Deputatlar arasındakı dostluq nə dərəcədə səmimidir? – YAXUD, BİR-BİRİNİN HƏBSİNƏ NİYƏ “HƏ” DEYİRLƏR?backend

Deputatlar arasındakı dostluq nə dərəcədə səmimidir? - YAXUD, BİR-BİRİNİN HƏBSİNƏ NİYƏ "HƏ" DEYİRLƏR?

İstənilən iş əlaqəsi insanlar arasında həm də dostluq münasibətləri formalaşdıra bilir. Bu, eyni zamanda, sahədən və işin formatından asılı olaraq dəyişə də bilir. Məsələn, Milli Məclisin deputatları arasında da dostluq əlaqələri var.

KONKRET.az xəbər verir ki, VII Çağırış Milli Məclisə növbədənkənar seçkilər keçirilsə də, əsasən köhnə tərkib yerində qaldı.

Ümumiyyətlə, son bir neçə Çağırış Milli Məclisin tərkibinə diqqət yetirsək, görərik ki, böyük əksəriyyət eyni adamlardan ibarətdir.

Uzun illər bir zalda əyləşən deputatlar arasındakı münasibətlər dostluq səviyyəsinə qədər də qalxıb.

Bəs görəsən, müxtəlif məclislərdə, tədbirlərdə yoldaşlıq edən deputatlarımız arasındakı münasibətlər nə dərəcədə səmimidir?

Etiraf edək ki, bəzən bu dostluq əlaqələrinin sürətlə, bir andaca dəyişdiyinin şahidi olmaq olur. Məsələn, illər əvvəl keçmiş deputatlar Eldəniz Səlimov və Hüseyn Abdullayevin timsalında dostluq əlaqələri olan deputatların da bir andaca onların əleyhlərinə səs verdiyini görmüşdük.

Bununla onlar öz həmkarlarının taleyində ən ağır imzanı atmış oldular.

Bəs görəsən, deputlar özləri bu məsələyə necə yanaşır?

Gununsesi.info -ya danışan Milli Məclisin deputatı Elman Nəsirov belə deyib:

“Söhbət dövlət əhəmiyyətli məsələlərdən gedirsə, təəssüf edirsən ki, bu insan kaş onu etməyəydi. Qanun şahdır, əgər onun tələblərini pozursansa, məsələ dəyişir. Bizdə intizamla bağlı komissiya var, hansısa məsələdə yığışır və obyektiv qərar verir. İndi kimsə qanunsuzluq edəcəksə, biz dostluğu seçək, ya qanunu?!”

Milli Məclisin digər bir deputatı Vüqar İskəndərov da məsələni bu cür şərh edib:

“Parlament təbii olaraq, kollegial bir orqandır. Hər yerdə olduğu kimi burada bir kollektivdir və başqa-başqa xarakterli, dünyagörüşlü insanların təmsil olunduğu yerdir. Birlikdən danışsaq, hər hansısa bir qərar veriləndə hər kəsin bir səsi var və hər bir deputat partiya maraqlarını da nəzərə alır. Deputatlarla bağlı məsələlərdə hər kəsin fərqli fikri ola bilər, istəyən istədiyi adamlar dostluq edər. Amma o məsələ ki, konstitusiyaya, qanuna ziddir, məsələ qanunla həllini tapmalıdır, bu məqamda deputat qanunun aliliyi rəhbər tutmalıdır. Heç kim burada şəxsi maraqlarını üstün tuta bilməz. Burada dövlət maraqları, ümumixalq məsələləri daha əsasdır, nəinki digər məqamlar. Zamanla baş verənlər bir kənara, amma hazırda deputatlar arasında səmimi, mehriban, həm də dostluqlar üzərinə qurulan bir mühit var.”

O cümlədən, Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa da fikirlərini bu cür əsaslandırıb:

“Ümumiyyətlə, Milli Məclisdə bu münasibətləri bir neçə istiqamətdə götürmək olar. Birincisi, doğrudan da gerçək dostluq əlaqələri olur, ikincisi, təkcə işgüzar münasibətlər, üçüncüsü isə sadəcə, kolleqa kimi salam-sağol münasibətləri. Ona görə də bu məsələdə məncə, hansısa bir şəkildə dostluq və qanun arasında müqayisə aparmaq doğru deyil. Çünki hər bir kəsin vəzifə məsuliyyəti var və addımlar da buna görə atıla bilir. Məsələn, hansısa bir deputat intizam məsuliyyətinə cəlb olunursa, bu, ədalətli bir şəkildə olmalıdır. Qanunla yanaşı vicdan, ədalət də sözünü deməlidir. Şəxsən mənim üçün birinci prinsip budur: “Ədalət!” Bütün məsələlərdə birinci üstünlüyü buna verirəm. Məsələlərə təkcə qanunun hərfi mənasında yanaşmağın tərəfdarı deyiləm. Onsuz da, bunun üçün məhkəmə var. Bir sözlə, kim olur olsun, vicdansızlığa yol vermək olmaz. İstər deputat, istərsə də başqa bir şəxs.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*