“İşçinin əmək məzuniyyətindən geri çağırılması yalnız istisna hallarda mümkündür”.
Bu barədə hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında deyib.
O bildirib ki, məsələ Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 137-ci maddəsi ilə tənzimlənir.
Ramil Süleymanov
Hüquqşünasın sözlərinə görə, həmin maddədə işçinin məzuniyyətdən geri çağırılması hallarına konkret şəkildə toxunulmasa da, praktikada bu, istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz, zəruri işlərin görülməsi ilə əlaqədar mümkündür.
“Lakin belə hallarda belə, işçinin razılığı mütləq şəkildə əvvəlcədən alınmalıdır. Heç bir əsas olmadan və ya işçinin razılığı olmadan onu məzuniyyətdən geri çağırmaq olmaz. Proses mütləq əmr, sərəncam və ya qərarla rəsmiləşdirilməlidir və işçi bu sənədlə tanış olmalıdır”, – deyə hüquqşünas vurğulayıb.
Süleymanov əlavə edib ki, əgər işçi öz təşəbbüsü ilə də məzuniyyəti yarımçıq qoyaraq işə qayıtmaq istəyirsə, bu da qanunvericilikdə nəzərdə tutulur.
Onun sözlərinə görə, əmək məzuniyyətinin istifadə edilməyən hissəsi işçiyə sonradan təqdim oluna və ya bu hissəyə görə kompensasiya ödənilə bilər.
Aynurə İsmayıl
KONKRET.az