Miladdan əvvəl V-IV əsrlərdən başlayaraq əvvəlcə ölkənin iqtisadi və mədəni həyatında, daha sonra isə həm də siyasi həyatında çox mühüm rol oynayan, eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ qədim Azərbaycan dövləti olan Albaniyanın ilk paytaxt şəhəri olub. Alban hökmdarlarının baş iqamətgahı orada yerləşib. I əsr müəllifi Böyük Pilininin “Təbii tarix” əsərində “Kabalaka”, II əsr müəllifi Klavdi Ptolemeyin “Coğrafiya dərsliyi” əsərində “Xabala” kimi adı çəkilən Qəbələnin adı orta əsr mənbələrində də tez-tez xatırlanıb.
Xalq arasında Güllütala, Səlbir və Qala adı ilə tanınan üç əsas hissədən ibarət olan qədim Qəbələ şəhərinin qalıqları 70 hektardan artıq ərazini əhatə edir. Hansı ki, 1926-cı ildən başlayaraq orada davamlı olaraq arxeloji tədqiqatlar aparılır. 2009-cu ildən etibarən Azərbaycan arxeoloqları ilə yanaşı, Cənubi Koreya alimləri də Qəbələ tarixinin arxeoloji cəhətdən araşdırılmasında bilavasitə iştirak edirlər. Çoxillik və genişmiqyaslı tədqiqatlar nəticəsində qədim paytaxt şəhərinin tarixinin bir sıra çox mühüm istiqamətlərinə dair, o cümlədən Qəbələnin ən azı eramızdan əvvəl V əsrdən etibarən şəhər kimi mövcudluğunu təsdiqləyən zəngin tapıntılar əldə olunub. Bu tapıntılar Azərbaycanın qədim dövlətçilik tarixinin və şəhər mədəniyyəti ənənələrinin dərindən və hərtərəfli öyrənilməsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir.
Qəbələnin yaşını və dövlətçilik tariximizdəki yerini müəyyənləşdirmək baxımından Antik Qəbələ kimi tanıdığımız Güllitala ərazisində arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş bir neçə çox mühüm ictimai bina qalığını xüsusi olaraq qeyd etmək istərdik. Bunlardan birincisi, ötən əsrin 60-70-ci illərində aşkar olunan və sahəsi 587 kvadratmetr olan ictimai binanın qalıqlarıdır. Bünövrə hissəsi çay daşı, divarları çiy kərpiclə hörülmüş bu binanın üstü iri ölçülü saxsı kirəmitlərlə örtülüb. Xatırladaq ki, iri ölçülü saxsı kirəmitlərlə örtülən belə nəhəng ictimai bina o dövr üçün nəinki Cənubi Qafqaz, bütövlükdə Avrasiya məkanı üçün nadir tikinti hesab olunurdu. Orada aşkar edilən və qədim Yunanıstandakı ippodromları, Roma anfiteatrları və Misirin İskəndəriyyə şəhərindəki məktəb binalarını xatırladan üç ədəd oval formalı nəhəng tikinti də böyük maraq doğurur. Məlumat üçün bildirək ki, hələlik nə Qafqazda, nə də Yaxın və Orta Şərqdə antik dövrə aid bunlara bənzər tikili qalıqları tapılmamışdır.
Tədqiqatlar davam etdirilərkən orada həmçinin e.ə. IV-III əsrlərə aid çox nəhəng ərzaq anbarının qalıqları aşkar olunub. Tədqiqatçıların fikrincə, 200 ədəddən çox irihəcmli təsərrüfat küpündən ibarət bu anbarda əvvəlcə çaxır, daha sonra qoz, fındıq və taxıl saxlanılmışdır. Buradan da belə nəticə hasil olur ki, qəbələlilər indi olduğu kimi, 2500 il bundan əvvəl də taxılçılıq, heyvandarlıq, bağçılıq, üzümçülük və şərabçılıqla məşğul olmuşlar. Maraqlıdır ki, Cənubi Qafqazın digər yerlərində hələlik buna bənzər abidə aşkar edilməyib. Belə nəhəng ərzaq anbarının mövcudluğu, sözsüz ki, Qəbələnin hələ e.ə. IV əsrdə böyük şəhər olduğundan xəbər verir. Çünki belə ümumşəhər əhəmiyyətli nəhəng ərzaq anbarları yalnız böyük şəhərlərdə ola bilərdi.
