Dövlət vətəndaşın yanındadır. Bəs vətəndaş dövlətin yanında niyə olmasın?!backend

Dövlət vətəndaşın yanındadır. Bəs vətəndaş dövlətin yanında niyə olmasın?!

Nurəddin Mehdiyev

Nurəddin Mehdiyev: “Bütün tədbirlərin dövlət tərəfindən görülməsi kimi standart yanaşmanın nə qədər səhv və zərərli olduğunun idrakına varmalıyıq. Dövlət vətəndaşın yanındadır. Bəs vətəndaş dövlətin yanında niyə olmasın?! Bu dövlət mənim, sənin və hamımızındır”.

KONKRET.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında prezidentin çıxışına öz münasibətini bildirib:

“Prezident İlham Əliyevin 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı bir daha göstərdi ki, Azərbaycan dövləti bütün çətinliklərə baxmayaraq öz vətəndaşının yanındadır. Bu sayca 5-ci modul tipli xəstəxanadır. Artıq ikisi Bakıda, ikisi Sumqayıt və Gəncə şəhərlərində, biri isə Abşeron rayonunda olmaqla 5 xəstəxana istifadəyə verilmişdir. Bu xəstəxanalar ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək və onların sayı 10-a çatdırılacaq. Bu açılışlar heç də sadə olmayan dövrdə, pandemiya dövründə baş tutur. O dövrdə ki, ölkələr arasında əlaqələr demək olar ki, kəsilmişdir, müasir tibbi avadanlıqların gətirilməsi çətinləşmişdir, koronavirusla mübarizədə qabaqcıl tibbi avadanlıqlar istehsal edən ölkələrin başı özünə qarışmışdır. İstehsalçı ölkələr tibbi avadanlıqları satmır, özləri üçün saxlayırlar.

Bax, bu çətin dövrdə Azərbaycan dövləti yeni xəstəxanalar tikir, olkə rəhbərliyinin dünyadakı şəxsi nüfuzu sayəsində bu xəstəxanalar ən müasir avadanlıqlarla təmin olunur. Ölkəmiz üçün 23 yeni laboratoriya alınmışdır. Ölkədə 700-dən artıq xəstəxanaların tikilmiş və ya yenidən qurulmuşdur. Prezident İlham Əliyev haqlı olaraq deyir ki, “əgər son illər ərzində mənim göstərişimlə ölkəmizin hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Modul tipli xəstəxanaların tikintisi ilə əlaqədar qərar aprel ayında qəbul edilmişdir. O vaxt xəstələrin sayı kifayət qədər az idi. Eyni zamanda, yəqin ki, xatırlayırsınız, aprel ayında xəstələnənlərin və sağalanların arasında fərq müsbət idi. Daha çox insan sağalırdı, nəinki xəstələnirdi. Amma buna baxmayaraq, hesab etdik ki, əlavə çarpayıların əldə edilməsi də faydalı ola bilər. Həyat göstərdi ki, bu nə qədər düzgün qərar idi.”

Bütün bunlar onun göstəricisidir ki, qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olmuşdur. Həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu. Çünki Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır.

Ölkə başçısı 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışındakı nitqində vətəndaşı ilə açıq və səmimi söhbət etdi. Dünyanın bəzi ölkələrndə daha çox yumşaldıcı tədbirlərin görülməsinin səbəbi iqtisadi sahədə olan problemlər olduğunu vurğuladı. Sözsüz ki, pandemiya Azərbaycan iqtisadiyyatına da zərbə vurdu. Neftin qiymətinin düşməsi, turizm sektorunun demək olar ki, iflic vəziyyətdə olması, bir neçə digər sektorların işinin dayanması ilin əvvəlindən start götürmüş uğurlu iqtisadi inkişafımıza mənfi təsir göstərdi. Bütün bunlara baxmayaraq dövlət şüurlu şəkildə məhdudlaşdırıcı tədbirlərə getdi. Bunun da yeganə məqsədi vətəndaşı qorumaq idi. Məhdudlaşdırıcı tədbirlərlə əhalinin sağlamlığını düşünməsi ilə yanaşı, dövlət həm də onların sosial vəziyyətini də düşündü. 600 mindən çox insan lazım olan vəsaitlə təmin edildi, işini itirmiş, aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlara dövlət öz köməyini göstərdi, heç bir sosial layihə ixtisar edilmədi.

May ayının əvvəlində məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasında da dövlət vətəndaşını düşündü. Koronavirusa yoluxma halının sağalmadan daha az olması da burada öz rolunu oynamışdı. Dövlət hər bir vətəndaşının rahat və normal həyatına qayıtmasında əlbəttə maraqlıdır. Lakin olmadı. Olmadı ona görə ki, vətəndaşların bir çoxu həmrəylik göstərərək dövlətinin yanında olmasına baxmayaraq, bir çoxları da elementar qaydalara riayət etmədi, məsuliyyətsizlik nümayiş etdirdi. Nəticə göz qabağındadır. Dövlət üzərinə düşən öhdəlikləri yerinə yetirdi. Bəs vətəndaşlar? Son müddətin dinamikası göstərir ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Maska taxmır, məsafə saxlamır və dezinfeksiya etmirlər. Bu halda yoluxmanın artması qaçınılmazdır. Yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə dövlət yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə məcbur oldu. Cünki Azərbaycan dövləti və onun başçısı iqtisadiyyatdan daha çox vətəndaşının sağlamlığını düşünür və sərtləşdirilmiş tədbirlərin yeganə məqsədi əhalinin sağlamlığını qorumaqdır. Prezident İlham Əliyevin təbirincə desək, “dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik. Bu məqsədlər üçün istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik. Amma gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər.Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq.”

Prezident haqlı olaraq məsuliyyətsizlik edən vətəndaşlara qarşı ictimai qınağın olmasının vacibliyini qeyd edir: “Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək.” Pandemiya ilə əlaqədar ölkəmizin qarşılaşdığı vəziyyəti milli təhlükəsizlik məsələsi kimi qiymətləndirən prezident İlham Əliyev dövlət, yerli icra, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olunmasının zərurliyini qeyd edərək, bir daha vətəndaşını düşündüyünü nümayiş etdirdi.

Nurəddin Mehdiyev bldirdi ki, koronovirus təhlükəsinə qarşı mübarizədə hər birimizin üzərinə vəzifə düşür. Düşüncəmizi bəsit səviyyəyə endirməyək, bütün tədbirlərin dövlət tərəfindən görülməsi kimi standart yanaşmanın nə qədər səhv və zərərli olduğunun idrakına varaq. Dövlət vətəndaşın yanındadır. Bəs vətəndaş dövlətin yanında niyə olmasın?! Bu dövlət mənim, sənin və hamımızındır.

  • Soltan soltanov
    İyul 7, 2020 - 15:49

    Mən həmişə dövlətimin ya ındayam. Amma indi səhv qərarlara görə işimdən olmüşam. Əyər devlətimizçin mənim qədər canınız yanırsa mənimlə əlaqə saxlayın sizə sübut edimki millət niyə devlətimizdən narazı qalir… Hal hazırda taksi fəaliyyəti ilə məşğulam. Amma mənim kimi vergi verənlər hamısı işdən dayandırılıb. İşləyənlərə başqa yollar ilə portaldan keçib fərqlənməsiz işləyənlərin… 0703857231

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*