Dörd ölkə fəlakətin bir addımlığında – Siyahıda Azərbaycan da varbackend

Dörd ölkə fəlakətin bir addımlığında – Siyahıda Azərbaycan da var

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası (AES) region üçün ciddi narahatlıq mənbəyi hesab olunur. Seysmik zonada yerləşən bu stansiyanın ətraf mühitə və insan sağlamlığına mənfi təsirlər yarada biləcəyi bildirilir. Mütəxəssislərin fikrincə, bu təhlükə yalnız Cənubi Qafqazla məhdudlaşmır, eyni zamanda Türkiyə və Gürcüstan üçün də risk yaradır.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan AMEA prezidentinin texnologiya üzrə müşaviri Adil Qəribov deyib ki, Azərbaycan nümayəndə heyəti artıq 23 ildir bu məsələni beynəlxalq platformalarda gündəmə gətirir:

“Lakin səsimizi eşidən olmadı. Yalnız 2019-cu ildə Türkiyə təhlükənin ciddiliyini dərk etməyə başladı. Metsamor köhnə texnologiyaya malik birinci nəsil nüvə reaktorudur. Sonradan modernizasiya edilərək ikinci nəsil statusu qazanıb. Stansiya seysmik zonada yerləşir və burada istər təbii, istərsə də süni səbəblərlə hər hansı zəlzələ və ya hücum baş verə bilər. Bu zaman ətraf mühitə tonlarla parçalanmış və parçalanmamış nüvə materiallarının yayılması mümkündür. Çünki onların anbarında təxminən 20 ton nüvə yanacağı saxlanılır və reaktorun içində eyni miqdarda işlək yanacaq mövcuddur. İstənilən halda bu, ciddi təhlükə deməkdir”.

A.Qəribov bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertləri və Rusiya nümayəndələrinin iştirakı ilə stansiyada bu günə qədər 102 monitorinq aparılıb:

“Stansiyanın iş prinsipi ilə bağlı texniki qorxu yoxdur. Təhlükə daha çox müharibə və ya digər süni səbəblərlə bağlıdır. Belə bir hal baş verərsə, bu, yalnız Azərbaycan deyil, həmçinin Türkiyə və Gürcüstan üçün də ciddi nəticələrə yol aça bilər. Amma ən çox ziyan Ermənistana və xalqına dəyəcək”.

Ekspertin fikrincə, Metsamor AES Ermənistana enerji təminatı üçün lazım deyil:

“Onlar bunu nüvə ölkəsi statusunu qorumaq üçün saxlayır, tədqiqatlar aparır, texnoloji mövqeyini itirməməyə çalışır. Hazırda stansiyanın ikinci enerji bloku 440 meqavat gücə malik olsa da, təxminən 370–376 meqavat gücündə işləyir. Əgər hər hansı texniki problem aşkar olunmazsa, ekspertlər ona fəaliyyət üçün növbəti sertifikatları verirlər. Yəni AES daha 10 il işləməyə davam edə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*