baxmayaraq, çox tez bir zamanda sənətkar kimi qəbul olundu, eyni zamanda adı çəkilən, çəkilməyən bu böyük sənətkarlar tərəfindən etiraf edildi.
Konsertləri həmişə maraqla qarşılanırdı. 5-10 saat fasiləsiz oxuyurdu, yorulmurdu. Bir toyda, məclisdə ona dəfələrlə “Mirzə Hüseyn segahı” oxudurdular, Səxavətsə hamısını fərqli oxuyurdu.
Səxavət çox gənc yaşında tanınıb sevildi. İlk dəfə radioda çıxış etdi və səhəri gün hamı ondan danışdı. Necə deyərlər, bir gecənin içində məşhurlaşdı.
Özü kasıb ailədən olsa da imkansız adamlara əl tutmağı sevərdi. Üstəlik, ilboyu qazandığı pulu qohum-əqrəbaya, kasıb-kusuba paylayırdı.
Qarabağ hadisələrinin ilk illərində “Qarabağ” instrumental ansamblını yaradıb. O, bu ansambl sayəsində ölkələri gəzir və Qarabağ həqiqətlərini dünyaya çatdırırdı.
Deyilənə görə, onu düşmən ermənilər də sənətkar kimi çox sevirlərmiş. Cəbhə bölgəsində yerləşən Abdal-Gülablı kəndində dəfni zamanı erməni tərəfi güllə atmayıb və ratsiya vasitəsi ilə başsağlığı veriblər.
“Bəxt üzüyü” filmindəki qeyri-adi səsi hər kəsi heyrətə gətirir.
Balaca qardaşı Firuz Səxavət də məşhur xanəndə idi və onların səsləri bir-birinə çox oxşayırdı. Ancaq Səxavətin səsini bənzərsiz hesab edirdilər.
Dostu, ustad tarzən Möhlət Müslümov danışır ki, Səxavət toyunda “bəyhamamı”na bizə gəlmişdi. Yedik-içdik, Səxavət mənə dedi ki, o tarı gətir çal, eynimiz açılsın. Mən tar çaldım, o, oxudu. Necə bizə ruh gəldisə, toyu unutduq. Sən demə, gəlini gətiriblər, toy qurtarıb, evdə hamı bəyi axtarır. Qohum-əqrəba axtarış elan edib. Səxavətin atasının birdən ağlına gəlib ki, oğlu bizdə olacaq.
İlk həyat yoldaşından ayrılıb və başqa bir qadınla ailə qurub. Onun yaxınları, qohumları ikinci evliliyini doğru hesab etmirdilər.
Ona görə oğlu, tanınmış aparıcı Bəxtiyar Məmmədov da ondan inciyibmiş.
Nikaraquada konsert verirmiş. Buzlu su da içib. Oxuyanda əcnəbilər dəhşətə gəliblər və gəlib boğazını yoxlayıblar ki, doğrudan da səs burdan çıxırmı. Onlara elə gəlibmiş ki, o səs aparatdan çıxır.
Maşınlara marağı vardı. Bir növ hobbi idi onun üçün. O vaxt “Qaz 24” sürürdü, amma ən böyük arzusu xarici markalı maşın almaq idi. Qismət olmadı…
Dostları ilə Əli Bayramlıdan qayıdırmış, yolda qəza baş verir və Səxavət Məmmədov o qəzada dünyasını dəyişir. 37 yaşında…
Qəbri üstünə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmir. Daha sonra kənd işğal olunur. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalır.
Ölümündən 23 il sonra oğlu meydana çıxıb. ATV-də yayımlanan “Öz aramızda” verilişinə dəvət olunan Şəhriyar adlı gənc xanəndə Səxavətin ikinci nikahından dünyaya gəldiyini bildirib. Daha sonra Şəhriyar ögey qardaşı – aparıcı Bəxtiyar Məmmədovdan, Səxavət Məmmədovun qardaşı Firuz Səxavətdən şikayətlənib, ona diqqət yetirmədiklərindən danışıb. Sürücü işlədiyini deyən Şəhriyar uşaq yaşlarından çətinlik çəkdiyini açıqlayıb. Ən sonda isə atasının ifasını xatırladan bir ifa ilə hamını çaş-baş qoyub.
Əfrasiyab Bədəlbəylinin bəstələdiyi “Azad bir quşdum” mahnısını elə oxuyub ki, sanki onu elə özü yaradıb. Mahnı həm də onun ölümünə yazılıb elə bil: “Azad bir quşdum, yuvamdan uçdum, torpağa düşdüm bu gənc yaşımda”.
Yuxuda görübmüş ki, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qurulub, qarşıda da qəbiristanlıq görünür. Kənddəki evləri qəbiristanlığın yaxınlığında idi. Yuxudan durub və deyib: “Mən öləcəm”. Bu yuxudan bir ay sonra vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*