Antik Qəbələdə axtarışlar zamanı iri tikintilərlə yanaşı, şəhərin təsərrüfat, məişət və mədəni həyatını əks etdirən çoxsaylı digər maddi mədəniyyət qalıqları da aşkar olunmuşdur. Tapıntılar içərisində rəngarəng çeşidli keramika məmulatı, nəfis bəzək əşyaları, Roma, Parfiya və Albaniyada kəsilmiş gümüş pullar, Gürcüstanda zərb olunmuş qızıl pul, ticarət və mədəni əlaqələr yolu ilə gətirilmiş nadir əşyalar da tapılmışdır. Şəhər yaxınlığında tapılmış dəfinələrdən birində isə 700-dən çox gümüş sikkə qeydə alınmışdır. Dəfinədəki ən qədim gətirilmə sikkələr Makedoniyalı İskəndərin draxmaları və Frakiya çarı Lisimaxın tetradraxmalarıdır. Gətirilmə sikkələrin böyük bir qismi e.ə. 187-129-cu illərdə hakimiyyətdə olmuş Selevki hökmdarlarının tetradraxmalarıdır. Dəfinədəki sikkələr araında bir neçə Parfiya sikkələri və 5 Yunan-Baktriya tetradraxması da qeydə alınıb. Dəfinədəki yerli alban pullarından 3-ü Selevki tetradraxmalarına, 500-dən çoxu Makedoniyalı İskəndərin draxmalarına bənzədilməklə zərb olunub. Həmin tapıntıar sübut etdi ki, bəzi antik müəlliflərin guya albanların pul tanımadığı və yalnız natural mübadilə vasitəsilə həyat sürdüyü barədə yazdıqları həqiqət deyil. Başqa sözlə, albanlar, nəinki pul tanıyırdı, hətta özlərinin zərb etdiyi pullar da kifayət qədər idi. Bütün bunlar isə Antik dövrdə Qəbələdə kifayət qədər yüksək inkişaf səviyyəsi ilə səciyyələnən izdihamlı şəhər həyatı olduğundan xəbər verir.
Qəbələ Antik dövrdə olduğu kimi, Orta əsrlərdə də çox mühüm ticarət və sənətkarlıq mərkəzi olaraq qalmaqda idi. Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri orada daşişləmə, metalişləmə, sümükişləmə, ağacişləmə, dulusçuluq, şüşə istehsalı, zərgərlik, boyaqçılıq, dabbaqlıq, toxuculuq və bir sıra digər sənət sahələrinin geniş inkişafından xəbər verir.
Maraqlıdır ki, tədqiqatlar zamanı Qəbələnin Qala və Səlbir ərazilərində də Antik dövrə aid tapıntılar aşkar olunmuşdur. Məsələn, 1974-1978-ci illərdə Səlbirin cənub-qərb küncündə tədqiqat aparılarkən orada eradan əvvəl I əsrə aid çay daşından inşa edilmiş möhtəşəm qala bürcü aşkar edilmişdir. Hündürlüyü 14 metr olan və XI əsrədək şəhərin müdafiə sisteminə xidmət etmiş bu düzbucaq formalı bürc yonulmuş çay daşı və əhəng məhlulu ilə tikilib. Ondan bir qədər şimal tərəfdə isə e.ə. I əsrə aid edilən, uzunluğu 35 metr, hündürlüyü 1 metr, qalınlığı 2,4 metr olan daha bir divar qalığı aşkar olunmuşdur.
2008-2009-cu illərin tədqiqatları zamanı isə şəhərin Qala adlanan ərazisinin cənub-şərq tərəfində, Covurlu çayının kənarında da e.ə. I – bizim eranın I əsrlərinə aid qala divarının qalıqları aşkar olunub. 2010-cu ildə Cənubi Koreyadan olan mütəxəssislər də şəhərin Səlbir ərazisinin şimal və qərb kənarlarında analoji divar qalıqları üzə çıxarıblar. Bu tapıntılar bir daha deməyə əsas verir ki, “Albaniyanın baş şəhəri” olan Qəbələnin adının Antik mənbələrdə çəkildiyi dövrdə Səlbir və Qala ərazisində ətrafı möhtəşəm qala divarları ilə möhkəmləndirilmiş şəhər mövcud olub.
