Deputat: “Rusiya ədalətli olmaqda çətinlik çəkəcək”backend

Deputat: "Rusiya ədalətli olmaqda çətinlik çəkəcək"

“Rusiya hərbi kontingentinin tam nəzarəti altında 4 il Xocalıda yaşamışam. Bu 4 il ərzində onların mövqelərini görmüşəm. Rusiya sülhməramlı kimi tərəfsiz və ədalətli olmaqda çətinlik çəkəcək. Çünki 1993-94-cü ildən bu vaxta qədər ATƏT-in Minsk qrupunun üzvü idi. 27-28 il ərzində həmsədr dövlətlərin heç birindən ədalətli mövqe görmədik”.

KONKRET.az  xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında parlamentdə Şuşa, Ağdam, Xocalı və Xocavəndi təmsil edən deputat Elman Məmmədov deyib. Onun sözlərinə görə, hamımız sevindik ki, müharibə bitdi, ərazi bütövlüyümüz bərqərar olundu. Rusiya da öhdəsinə götürdü ki, müəyyən müddət ərzində Azərbaycanın razılığı ilə sülhməramlı missiyasını yerinə yetirəcək: “Ancaq sülhməramlı missiyası Dağlıq Qarabağ ərazisində bu günə qədər qalan Ermənistan silahlı qüvvələri və erməni quldur qruplaşmalarının birləşmələri ilə əlaqədə olmamalıdır. Azərbaycan Respublikasının müvafiq hüquq-mühafizə orqanlarının, Baş Prokurorluğunun cinayət qaldırdığı şəxslərlə həmsöhbət olmamalıdır, görüşməməlidir. Biz Azərbaycan tərəfi olaraq separatçı cinayətkar qrupun rəhbəri olan Araik Arutyunyana cinayət işi qaldırmışıq. O, cinayətkardır və həbs olunmalıdır. Ancaq Rusiya sülhməramlılarının rəhbərliyi onunla oturub məsləhətləşmələr və danışıqlar aparır”.

Deputat qeyd edib ki, Rusiya sülhməramlıları Xocalı soyqırımının törədilməsində ən qatı cinayətkarlardan və quldurlardan olan Vitali Balasanyanla üzbəüz oturub söhbət edir:

“Bunlar da qalan cinayətkarların tör-töküntülərini başlarına yığırlar. Rusiya sülhməramlılarına məlum deyil ki, Dağlıq Qarabağda Xocalı və Xocavənd rayonlarının bir hissəsinin keçmiş Ağdərə rayonunun ərazisi və meşəlikləri erməni silahlı quldur dəstələri və qoşunları ilə doludur. Yaxşı bilirlər. Niyə onları neytrallaşdırıb ərazidən çıxarmırlar? Niyə onlara qarşı anti-terror əməliyyatı həyata keçirmirlər və Azərbaycanı da bu işi görməyə qoymurlar? Hesab edirəm ki, Rusiya bu məsələdə sülhməramlı kimi yox, tərəf kimi iştirak edir. Sülhməramlılıq missiyasını yerinə yetirməyə başladığı gündən Rusiyadan Qarabağda qalan ermənilərə humanitar yardımın, həkim dəstələrinin, Fövqəladə Hallar Nazirliyi işçilərinin gəlişi kəsilmir. Humanitar yardım adı ilə silah-sursat daşıyırlar. Bu, sülhməramlının işi deyil. Digər tərəfdən də qarabağlı adı ilə erməniləri yenidən Qarabağa gətirirlər.

Rusiya sülhməramlıları bu hərəkətləri ilə getdikcə məsələni qəlizləşdirir. 1988-ci ildən 1992-ci ilə qədər olan dövrdə də Dağlıq Qarabağda guya ki, asayişi təmin etməli olan komendaturalar da elə bu cür fəaliyyət göstərirdi. Bütün erməni yaşayış məntəqələrinə bir növ qarovul çəkib onların təhlükəsizliyini təmin edirdilər. Ermənilər bundan istifadə edərək bolluca silahlanırdı. Nəticədə ərazilərimizi işğal etdilər. BMT tərəfindən sülhməramlılara verilən mandatı dəqiq həyata keçirməlidirlər. Onların gözü qarşısında quldur dəstələri fəaliyyət göstərir, quldur dəstələrinin başçıları ilə məsləhətləşirlər.

Bu yaxınlarda sosial şəbəkələrdə belə bir məlumat yayıldı ki, Ermənistanın müdafiə naziri də Dağlıq Qarabağa baş çəkib. Belə olan halda biz narahat olmağa başlayırıq, bunların həqiqətən də ədalətli sülhməramlı missiyasını yerinə yetirmək məsələsi haqlı olaraq şübhə yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*