Deputat: “Bu həftənin bazar günü prezident seçkiləri keçirilərsə…”backend

Deputat: "Bu həftənin bazar günü prezident seçkiləri keçirilərsə..."

“Vətən Müharibəsində radikal müxalifətin nəinki köməyi dəyib, əksinə hər zaman badalaq gəliblər. Digər siyasi partiyalar müharibə dövründə ümumilli məsələlərlə bağlı bəyanatlarla çıxış edir, müxtəlif beynəlxalq təşkilatlara müraciət edirdilər.

Eyni zamanda, dövlətin, dövlətçiliyin, Ali Baş Komandanın yanında olduqlarını bəyan edirdilər və s. Əli Kərimli və onun partiyası isə bunların heç birinə qoşulmadı. Həmin Əli Kərimlidir ki, çıxışlarında bu iqtidarın heç bir zaman işğal altında olan torpaqlarımızı azad edə bilməyəcəyini və bunun üçün siyasi iradəsinin olmadığını dəfələrlə qeyd edirdi. Bu fikirlərin müəllifi olan Əli Kərimli, görəsən, indi nə düşünür?!”.

KONKRET.az xəbər verir ki, bunu pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, radikal müxalifətin bəyanatları hər zaman qərəzli olur və onlar ümumilli məsələlərdə belə ortaq məxrəcə gələ bilmirlər:

“44 günlük Vətən Müharibəsindəki qələbə ilə bağlı radikal müxalifət “bu qələbənin əldə edilməsində kiçik bir töhvəmiz olubmu?” deyə özlərinə sual versinlər. Heç bir töhvə verməyiblər! Əli Kərimli və onun partiyası müharibə dövründə heç bir dəstək kampaniyasına qoşulmadı. Yeri gəlmişkən, həmin Əli Kərimlidir ki, çıxışlarında dəfələrlə bu iqtidarın heç bir zaman işğal altında olan torpaqlarımızı azad edə bilməyəcəyini və bunun üçün siyasi iradəsinin olmadığını qeyd edirdi. Bu fikirlərin müəllifi olan Əli Kərimli, görəsən, indi nə düşünür?! Sadəcə, görəndə ki Prezident İlham Əliyevin reytinqi ən yüksək səviyyədədir, danılmaz həqiqətdir ki, torpaqlarımızı işğaldan azad edib belə açıqlamalar verirlər. Dövlət başçıları o zaman tarixə adlarını həkk edirlər ki, onlar nəhəng hərbi zəfərə imza atırlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev həm Azərbaycan dövlətçiliyi tarixinə, həm də dünya tarixinə öz adını əbədi yazdırdı. Əli Kərimli Azərbaycanın qələbəsini qeyd etdi və sonda da deməyə məcbur oldu ki, qələbədə Ali Baş Komandanın da rolu olub. Fikir verin, bundan artıq nə qərəz ola bilər?!”

E.Nəsirov vurğulayıb ki, bu gün ermənipərəst siyasi dairələrin fəallaşıb Azərbaycana qarşı təzyiq kampaniyalarına başladığı bir vaxtda paralellik gözdən yayınmır.

Onun sözləri görə, Əli Kərimlinin “fəallaşması” təsadüfi deyil: “Çünki onlar eyni siyasi mərkəzdən idarə olunurlar, tapşırığı eyni yerdən alırlar. Hər zaman çalışıblar ki, dövlətin uğurları olmasın. Biz dəfələrlə bunun şahidi olmuşuq. Məsələn, Azərbaycan neftinin qiyməti aşağı düşəndə radikal müxalifət, elə Əli Kərimlinin özü və silahdaşları toy-bayram edirdilər. Göz aydınlığı verəndə isə bir-birlərinə deyirdilər ki, hələ bir az da gözləyək, ola bilsin, neftin qiyməti sıfır səviyyəsinə enər. Məgər bilmirdilər ki, belə olan halda insanların sosial rifah halı pisləşəcək? Bilirdilər! Çünki bu, radikal müxalifətə sərf edir, belə olan halda onların xəbis niyyətlərini həyata keçirmək üçün münbit şərait yaranır. Lakin xalqın gözü tərəzidir, hər birini görür. Bu gün Azərbaycan Prezidentinin reytinqi ən yüksək səviyyədədir. Son dəfə 2018-ci ilin aprel ayında Prezident seçkiləri keçirilib. Əgər bu həftənin bazar günü yenə seçkilər keçirilsə, əmin olun ki, İlham Əliyev 2018-ci ildə topladığı səsdən daha yüksək səsə nail ola bilər. Bu da təsadüfi deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*