Bəzi tədqiqatçılar 461-ci ildə paytaxtın (əslində isə Sasani mərzibanın iqamətgahının) Bərdəyə köçürülməsini ölkənin iqtisadi və siyai həyatında Qəbələnin mövqeyinin zəifləməsi ilə əlaqələndirməyə səy ediblər. Halbuki bu cür düşünmək üçün heç bir ciddi elmi əsas yoxdur. Yəni çoxillik arxeoloji tədqiqatlar göstərir ki, Qəbələdə V əsrdən sonra da intensiv şəhər həyatı davam edib. Şəhərin Qala və Səlbir hissəsində aşkar edilən ən möhtəşəm tikintilər, o cümlədən bu günədək öz əzəmətini qoruyub saxlayan cənub qala divarları və bürcləri də məhz V əsrdən sonrakı dövrdə inşa edilib. Arxeoloji materialların təhlili göstərir ki, V əsrdən sonrakı dövrdə Qəbələnin dünyanın bir çox ölkələri və iri ticarət mərkəzləri ilə mədəni-iqtisadi əlaqələrinin miqyası da nəzərəçarpacaq dərəcədə genişlənib. Şəhər xarabalıqlarında və onun ətrafında aparılan tədqiqatlar zamanı tapılmış çoxsaylı sikkələr, Çindən, İrandan, Roma imperiyasından gətirilmiş rəngarəng çeşidli maddi mədəniyyət nümunələri də bunu təsdiq edir.
Bütün bunlar onu göstərir ki, Sasani mərzbanının iqamətgahının Bərdəyə köçürülməsi heç də Qəbələnin ölkənin əsas şəhəri olmaq funksiyasını itirməsinin nəticəsi kimi izah oluna bilməz. Əksinə, həm yazılı mənbələr, həm də arxeoloji tədqiqatların nəticələri Qəbələnin V əsrdən sonrakı dövrdə də intensiv inkişafından, ölkənin iqtisadi, mədəni və siyasi həyatında onun daha fəal iştirakından xəbər verir. Elə isə mərzbanlığın mərkəzi hansı zərurət nəticəsində ölkənin əsas şəhərindən aran ərazidə yerləşən Bərdəyə köçürülüb? Fikrimizcə, bu, hər şeydən öncə, Mehranilərin timsalında Girdiman vilayətinin hərbi-siyasi cəhətdən güclənməsi və faktiki olaraq onun Sasani İranından asılı olmaması ilə əlaqədardır. Bütün bunları əsas götürərək belə bir qənaətə görə bilərik ki, 461-ci ildə qədim Azərbaycan dövləti olan Albaniyanın paytaxtı deyil, sadəcə Sasani mərzbanının iqamətgahı Qəbələdən Bərdəyə köçürülüb.
Qəbələ ayrı-ayrı tarixi dövrlərdə Sasani və Bizans imperiyaları, Ərəb xilafəti və Xəzər xaqanlığı ordularının, habelə şimaldan köçərilərin Albaniya ərazilərinə olan dağıdıcı hücum və basqınları zamanı dəfələrlə çox ciddi dağıntılara məruz qalıb. Monqolların, Teymurilərin və Qızıl Orda birləşmələrinin Albaniyaya olan yürüşləri və ərazidə baş vermiş hərbi toqquşmalar zamanı Qəbələyə dəfələrlə çox ciddi ziyan dəyib. Lakin bütün bu dağıntılara baxmayaraq, şəhər yenidən dirçələrək XVIII əsrin əvvəllərinədək ölkənin iqtisadi, siyasi, hərbi, dini və mədəni həyatında mühüm rol oynamaqda davam edib.
Əfsuslar olsun ki, Azərbaycan Çar Rusiyası və Sovet imperiyasının tərkibində olduu illərdə də Qəbələ dəfələrlə çox ciddi dağıntılara məruz qalıb. Sovet hakimiyyətinin ilk illərində şəhərin cənub qala divarları rus hərbçiləri tərəfindən partladılıb. 1977-ci ildə Qəbələ radiolokasiya stansiyası tikilərkən milliyyətcə erməni olan mütəxəssislər tərəfindən yüksək gərginlikli elektrik xəttinin bilavasitə qədim şəhər ərazisindən keçməsi layihələşdirilib. Arxeoloq alimlərin ciddi etirazlarına baxmayaraq, şəhər ərazisinə ağır texnika gətirilərək orada bir neçə yerdə elektrik dirəkləri üçün yer qazılıb, beləliklə də qədim şəhər növbəti dəfə çox ciddi dağıntı qarşısında qalıb.
