“Döyüş əzabını obyekt sevdasına qurban vermək qazi adına yaraşmaz” – MÖVQEbackend

“Döyüş əzabını obyekt sevdasına qurban vermək qazi adına yaraşmaz” - MÖVQE

“Neçə gün bundan əvvəl dilənçilik edən yalançı qazinin hərəkəti ictimaiyyətdə hiddət doğurdu. Bu müddət ərzində yalançı qazi insanların xeyirxahlığından istifadə edərək pul toplayırmış. Məgər adi qaydada dilənçilik etsəydi, adamların ona ürəyi yanmayacaqdı? Yanacaqdı. Sadəcə, qazilərə olan xoş münasibətdən sui-istifadə halları çoxalıb”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Yazıçı-jurnalist Azər Qismət səsləndirib. O bildirib ki, müharibələrdən sonra belə fırıldaqçılar çox üzə çıxırlar: “Qazi adından istifadə edib mümkün güzəştlər almağa çalışırlar. Orta nəslin yaddaşında yaxşı qalmış olar ki, Birinci Qarabağ müharibəsindən sonra da xeyli fırıldaqçı “veteran kitabçası” əldə etdi, Qarabağda əsl döyüşənlər isə kənarda qaldı. Onlar obyektlər ələ keçirmək məqsədilə dövlət orqanlarına hücum çəkdilər, avtobus marşrutları həmin şəxslərin adına sənədləşdirildi. Bu yolda KİV-dən istifadə edildi, yalandan intihar cəhdləri və sair manipulyasiyalar işə düşdü. Bəlkə də indi adamlar cəmiyyətin qazilərə olan saf münasibətindən sui-istifadə halını da 1-ci Qarabağ müharibəsindən sonrakı fırıldağa bənzədirlər. Amma heyhat, nə ilə müqayisə edirlərsə-etsinlər, bu bir çirkinlikdir”.

Jurnalist Azər Qismət infarkt keçirib

Jurnalist əlavə edib ki, Qarabağ qaziləri adından sui-istifadə edənləri hər gün ictimai nəqliyyatda, bazar və istirahət yerlərində görürük: “Bir qanunsuzluq törədən kimi “mən Qarabağ qazisiyəm” nidası eşidilir ki, o qanunsuzluğa don geyindirilsin. Bir kişi ailə münaqişəsi zəminində həyat yoldaşına fiziki təzyiqlər göstərib polisə “sənin məni saxlamağa ixtiyarın yoxdur, mən qaziyəm” deyə istintaqdan yayınmağa çalışır. Hətta kafe və restoranlarda masa pulunu vermək əvəzinə “Qarabağ qazisiyəm, pul vermirəm” deyənlər də olur. Niyə bu hallar artır? Çünki adamlar onları qınamır. Qınayanlar da bunu daxilində edir ki, kimsə düzgün anlamaz. Bəziləri də qınamağa çəkinir ki, ümumilikdə Zəfərə kölgə düşər. Belə səs çıxarmaqla Zəfərə kölgə düşmür. Kölgə o vaxt düşür ki, qınamırsan və bundan istifadə edənlərin sayı hər gün çoxalır. Siz heç görmüsünüzmü ki, Xüsusi Təyinatlı Qüvvələrdən kimsə dilənçilik etmək fikrinə düşsün və ya hər yerdə səs salsın ki, “mən qaziyəm, mən vuruşmuşam”. Özlərini cəmiyyətdə necə nümunəvi aparırlarsa, bəzən qazi olduqları da hiss edilmir. Çünki qələbənin əldə edilməsində əsas hərəkətverici qüvvə olan XTQ üzvləri anlayırlar ki, onlar uşaqlara, ümumilikdə gələcək nəslə nümunə olmalıdırlar. Onlar göstərməyə çalışırlar ki, qazi adı müqəddəsdir. Onun üçün rəsmi orqanlara hücum etməzlər, torpaq verildiyi halda əlavə torpaqlar istəməzlər. Hətta qohumlarının adına obyektlər istəməzlər. Bu qazi adına yaraşmaz ki, döyüş əzabını obyekt sevdasına qurban verəsən”.

Azər Qismətin sözlərinə görə, bu Zəfəri uzun illər gözləmişik: “Yuxusuz gecələrlə, solğun ümidlərlə, batmış günəşlə. Minlərlə insan “Qarabağ” deyib gözlərini əbədi yumdu. Minlərlə insanın ürəyi partladı. Minlərlə insan “təki, bir kəndim azad olunsun, ora dizi üstə gedərəm” deyə-deyə gözlərini yumdu. Nəinki bir kənd, yüzlərlə kənd azad edildi. 2020-ci ilin qələbə sevincinə kölgə salan, qazi adından sui-istifadə edən yalançı şəxslərə isə ürəkdən demək gəlir: “Sadəcə, ayıb olsun”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*