“Dosta və düşmənə birliyimizin gücünü göstərdik” – Mustafa Şentopbackend

"Dosta və düşmənə birliyimizin gücünü göstərdik" - Mustafa Şentop

“Azərbaycanın İkinci Qarabağ müharibəsindəki böyük qələbəsi Türkiyə Böyük Millət Məclisinin açılışının 100-cü ildönümünə təsadüf edir”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Katibliyi və Azərbaycan Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpoziuma göndərdiyi videomüraciətdə söyləyib.

“Bu tədbir türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümünü qürurla qeyd etdiyimiz dövrə, eyni zamanda pandemiyanın azaldığı bir vaxta təsadüf edir”, – deyən parlament sədri bildirib:

“Türk dünyasında güclənən və inkişaf edən həmrəylik bizim üçün qürur mənbəyidir. Hamımız Hoca Əhməd Yəsəvinin nəvələriyik. Asiyadan Avropaya qədər insanlığa ədalət, təvazökarlıq və birlik anlayışı gətirən nəsillərin varisləriyik. Bizlər eyni dinə inanan, eyni dildə danışan, ortaq mədəniyyəti, tarixi olan 300 milyonluq ailəyik. Siyasətdən iqtisadiyyata, müdafiədən diplomatiyaya, təhsildən mədəniyyətə, turizmdən energetikaya bütün sahələrdə birlik, bərabərlik və həmrəyik nümayiş etdiririk. Xoşbəxtliyimiz əlaqələrimizi və əməkdaşlıqlarımızı genişləndirməkdə, inkişaf etdirməkdə, türk mədəniyyətinin əbədi olmasını təmin edəcək addımlar atmaqdadır.

Azərbaycanlı qardaşlarımız Qafqazın incisi olan Qarabağı işğaldan azad etmək üçün tarixi mübarizə apardı. Qardaşlarımız inancları, ürəkləri, cəsarətləri və qətiyyətləri ilə istiqlalın və istiqbalın ən böyük təminatı olduqlarını döyüş meydanından bütün dünyaya elan etdilər. 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlara və vətəndaşlara Allahdan rəhmət, ailələrinə, silahdaşlarına başsağlığı diləyirəm.

Türkiyə olaraq Vətən müharibəsinin əvvəlindən sonuna qədər qardaşlarımızın yanında olduq. Dosta və düşmənə birliyimizin gücünü göstərdik. Azərbaycanın 30 ildir qanlı işğal altında qalan əzəli torpaqlarını azad etməsi nəticəsində yaşadığımız coşqu aramızdakı qardaşlıq əlaqələrinin nişanələrindən biridir. Xoşbəxtik ki, bu gün Qarabağ səmalarını ay və ulduz bəzəyir. Şuşada bayram namazı qılınır. Azərbaycanın qazandığı tarixi zəfər nəticəsində regiondakı reallıq Cənubi Qafqazda daimi sülh və sabitlik, regional əməkdaşlıq üçün fürsətdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*