Lakin Ümummilli lider Heydər Əliyev Qəbələ ətrafında baş verənləri dərindən araşdıraraq, məsələni Azərbaycan KP MK-nın büro iclasının müzakirəsinə çıxarmaq barədə tapşırıq verib. Ulu öndərin tapşırığı ilə təşkil olunmuş Dövlət Komissiyasının hazırladığı arayış Mərkəzi Komitənin 17 yanvar 1978-ci il tarixli iclasında geniş müzakirə olunub və abidənin qorunmasına laqeyd münasibət göstərən cavabdeh şəxslər ciddi cəzalandırılıb, az sonra isə Qəbələ respublika hökumətinin qərarı ilə Dövlət qoruğu elan olunub. Şəhəri sel sularının dağıdıcı təsirindən xilas etmək məqsədilə beton bəndər tikilib. Ölkə rəhbərliyinin birbaşa qayğısı sayəsində Qəbələdə arxeoloji tədqiqatların yeni mərhələsi başlanıb.
Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq ölkədə hökm sürən xaos və hərc-mərclik zamanı Azərbaycanın digər yerlərində olduğu kimi, Qəbələdə də arxeoloji tədqiqatlar dayandırılıb. Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra orada yenidən elmi axtarışlara start verilib.
Minnətdarlıq hissi ilə bildiririk ki, bu gün qədim paytaxt şəhərimiz olan Qəbələ bir növ Cənubi Qafqazın ən geniş və ən müasir arxeoloji tədqiqatlar laboratoriyasına çevrilib. Ölkə Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə 22 sentyabr 2014-cü ildə açılışı olan Qəbələ Arxeoloji Mərkəzi bu gün uğurla fəaliyyət göstərməkdədir. Qəbələ Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Qədim İpək Yolu üzərində yerləşən bu tarixi məkanın hər bir guşəsində ən müasir xidmət infrastrukturlarının mövcudluğu, yeni salınmış yollar, körpülər və istirahət ocaqarı təbiəti etibarı ilə Cənubi Qafqazın mirvarisi olan qədim Qəbələni daha da cazibədar edib. Azərbaycan Respublikası Prezidentinin sərəncamları, göstərişləri, qayğı və tövsiyələrinə uyğun olaraq həyata keçirilən tədbirlər sayəsində son illər qədim Qəbələ ilə müasir Qəbələnin qeyri-adi, özü də son dərəcə uğurlu harmoniyası timsalında Cənubi Qafqazda həm də insanları getdikcə daha çox özünə cəlb edən ecazkar arxeoloji-turizm mərkəzi formalaşıb.
Səkkiz yüz ildən artıq bir müddət ərzində Albaniyanın – qədim Azərbaycan dövlətinin baş şəhəri – paytaxtı olmuş qədim Qəbələ ən azı 2500 ildir ki, xalqımızın zəngin və şərəfli tarixini özündə yaşadır. Hesab edirik ki, bu şərəfli tarixi əbədiəşdirmək, onu daha dərindən və hərtərəfli araşdırmaq naminə Qəbələnin 2500 illiyini dövlət səviyyəsində qeyd etmək ümumi işin xeyrinə olar. Bu, Qəbələnin timsalında Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini və bugünkü dinamik inkişafını növbəti dəfə bütün dünyaya nümayiş etdirmək yolunda uğurlu bir addım olar.
P.S. Xatırladım ki, bu məsələ ilə bağlı artıq on ildən artıqdır ki, Akademiyanın rəhbərliyinə, Mədəniyyət Nazirliyinə, hətta Prezident Administrasiyasının müvafiq şöbəsinə təkrar-təkrar müraciətlərim olub. Bununla bağlı dəfələrlə respublikanın rəsmi mətbuat orqanlarında, televiziya və radiolarda çıxışlarım olub. Üstəlik qədim paytaxt şəhərimizin 2500 illik tarixinin elmi cəhətdən əsaslandırılması və yubileyin keçirilməsi ilə əlaqədar tələb olunan bütün sənədlər paketini də tam olaraq hazırlayaraq aidiyyəti elmi idarə və dövlət qurumlarına təqdim etmişəm. Əfsuslar olsun ki, bütün bu səylərim heç zaman təsəvvürə gətirə bilməyəcəyim dərəcədə biganəliklə qarşılanmaqdadır. Anlaya bilmirəm, bu dərəcədə biganəlik mənim timsalımda bir elm adamının müraciətinə olan saymazlıqdır, qısqanclıqdır, yoxsa, sadəcə Qəbələyə, bütövükdə tarixi-mədəni dəyərlərimizə olan biganəlikdir?!!
