“Dövlət” məfhumunu anlamamaq, yoxsa dövləti lağa qoymaq? – “Danış, Əli, danış”backend

“Dövlət” məfhumunu anlamamaq, yoxsa dövləti lağa qoymaq? - “Danış, Əli, danış”

Əli Həsənov dünənə qədər rəhbər vəzifə tutduğu dövlətə hər kəlməsiylə eyham vurur?

Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənov bir neçə gün əvvəl 2 mühüm açıqlama verdi. Açıqlamaların məzmununa keçməzdən əvvəl, dövlətin yüksək kreslolarından birində oturmuş, ölkənin ictimai-siyasi mühitini və mediasını dizayn etmiş bir adamın “dövlət” məfhumuna göstərdiyi münasibət barədə bir neçə kəlmə deməliyik. Çünki onu yaxşı tanımasanız, bir vaxtlar ailəsinin “qürur duyduğu biznesinə” dair dediyi sözlərinin mahiyyəti də sizinçün qaranlıq qalacaq.

Bu adamın 25 illik dövlət məmuru karyerası məni həmişə heyrətə salıb. Türk və Qərb mətbuatındakı yazılarımda, Türkiyənin televiziya kanallarındakı çıxışlarımda onun açıqlamalarını misal gətirəndə, ya xeyli insan zəng edib onun sözlərinin mənasını izah etməyi xahiş edib, ya da TV kanallarındakı aparıcılar və həmkarlarım onun açıqlamalarının məzmununu bir daha təkrarlamağımı istəyiblər. Məsələn, 2005-2008-ci illərdə “Kanaltürk”də (o vaxtkı sahibi indi Cümhuriyyət Xalq Partiyasının İzmir milət vəkili, dostum Tuncay Özkan idi) əcnəbi jurnalistlərlə çıxış etdiyimiz “Kiosk” proqramında Əli Həsənovun “Andreas Gross həftələrlə hamama getmir”- sözünü Azərbaycanın Avropa Şurası ilə münasibətləri kontekstində misal çəkəndən sonra başda “İrish Times”ın müxbiri Nicholas Birch olmaqla, Dirk Vermeiren (Belçika), Jarom Bastion, Andreas Rambopoulos və başqa dostlarım Türkiyədən gedərkən xudahafizləşəndə “Gross həftələrlə hamama getmir”- sözlərini mənə xatırladıb, Əli Həsənovdan müsahibə almalarına kömək etməyimi istəmişdilər. O vaxt əməkdaşlıq etdiyim “Azadlıq” radiosunun saytına yazdığım yazılarda Əli Həsənov adının şifrəsi də “Gross həftələrlə hamama getmir”- kəlamının müəllifi” idi. Türkiyədəki çıxışlarında içi, tamamilə boş, hər cümləsini tamamlaya bilmədən növbəti cümləyə keçəndə dövlətim adına üzülmüşdüm ki, belə bir adama bu qədər yüksək kreslonu necə veriblər? Axı bunun ağıl tarazlığı belə, şübhə oyandırır? (bunu sübüt etmək üçün əlimdə istənilən qədər səs yazısı və sənəd var).

Bu məcburi ön söz Əli Həsənovun bir neçə gün əvvəlki açıqlamasına baxıb onu daha yaxşı tanımağınız üçün beyin gimnastikası idi. “Ailə üzvlərimin biznesiylə qürur duyuram”- sözləri bir daha gündəmə gələndən sonra bu adam nə deyib? Dövləti lağa qoyub. Necə? Buyurun: “Oğlum şirkətləri təhvil verib”.

İllərdən bəri yazdıq, tənqid etdik ki, başda Ramiz Mehdiyev olmaqla, ya bunların “dövlət” məfhumunun mahiyyətindən xəbərləri yoxdur, ya da dövlət idarəçiliyinin məsuliyyəti bunların vecinə deyil. Böyük ehtimalla, birinci variant düzdür. Çünki bunlar “dövlət”in nə olduğunu bilmədiklərinə görə məsuliyyətsiz davranmağa da normal baxırlar. “Oğlum şirkətləri təhvil verib”- sözləri bunu göstərir. Buyurun:

