Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün açıqladığı rəsmi valyuta məzənnələrinə görə, ABŞ dolları dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb. Maraqlıdır, ABŞ dollarının məzənnəsinin dəyişməməsi nəyə işarə edir?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib ki, dolların məzənnəsinin sabit qalması bir neçə iqtisadi göstəriciyə işarə edə bilər.
Ekspertin sözlərinə görə, bu, ilk növbədə valyuta bazarında sabitliyin qorunduğunu və iqtisadi göstəricilərin nisbətən stabil olduğunu göstərir.
“Eyni zamanda, Mərkəzi Bankın valyuta kursunu stabilləşdirmək üçün bazara müdaxilə etdiyi hallarda da dolların məzənnəsi dəyişməyə bilər.
Bundan əlavə, dolların məzənnəsinin sabit qalması tələb və təklifin balanslı olduğunu, xarici ticarət əməliyyatları və valyuta daxilolmalarının tarazlıqda olduğunu göstərir. Sabit məzənnə həm də bazar iştirakçıları üçün psixoloji rahatlıq təmin edir, investorlar və sahibkarlar üçün maliyyə planlamasını asanlaşdırır”.
Beləliklə, dolların məzənnəsinin dəyişməməsi valyuta bazarında stabilliyin, Mərkəzi Bankın effektiv siyasətinin və tələb-təklif balansının göstəricisi hesab olunur.
Aynurə İsmayıl
KONKRET.az