backend

"Dəyişikliklər reketçiliyin, şantajın önünü kəsməyə xidmət edəcək" - EKSPERTLƏR DANIŞDI

Jurnalist fəaliyyətinin, ümumilikdə medianın işinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar bu sahənin biliciləri tərəfindən müsbət qarşılanır. Bu baxımdan İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər, eləcə də Medianın İnkişafı Agentliyinin və Audiovizual Şuranın səlahiyyətlərinin artırılması olduqca böyük əhəmiyyət kəsb edir. Dəyişikliklərə əsasən artıq jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edənlər cərimələnəcək. Mövcud əlavə və dəyişikliklər eyni zamanda özündə digər vacib elementləri də ehtiva edir. Bəs görəsən, dəyişikliklər medianın peşəkar fəaliyyətinə necə təsir göstərəcək və nə kimi töhfələr verəcək? 

Mövzunu KONKRET.az-a şərh edən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik həm də media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayımına maneə yaradılmasına qarşı mexanizmlərin sərtləşdirilməsi ilə bağlıdır: “İXM-də buna görə fiziki şəxslərin iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə olunması nəzərdə tutulur. Qeyd edim ki, əvvəllər Kütləvi İnformasiya Vasitələrinin (KİV) qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə fiziki şəxslərin yüz manatdan yüz əlli manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulurdu. İndi bu cərimə məbləğinin yüksəldilməsi heç şübhəsiz məsuliyyəti artıracaq. Ümumilikdə, medianın peşəkar fəaliyyətinin tənzimlənməsi istiqamətində görülən tədbirlər yalnız bununla məhdudlaşmır. Hesab edirəm ki, sahəyə kompleks yanaşma var. Bu, nikbinlik doğurur. İXM-əedilən dəyişiklik də nikbinlik üçün əsas verən qanunvericilik təşəbbüsüdür”.

Rəşad Məcid jurnalistlərin 3-cü binasından danışdı: “Bu hansı mənəvi əxlaqa sığır?!”

Mövzu ilə bağlı saytımıza açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirib ki, medianın fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə (İXM) təklif olunan dəyişikliklərin Prezident İlham Əliyev tərəfindən təsdiqlənməsi mətbuatın fəaliyyəti üçün çox mühüm əhəmiyyət kəsb edir: “Təklif edilən dəyişikliklər media fəaliyyətinin tənzimlənməsi, jurnalist işinin asanlaşdırılması və hüquqi çərçivələrin cızılması ilə bağlı son 4 il müddətində aparılan islahatların məntiqi ardıcıllığı kimi qəbul edilə bilər. Həyata keçirilən dəyişikliklər, fərman və sərəncamlar, eyni zamanda qanunlardakı uyğunlaşdırmalar jurnalistlərin fəaliyyətinin asanlaşdırılması və onların hüquqi səlahiyyətlərinin tanınması kimi xarakterizə olunmalıdır. Bütün bunlar isə media fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün atılan müsbət addımlardır. İndiki dəyişikliklərdə nəzərdə tutulan elementlər əslində jurnalistlərin peşə kodeksində, eyni zamanda Media Haqqında Qanunda əks olunub. Burada ehtiva olunan məsuliyyətlər əslində jurnalistlərin peşə kodeksində öz əksini tapıb. Sadəcə olaraq indiyə qədər peşə kodeksində və Media Qanununda nəzərdə tutulan bu məsələlərin pozulmasına görə yaranan hüquqi məsuliyyətdə bir az qeyri-müəyyənlik var idi. Bu qeyri-müəyyənliklər indi konkretləşdirilir, aydınlaşdırılır və hər kəsin öz fəaliyyətini çəki-düzənə salması üçün istiqamət verilir”.

Media haqqında" qanunda da... -

Müşfiq Ələsgərlinin sözlərinə görə, İXM-ə edilən dəyişikliklər cərimə və cəzaları konkretləşdirir: “Bu da öz növbəsində həm jurnalistlərin, həm də medianın fəaliyyətində, eləcə də informasiya istehsalı sahəsində yeni təkmilləşdirilmələr deməkdir. Həmçinin mediamızın və jurnalistikamızın inkişafına təkan vermək üçün nəzərdə tutulan addımlardır. Beləliklə, artıq 4 ilə yaxındır ki, ölkədə ümumi islahatlar həyata keçirilir. Eyni zamanda media sahəsində geniş islahatlar aparılır. Bu addımları da həmin islahatların davamı və məntiqi ardıcıllığı hesab etmək mümkündür. Ümumilikdə isə görülən tədbirlər medianın fəaliyyətinin asanlaşmasına, sərhədlərinin müəyyənləşməsinə və inkişafına yönəlib. Bu baxımdan biz media cameəsi olaraq bu cür addımları alqışlayırıq və hesab edirik ki, görülən tədbirlər öz məntiqi sonluğuna çatacaq”.

