Diaspor quruculuğunda YENİ HƏDƏFLƏR – V qurultaya hazırlıq gedirbackend

Diaspor quruculuğunda YENİ HƏDƏFLƏR – V qurultaya hazırlıq gedir

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi məsələləri dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu məsələlər Azərbaycanın dövlət müstəqilliyinin bərqərar edilməsindən sonra ictimai-siyasi həyatımıza daha geniş şəkildə daxil olub.

O vaxtadək XX əsrin müxtəlf mərhələlərində baş vermiş siyasi kataklizmlər səbəbindən Vətəndən ayrılıb, xarici ölkələrdə məskunlaşmağa məcbur olmuş Cümhuriyyət qurucuları, sovet quruluşunu qəbul etməyib, mühacirətə üstünlük verən azərbaycanlı milyonçular, II Dünya müharibəsi iştirakçıları, onların ailə üzvləri diaspor hərəkatının əsas qüvvələrini təşkil edirdilər. İrandakı şah istibdadından və islam inqilabının repressiyalarından qaçan Azərbacan türklərini də bu siyahıya əlavə etsək, mənzərə tam aydınlaşır.

Təsadüfi deyil ki, 1930-cu illərdə bu qüvvələrə “xalq düşməni”, “xain” damğaları vurmaqla məşğul olan sovet imperiyası II Dünya müharibəsindən sonra onların xalqımıza təsirini azaltmaq məqsədilə 1946-cı ildə Bakıda Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti də yaratmışdı. Təbii ki, Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi nəzarəti altında fəaliyyət göstərən həmin qurum xaricdə yaşayan azərbaycanlılarda etimad doğurmurdu. Amma, əsasən mədəni əlaqələr qurmaqla məşğul olan həmin cəmiyyətin Azərbaycan diasporunun təşəkkül tapmasında böyük rolu oldu. Xalqımızın böyük öndəri Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi olduğu dönəmdə isə xarici ölkələrdə yaşayan soydaşlarımızın bu cəmiyyətin xətti ilə Vətənə daha çox dəvət olunması intensivləşdirildi.

SSRİ-nin birinci və sonuncu prezidenti M.Qorbaçovun Azərbaycana qarşı yürütdüyü ermənipərəst siyasət, Qarabağ ətrafında yaranan təhlükəli proseslər nəticəsində ölkəmizdə milli azadlıq hərəkatı güclənərkən, xaricdə yaşayan soydaşlarımız tarixi Vətənlərinin yanında olduqlarını sözdə və əməldə sübut etdilər.

Amma diaspor quruculuğunun dövlət siyasətinə çevrilməsinin bünövrəsi 1993-cu ildə hakimiyyətə qayıdan Heydər Əliyevin dönəmində qoyuldu. Azərbaycan Prezidenti Heydər Əliyev xarici ölkələrə səfər edərkən diaspor üzvləri ilə görüşlər rəsmi prokollarda mütləq əksini tapırdı. Diasporun mövcud durumu ilə yaxından tanışlıq bu sahədə mühüm addımların atılması ilə nəticələndi. Onun 23 may 2001-ci il tarixli “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncamına əsasən, həmin ilin 9–10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Böyük öndərin 2002-ci il 5 iyul tarixli “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərmanı ilə diasporun sistemli və mütəşəkkil şəkildə qurulması, lobbiçiliyin formalaşdırılması xətti götürüldü.

Diplomatiya sahəsində hücum taktikasına üstünlük verən Prezident İlham Əliyevin dönəmində isə güclü diasporun formalaşdırılması prosesi yeni mərhələyə qədəm qoydu. Qərbdə təhsil almağa və yaşamağa üstünlük verən azərbaycanlıların sayının artdığını və bu proseslərin güclü lobbiçilik fəaliyyətinə gətirib çıxaracağını nəzərə alan Prezident İlham Əliyev “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” 2008-ci il 19 noyabr tarixli fərmanı imzaladı.

Hazırda diaspor quruculuğunda aparılan məqsədyönlü və geniş şaxəli dövlət siyasəti nəticəsində yeni hədəflər və məqsədlər müəyyənləşdirilib. İndi kəmiyyət və keyfiyyət baxımından yenilənmiş soydaşlarımıza yerli cəmiyyətlərə sıx inteqrasiya olunmaq, ictimai-siyasi və humanitar sahələrdə yaşadıqları ölkələrə töhfələr bəxş etmək, ictimaiyyət arasında nüfuz yiyəsinə çevrilməklə Azərbaycanın və azərbaycanlıların adını ucaltmaq kimi müdrik tövsiyələr verilir.

Bu istiqamətdə mütəşəkkil fəalliyyəti təmin etmək naminə müxtəlif ölkələrdə azərbaycanlıların Koordinasiya Şuraları yaradılır, Azərbaycan Evləri təsis edilir. Xaricdə yaşayan elm, mədəniyyət, incəsənət xadimlərinin, gənclərin bir araya gətirilməsi üşün müxtəlif layihələr həyata keçirir.