Anlaya bilmirəm, dövlətçilik tariximizə də bu dərəcədə biganəlik olar?! Yəni, ömrünün 45 ildən çox bir dövrünü Qəbələnin tədqiqinə həsr etmiş alim olaraq mən daha nə etməli idim, kimlərə, hansı ünvanlara müraciət etməli idim?! Erməni tarixçiləri və siyasiləri uzun illərdir ki, qədim Azərbaycan dövləti olan Albaniyanın tarixini, o cümlədən 800 ilə yaxın bu dövlətin baş şəhəri olmuş Qəbələnin tarixini saxtalaşdırmaq istiqamətində bütün çirkin vasitə və üsullardan istifadə etməklə həyasızcasına “mübarizə” aparırlar. Bu əlbəttə, başadüşüləndir. Çünki erməni düşməndir. Bəs özümüzkülərin bu məsələyə münasibətdə mövqeyini və mövqesizliyini nə ilə izah edək?!
Qafar Cəbiyev,
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
baş elmi işçisi, Qəbələ Beynəlxalq arxeoloji ekspedisiyasının
rəisi, tarix elmləri doktoru, professor,
əməkdar jurnalist
Yazını oxuyarkən tarixlə az-çox maraqlanan bir şəxsı kimi bir sıra ziddiyyətli fikirlərə rast gəldim və təəssüf etdim. Birincisi, Bərdənin V əsrdən Albaniyanın paytaxtı olduğunu bilmək üçün güclü tarixçi olmağa ehtiyac yoxdur. Bunun üçün o dövrlə bağlı azı 7-8 faktı bilmək də kifayət edər. İkincisi, V əsrdən sonra da Qəbələnin paytaxt olaraq qalmasını məhz onun şəhər kimi inkişafı, mədəni və ticarət əlaqələri ilə əlaqələndirmək doğru fikir deyil. Hər bir şəhər və ya dövlət əvvəlki ənənələri üzərində də inkişafını davam etdirə bilər. Yəni bunun üçün mütləq paytaxt olmaq vacib deyil. Alim Qəbələnin V əsrdən sonrakı ancaq iqtisadi inkişafından danışsa da, hərbi-siyasi mövzuda bir kəlmə də yazmayıb. Halbuki, hər bir dövlətin paytaxtı həmişə onun siyasi mərkəzi olub. Əvəzində isə alim məhz Bərdənin hərbi-siyasi qüdrətini qeyd edir. Əgər ölkənin hökmdarının iqamətgahı Qəbələdə yerləşərkən o şəhər paytaxt sayılırdısa, Bərdədə yerləşərkən əvvəlki şəhər necə paytaxt olaraq qala bilərdi? Tarixdə Bərdə kimi başqa şəhərlərlə paralel inkişaf edən, yüksəliş dövrü keçirən, həm hərbi-siyasi, həm iqtisadi cəhətdən qüdrətlənən, həm də əlverişli siyasi, iqtisadi, coğrafi mövqeyinə görə paytaxt edilən şəhərlər çox olmuşdur. Bərdə də sasani mərzbanlığının mərkəzi yox, məhz Albaniyanın paytaxtı idi. Q.Cəbiyevin özü demişkən, tarixi saxtalaşdırmaq düşmən işidir. Alim özü yazır ki, Qəbələnin 2500 illiyini qeyd etmək üçün 10 illərdir çalışır, lakin nail ola bilmir. Görünür, yuxarıdakılar tarixi Qafar müəllimdən daha yaxşı bilirlər. Təəssübkeşlik yaxşı şeydir. Amma real və ciddi olanda. Əks halda, o, yalnız və yalnız fantaziyadır. Tarix elmi ciddi olmağı tələb edir. Bir az ciddi olmaq lazımdır.