“Visiontv.az” saytının baş redaktoru Şöhrət Eldəniz saytımıza açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər həm dövlət qurumları və məmurların, həm də media subyektlərinin və jurnalistlərin məsuliyyətini artıracaq: “Söhbət təkcə tətbiq olunan cərimələrdən və onun miqdarından getmir. Məsələ bu sahədə yaranan özbaşınalığın, məsuliyyətsizliyin, xaosun qarşısını almaq, tərəflər arasında münasibətləri nizama salmaq üçün qanuni yolların seçilməsinə təhrik etməkdir. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə ilə yanaşı jurnalistin də qarşı tərəfə adekvat münasibəti tənzimlənməlidir. Bu isə həmin təkliflər arasında qeyd edilib. Yəni dəyişikliklər daimi problemli olan məmur-jurnalist münasibətlərinin qanuni yolla həll olunmasında ilk növbədə media işçilərinin tərəfini tutur. Və bütün bu proseslərin mərkəzində Medianın İnkişafı Agentliyinin durması da jurnalistlərin xeyrinədir. Çünki MEDİA-nın bu günə qədər tutduğu mövqe jurnalistlərin xeyrinə olub. Bu baxımdan inanıram ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər mediamızın qanun çərçivəsində fəailiyyətinə daha müsbət təsir göstərəcək”.

Bir 1 nəfər və ayaqda şəkili ola bilər

Baş redaktor əlavə edib ki, media və dövlət qurumları arasında münasibətlər daha şəffaf və aydın olacaq: “O cümlədən, jurnalistlərin peşə fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları ilə təmasları azalacaq. Medianın İnkişafı Agentliyinə verilən səlahiyyətlər dediyim təmasların artıq bizə daha yaxın olan və bizi daha yaxşı başa düşən qurumla olacağına dəlalət edir. Bu isə media ilə bağlı həm ölkə daxilində, həm də beynəlxalq təşkilatlar müstəvisində əlavə gərginliklər yaratmayacaq. Düşünürəm ki, bu dəyişikliklər həm də reketçiliyin, şantajın önünü kəsməyə xidmət edəcək. Məmurların mətbuatda bir-birini qaralama kampaniyasını təşkil etməsinə mane olacaq. Hətta bəzi dırnaqarası jurnalistlər belə bu oyunlara qoşulmadan əvvəl qanunun tələblərini yada salmağa məcbur qalacaqlar”.

Mövzu ilə bağlı danışan “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, Medianın İnkişafı Agentliyinin səlahiyyətlərinin artırılması və İXM-ə edilən dəyişikliklər Media Haqqında Qanunun tələblərindən irəli gəlir: “Bu, zəruri addımlardır. Məqsəd isə ilk növbədə jurnalistlərin peşəkar fəaliyyətinə mane olan amillərin dərhal aradan qaldırılmasıdır. Daha öncə mövcud olan mexanizmlər jurnalistlərin peşə fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması üçün çevik addımların atılmasına maneə yaradırdı. Amma indi daha işlək mexanizmlər tətbiq olunur. Bu baxımdan düşünürəm ki, görülən tədbirlər bütövlükdə media sektorunun peşəkar fəaliyyətinə öz töhfəsini verəcək. Eyni zamanda media ilə ünsiyyətdə və əlaqədə olan qarşı tərəflərin məsuliyyətini daha da artıracaq.

Elçin Mirzəbəyli: Azərbaycan-İtaliya münasibətləri bu gün də dinamik şəkildə inkişaf etməkdədir - AZƏRTAC

Mövzunu şərh edən KONKRET.az informasiya portalının baş redaktoru Fadil Paşayev Medianın İnkişafı Agentliyinə yeni səlahiyyətlərin verilməsini təqdir edib: “Söz azadlığının qorunması sahəsində mühüm hadisədir. Nəhayət, bu addımla bir çox gözləntilərimiz reallaşacaq. Arzuladığım məqamlardan biri o idi ki, MEDİA bir qurum kimi daha böyük nüfuza sahib olsun. Yəni peşə fəaliyyəti ilə bağlı bizə Prokurorluq deyil, MEDİA nəzarət etməli idi. Sevinirəm ki, artıq bu, belə də oldu. Agentliyin nüfuzu bu addımla daha da artacaq, islahatlarda ciddi təkan rolunu oynayacaq. Bu sözlər gəlişigözəl ifadələr kimi anlaşılmamalıdır. Əksinə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər dövlətin media siyasətinin mükəmməl şəkildə formalaşdırılması kimi media tarixinə düşəcək. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Agentliyin səlahiyyətinin artırılması medianın nüfuzuna ciddi və əhəmiyyətli təsir göstərəcək.

2. Media ilə dövlət qurumları arasında mövcud münasibətlərin tənzimlənməsində müsbət və hərtərəfli rol oynayacaq.

3. İndi yalnız media subyektləri deyil, eləcə də jurnalistlərin peşə fəaliyyətinə mane olan fiziki və hüquqi şəxslər, qurum və təşkilatlar cəzalanacaq. Bu isə media siyasəti sahəsində şəffaflığı, islahatların uzunmüddətli olmasını təmin edəcək.

4. Mediaya ayrı-ayrı dövlət qurumlarının ehtimal olunan təzyiqlərinin qarşısı alınacaq.

5. Agentliyin media-cəmiyyət münasibətlərində verdiyi töhfələrin ciddi təsiri olacaq.

6. Jurnalistlər arasında da dövlət qurumu kimi Agentliyin nüfuzu daha da artacaq ki, bu amil də yeni media hərəkatında öz sözünü deyəcək.

Siyahını uzatmaq da olar. Əsas odur ki, sözün əsl mənasında bu sahədə mövcud olan bir çox boşluqlar tam aradan qalxacaq. Ölkəmiz və dövlətimiz üçün xeyirli-uğurlu olsun”.
Müşviq Tofiqoğlu,
KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*