Lobbiçilik və milli həmrəyliyin təşəkkül tapmasında Heydər Əliyev Fondu müstəsna və misilsiz xidmətlər göstərir. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və göstərişi ilə Azərbaycanın zəngin mədəniyyətinin, incəsənətinin dünyada təbliğ edilməsi naminə Avropanın inkişaf etmiş ölkələrində irimiqyaslı layihələr həyata keçirilir. Qədim ölkələrin dini və tarixi abidələrinin yenidən bərpa olunması istiqamətində iri layihələrin gerçəkləşdirilməsi Azərbaycana xüsusi hörmət qazandırır, dostlarımızın sayını artırır. Məhz Mehriban xanımın təşəbbüsü və göstərişi əsasında müxtəlif ölkələrdə “Qarabağ” adını daşıyan həftəsonu Azərbaycan məktəbləri, idman klubları fəaliyyət göstərməyə başlayıb. Həmin məktəblərə “Azərbaycan dili” dərsliklərinin hazırlanıb təqdim edilməsi xaricdə yaşayan həmvətənlərimizin övladlarının doğma dilimizi unutmamasına xidmət edir.

Bundan başqa, diaspor təşkilatları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşulmaqla Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynayırlar.

Azərbaycan torpaqlarının erməni işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması naminə 44 gün davam edən Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın nümayiş etdirdiyi birlik və həmrəyliyə isə bütün dünya şahid oldu. COVID-19 pandemiyasının yaratdığı təhlükələrə baxmayaraq, Amerikanın və Avropanın iri şəhərlərində azərbaycanlıların izdihamlı nümayişlər keçirməsi, “Qarabağ Azərbaycandır” şüarını ellliklə səsləndirməsi, bu şüarın və Qarabağın azadlıq rəmzinə çevrilmiş “Xarı bülbül” təsvirinin müxtəlif şəhərlərdəki bilbordlarda yerləşdirilməsi, beynəlxalq qurumlara çoxlu sayda bəyanatların  ünvanlanması, Ermənistanın təcavüzkar və işğalçı siyasətinə qətiyyətli şəkildə etiraz etməsi düşmən ölkənin üzərində qələbə çalınmasında böyük mənəvi dəstək oldu.

Məhz bu cür mütəşəkkil fəaliyyətin fonunda üzərində “Asala” (terrorçu təşkilat) sözü yazılan geyimli erməni nümayişçilərinin ABŞ-ın Kaliforniya ştatında, Kanadada, Belçikada, Niderlandda və digər ölkələrdə azərbaycanlılara qarşı təcavüzkar əməllərə əl atması erməni diasporuna böyük zərbə vurdu. Ermənistanın Diasporla iş üzrə komissarlığının baş ofisində isə kadr dəyişikliklərinə gətirib çıxardı. Bir sözlə, Ermənistanın ağır məğlubiyyətini erməni diasporu və erməni lobbisi də bölüşməli oldu.

Hazırda lobbiçilik fəaliyyətinin genişləndirilməsi üçün soydaşlarımızın nüfuzlu siyasətçilər, parlamentarilər, ictimai xadimlər, KİV nümayəndələri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində addımlar atılır. Diaspor təşkilatları vasitəsilə beynəlxalq qurumlarda görüşlərin keçirilməsi, tarixi günlərimizlə əlaqədar konfransların təşkil olunması, xarici parlamentarilərin, ekspertlərin və jurnalistlərin Azərbaycana, xüsusilə də Ermənistanın 30 ilə yaxın işğalından azad edilmiş ərazilərimizə səfərlərinin təşkil olunması bu məqsədə xidmət edir. Bu istiqamətdə Azərbaycanın İsraildəki diaspor təşkilatları və dünyadakı yəhudi qurumları ilə birgə fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Son illərdə “bir millətin iki diasporu ola bilməz” devizi ilə hərəkət edən Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının birgə fəaliyyəti istiqamətində görülən işlər isə lobbiçilik və həmrəylik məsələlərinin daha səmərəli şəkildə həyata keçirilməsinə gətirib çıxaracaq.

Elə ölkəmizin dövlət büdcəsindən diaspor fəaliyyəti və lobbi quruculuğu ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün hər il ayrılan vəsaitlər də bundan xəbər verir. Həmin vəsaitlər xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, ölkənin tarixi və mədəni irsinin təbliği ilə bağlı tədbirlərin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, digər xalqların diasporları ilə əlaqələr və lobbi quruculuğu ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur.

Hazırda isə Dünya azərbaycanlılarının V qurultayına hazırlıq işləri aparılır. Bu, artıq Cənubi Qafqaz bölgəsində sülhü təmin edən, qüdrətli dövlətə çevrilməkdə olan qalib Azərbaycanı xaricdə təmsil edən diasporun tədbiri olacaq.

Xatirə SADİQ,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*