Diqqət! – Hədəfdə Azərbaycandır!backend

Diqqət! - Hədəfdə Azərbaycandır!

Cəmil MƏMMƏDLİ

Böyük bir savaş içərisindəyik. Bu savaş isə topla-tüfənglə deyil, soyuq, səssiz, gizli bir savaşdır. Bu savaşı anlamayanlar qəflətdə, anlamaq istəməyənlər isə zəlalətdədir.

Sanki bu savaş dövlətimizi və millətimizi, xalqımızı, ümumiyyətlə varlığımızı tarixdən silmək üçün amansızcasına öz hədəfinə doğru irəliləməkdədir.

Dost adı ilə bizə yanaşıb, içimizə soxulub, dəyərlərimizi məhv edirlər.

Dahilərdən kimsə demişdi ki, tarix, ondan dərs almadıqca təkrarlanır.

Niyyətimiz qəflət yuxusunda olanları oyandırmağa çalışmaq, zəlalətdə olanları çəkindirmək üçün əlimizdən gəldiyi qədər ictimai borcumuzu yerinə yetirməkdir. Məqsədimiz bizi yox sayaraq, yox etməyə çalışanların əsl üzünü ifşa etmək, milli birlik və dirilik içində hər cür maneələri dəf etməyə səy göstərərək, gələcəyimiz üçün faydalı ola biləcək nəsə bir iş görməkdir.

Bu sahədə əlbəttə ki, bizdən daha elmli, daha helmli, savadlı ziyalılarımız az deyil. Ancaq “su olmayanda torpaqla təyəmmüm etmək yetərlidir” buyruğundan cəsarətlənib, sinəmizi qabağa veririk.

Bəli, bu gün böyük və böyük olduğu qədər də gizli,sirrli, xəfif bir savaş içində, yaşamaq, varlığımızı qorumaq üçün əlləşirik. Bu savaşda bildiyimiz hərbi qaydalar, taktikalar yoxdur, silah-sursat yoxdu, insanın fiziki itkisi çox azdı, çünki…

Çünki bu savaşda yalnız psixoloji silahlar və vasitələrdən olan dağıdıcı fikirlər, zərərli duyğular və alışqanlıqlar əsas faktordur.

Soyuq savaşın bir çox növləri var. Bunlardan ən geniş yayılmış növ psixoloji savaş olsa da, bu savaşın digər növləri də mədəniyyət, informasiya, diplomatiya, iqtisadi və texnoloji savaşdır. Bu növlərin ən qorxulusu isə, məmləkətimizdə də yayılmış “informasiya cəhalətidir”.

İnformasiya cəhaləti və ya blokadası ilə hədəfə alınan ölkələr (məsələn Azərbaycan) xarici qüvvələrin istədikləri kimi istiqamətləndirilərkən, mədəniyyət savaşları ilə milli kimliklər pozulmaqda, iqtisadi savaşla iqtisadiyyat çökdürülməkdə, texnoloji savaşla texnologiyada irəliləyişlərin qarşısı alınmaqda, diplomatik savaşla xarici siyasət kursu linç edilməkdə, psixoloji savaşla da ölkənin müqavimət və mübarizə ruhu qırılaraq, təslimiyyət üçün münbit şərait yaradılır. Buna başqa sözlə ideoloji savaş da demək mümkündür.

Milli, dini və əxlaqi dəyərlər, millətləri və dövlətləri bir növ ayaqda tutan xüsusi təməl dəyərlərdir.

Düşmən hədəfə aldığı ölkəyə qarşı heç bir hərbi əməliyyat keçirmədən, müharibə elan etmədən, onların təməl və ya fundamental dəyərlərini yıxmaqla, həmin ölkəni daxildən çökdürə biləcəyini çox gözəl bildiyi üçün, medianın gücündən istifadə edərək, bu ölkələrdə qısa bir zamanda anarxiya, xaos və hətta terror olaylarını belə meydana gətirmək üçün durmadan çalışır.

Bu məqsədlə hədəfə götürülən bütün ölkələrdə xarici qüvvələrin nəzarətində olan və onların məqsədlərinə qulluq edən, fasiləsiz olaraq bu istiqamətdə operativ fəaliyyət göstərən media qurumları var. Müasir dövrdə olduqca geniş istifadə olunan sosial şəbəkələri də bu qurumlara əlavə etsək, mənzərə tam aydın görünür. Sosial şəbəkələrin isə böyük media alətlərindən olduğu məncə heç kəsə sirr deyil.

Bu media qurumları və alətləri hədəfdə olan hər bir ölkədə heç bir sərhəd, heç bir qanun tanımadan fəaliyyət göstərməyə çalışır. Halbuki ailə, dövlət və millət varlığını davam etdirmək üçün vacib olan qanun-qaydalar, onlara əməl olunması təməl prinsiplərdir.

Xarici qüvvələr öz ölkələrində qayda-qanunlara, az qala hərfbəhərf riayət edilməsinə, özlərinə məxsus təməl prinsiplərinə, adət-ənənəsinə ciddi nəzarət etməsinə baxmayaraq, hədəf seçdikləri ölkələrdə isə bu dəyərlərin əzilərək qanunları təsirsiz hala gətirmək üçün insan haqları və azadlıqlarından, demokratiyadan öz mənfəətlərinə uyğun istifadə edirlər. Belə ki, əxlaqsızlıq, narkomaniya, anarxiya, milli dəyərlərin çökməsi qanun-qaydaların təsirsiz mühitinin qaçılmaz nəticələridir. Beləcə xarici qüvvələr medianı və media alətlərini hədəf ölkələrə qarşı amansız bir silah kimi olaraq istifadə etməkdədir.

Bütün bu yazdıqlarımızın fonunda, bir də ölkəmizi düşünün. Soyuqqanlı olaraq yanaşdığımız istənilən mövzuda, bu ölkənin gələcəyinin böyük bəlalarla müşaiyət olunacağının “müjdəçilərini” görə bilərik.

Düşünün cənablar, düşünün!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*