Müasir həyatımızı kommunikasiya texnologiyalarından kənarda təsəvvür etmək çətindir. Texnoloji yeniliklərin yaratdığı imkanlar cəmiyyətin inkişafına təkan verməklə yanaşı eyni zamanda insanların həyat tərzinə çevrilib. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir.
Dünya bazarında elektron ticarətin artdığı bir zamanda informasiya texnologiyaları xüsusi rol oynayır. Azərbaycanda da İKT uğurla inkişaf etdirilir. İndi elə bir sahə tapılmaz ki, informasiya texnologiyalarından istifadə edilməsin. Aparılan islahatlar, həyata keçirilən uğurlu layihələr öz bəhrəsini verib və hazırda ölkəmizdə informasiya kommunikasiyalarından geniş istifadə edilir. Hökumət portallarının fəaliyyəti, bir sıra platformaların yaratdığı imkanlar cəmiyyətə fayda yerməklə yanaşı dünyaya inteqrasiyasını asanlaşdırır.
Dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi vətəndaş məmnunluğunu artırır. Belə xidmətlərdən biri də 11 il əvvəl Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin yaradılmasıdır. 2012-ci il iyulun 13-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi.
Artıq dünyada brendə çevrilən “ASAN xidmət” informasiya texnologiyalarının son imkanlarından istifadə etməklə öz işini müasir standartlara uyğun şəkildə qurub. Eyni zamanda 2013-cü ildə “Azerspace-1” peykinin orbitə çıxarılması da informasiya və kommunikasiya texnologiyaları sahəsində Azərbaycanın uğurlu addımı idi. “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” da suverenliyimizin qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlara malikdir. 2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir. “Azerspace-1″in ardınca, ölkəmizin 3-cü peyki orbitə çıxarılıb. “Azerspace-2” adı verilən peykin orbitə buraxılması ilə əlaqədar Prezident İlham Əliyev Azərbaycan xalqına təbrik mesajı ünvanlamışdı. Dövlət başçısı bildirmişdi ki, son 5 ildə Azərbaycan orbitə 3 peyk çıxarıb: “Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü və bizim siyasətimizi göstərir”.
Beləliklə, Azərbaycanda informasiya texnologiyaları sahəsində geniş imkanlar açılıb. İnternet resurslarının azad olması və texnologiyaların əlçatanlığının cəmiyyətə faydası var.
Bununla belə, bəzi təhlillər göstərir ki, ölkədə informasiya cəmiyyətinin formalaşdırılması prosesini daha da sürətləndirmək üçün ilkin şərtlər və bir sıra obyektiv çətinliklər mövcuddur. Ən böyük problem isə İKT üzrə Azərbaycan dilində ədəbiyyatın olmamasıdır. Mobil telefon operatorlarının bu sahəyə “yanaşması” da müəyyən narazılıqlar yaradır. Mobil telefon istifadəçilərinə gələn SMS-lərin və mesajların rus dilində yazılması İKT sahəsində narahatlıq yaradan amillərdəndir. İnformasiya cəmiyyətinin hüquqi əsasları, müasir tələblər baxımından ölkədə informasiya və kommunikasiya texnologiyalarının inkişaf səviyyəsi bütövlükdə dövlətin hərbi-siyasi və sosial-iqtisadi potensialının göstəriciləri hesab olunur. İnformasiya cəmiyyətinə keçid üçün ölkədə əlverişli şəraitin yaradılması Azərbaycan dövlətinin siyasi məqsədlərindən biridir.
Vəli Həsənov
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.
;