Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması istiqamətində işlər görülür. Bu addım iki ölkə arasında nəqliyyat sahəsində inteqrasiyanın daha da dərinləşməsinə xidmət edəcək. Maraqlıdır, bu təşəbbüs gələcəkdə digər türkdilli ölkələrə də yayıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, bu təşəbbüs qarşılıqlı əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Məsələnin mahiyyəti ondan ibarətdir ki, yaxın gələcəkdə birbaşa nəqliyyat vasitələrinin hərəkət etməsi — yəni Türkiyədən gələn avtomobillərin Azərbaycanda, eləcə də Azərbaycandan gedən nəqliyyat vasitələrinin Türkiyədə sərbəst hərəkəti üçün zəruri hüquqi və texniki işlər aparılmalıdır. Bu proses inteqrasiya olunmalıdır.”
Ekspertin sözlərinə görə, təşəbbüs həm də qayda pozuntularının qarşısının alınması və cərimələrin qarşılıqlı tanınması baxımından vacibdir:
“Burada məqsəd ondan ibarətdir ki, qayda pozuntusu və cərimə məsələlərində vahid reyestr yaradılsın”.
Aslan Əsədov əlavə edib ki, bu addımlar gələcəkdə nəqliyyat sahəsində inteqrasiyanın daha yüksək səviyyəyə çatdırılmasına şərait yaradacaq:
“Bu istiqamətdə atılacaq addımlar türkdilli dövlətlər arasında nəqliyyat əlaqələrinin inkişafı baxımından da mühüm olacaq. Azərbaycan və Türkiyə bu prosesdə öncül rol oynayır və gələcəkdə digər türkdilli ölkələrin də bu sistemə qoşulması istisna deyil.”
Aynurə İsmayıl
KONKRET.az