1. Prezidentin köməkçisi olduğu vaxtlarda ailə üzvlərinin astronomik miqdarda sərvəti ortaya çıxarılan Əli Həsənov dünyada heç bir dövlət məmurunun nümayiş etdirə bilməyəcəyi cəsarətlə “Ailə üzvlərimin biznesiylə qürur duyuram”- deyə dövlətə meydan oxumuşdu. Bir neçə gün əvvəl isə “Oğlunun o şirkətləri təhvil verdiyini” deyib. Sual olunur: bəs Əli Həsənovun “qürur duyduğu biznes” onun ailəsinə məxsus deyildimi? Deyildisə, elə bir açıqlamanı necə vermişdi? O biznes başqasının idisə, Prezidentin köməkçisi onunla necə qürur duyurdu? Yoxsa müvəqqəti də olsa, başqasının biznesinə əl qoyub ailəsinə vermiş, sonra qürur duymuşdu? Bu ki banditizmdir, necə edə bilmişdi? Yox, əgər ailəsi başqasının biznesinə menecerlik edirdisə, Əli Həsənov başqasının şirkətlərinə necə “Ailəmin biznesi” deyə bilmişdi? Başqasının biznesini zorla ələ keçirmişdisə, bunun Cinayət Məcəlləsindəki adı “banditizm”dir, ağır cəzası var. Başqasının biznesinin ailəsi tərəfindən idarə edilməsi normaldır, ancaq o halda “Ailə üzvlərimin biznesi” deməməliydi. Əli Həsənov kələfin ucunu elə qarışdırıb ki, açmaq üçün 750 falçı, bu zehniyyətdəki birinə “dövlət adamı” demək üçün isə 7.5 milyard şahid lazımdır.

2. Əli Həsənovun “qurur duyduğu ailə biznesi”ni oğlu kimə təhvil verdi? Niyə açıq danışmır? Yenə də fərqində deyil ki, açıq və dəqiq danışmayaraq dövləti lağa qoyur? 25 il dövlətin yüksək kreslosunda oturmuş bu adamın ailəsi kimin biznesini idarə edirdi ki, Əli Həsənov o bizneslə qürur duyduğu halda indi oğlu o biznesi “təhvil verib?” Kimə, nə üçün, oğlu o şirkətləri satıb, yoxsa pulsuz və könüllü təhvil verib? Könüllü təhvil veribsə, bir insanın, ailənin öz sərmayəsi, öz zəhmətiylə qurduğu biznes başqasına könüllü şəkildə necə təhvil verilə bilər? Yoxsa bizim xəbərimiz yoxdur, o biznesi oğlundan qorxudub alıblar? Axı belə şey mümkün olmamalıdır, dövlətin yüksək kreslosunda oturmuş Əli Həsənov öz ailəsinin dünənə qədər “qürur duyduğu” biznesini necə müdafiə edə bilməz? Yoxsa, Əli Həsənov dünənə qədər rəhbər vəzifə tutduğu dövlətə hər kəlməsiylə eyham vurur?

3. Bəlkə Əli Həsənovun ailə üzvlərinin “qürur duyduğu” biznesinə dövlət əl qoyub? Bu, o vaxt mümkün olar ki, o ailə “qürur duyulan” biznesini böyütmək üçün dövlətin banklarından kredit alıb geri qaytarmasın və ya Mərkəzi Bankın təminat məktubuyla xaricdən kredit alıb qaytarmaqda çətinlik çəksin. O halda dövlətin Əli Həsənovun “qürur duyduğu” ailə şirkətlərinə əl qoymağa 100% haqqı var. Belədirmi? Belədirsə, Əli Həsənov niyə bunu açıqlamayaraq, dünənə qədər yüksək kreslosunda oturduğu dövlət barədə şübhə yaradır? Ümumi nəticədə Əli Həsənovun yaxın keçmişə qədər “qürur duyduğu” ailə biznesini idarə edən xanımı, oğlu müflis oldularımı? O “qürur duyulan” biznes kimə və nə üçün təhvil verildi?

Əli Həsənovun açıqlamasının “Keçmişə dair müzakirə aparmağa həvəsim yoxdur” – bölümü barədə sualları isə növbəti yazıda verəcəyik. Bu yazıya, “Danış,Əli Həsənov, danış”- deyə başlamışdıq. Hələlik, “Bağır, Əli Həsənov,bağır”- deyə bitirək. Sonrası Allah kərimdir. Türkiyədə deyildiyi kimi, “Ya herro, ya merro”…

Mayis Əlizadə

Dominant.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*