Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini 0,25 baza bəndi azaldaraq illik 3,75-4 faiz aralığına endirib.
Qurum həmçinin, balans aktivlərinin azaldılmasını dekabrın 1-də başa çatdıracağını açıqlayıb. FED-in növbəti iclası isə dekabrın 9-10-da keçiriləcək.
Beləliklə görünən odur ki, FED-in qərarı ilə dollar ucuzlaşacaq.
Manatı nə gözləyir?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, FED-in qərarının manata heç bir təsiri yoxdur, milli valyutamız olduğu kimi öz fiks qiymətində qalacaq:
“Cari ilin əvvəlindən dünya iqtisadiyyatında əsas söz sahibi olan bir çox ölkənin mərkəzi bankları uçot dərəcəsini mərhələli şəkildə azalda-azalda gedir. Bu o deməkdir ki, postpandemiyanın inflyasiya sunami dalğası artıq nəzarət altına alınıb. Bu yaxşı haldır. Belə olan halda Azərbaycanda idxal inflyasiyası artıb. İstehlak etdiyimiz ərzaq və qeyri-ərzaq məhsullarının 70-80 faizini idxal etdiyimizdən, aydın məsələdir ki, prosesdə əsas rolu da məhz idxal inflyasiyası oynayır”.
Ekspert qeyd edir ki, manat üzən məzənnə rejimində olmadığından milli valyutamız həmin inflyasiya prosesinə adekvat reaksiya verə bilmir:
“Burada digər məsələlər baş verə bilər. Belə ki, dollar digər valyutalara qarşı ucuzlaşanda, manat da avro, funt sterlinqə qarşı anoloji şəkildə ucuzlaşacaq. Yəni FED-in qərarı fonunda manatla bağlı yalnız bu dəyişiklik baş verə bilər. Bu da dollar istisna olmaqla digər valyutalara qarşı üzən məzənnə rejimini tətbiq etməyimizlə bağlıdır”.

