Döyüş sınağından şərəflə keçən qəhrəman vətənpərvər zabit – FOTObackend

Döyüş sınağından şərəflə keçən qəhrəman vətənpərvər zabit - FOTO

2020-ci il Azərbaycan tarixində erməni işğalçılarına qarşı Vətən müharibəsində qazandığımız böyük hərbi Zəfərlə unudulmaz iz qoydu. Xalqımızın mərd oğulları düşməni döyüş meydanında məğlub edərək, şəhidlərimizin qanı tökülən müqəddəs torpaqlarımızın işğalına son qoydular. Azərbaycanın fəxri olan bu oğulların sıralarında Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbi qulluqçuları da vətənpərvərlik və şücaət nümunələri göstərərək fərqləniblər. Qırx dörd günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçən DQ hərbi qulluqçularının bir qismi ön cəbhədən yaralı olaraq geri qayıdıblar. Daxili Qoşunların Vətən müharibəsində ağır sınaqlardan keçmiş hərbi qulluqçularından biri də kapitan Vüsal Həsənovdur.

KONKRET.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının veteranı, ehtiyatda olan kapitan Yalçın Abbasovun “Xüsusi təyinatlı məsləyinin daşıyıcısı kimi döyüş sınağından şərəflə keçən qəhrəman vətənpərvər zabit” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Vüsal Həsənov 1982-ci il avqustun 20-də Füzuli rayonunun İkinci Mahmudlu kəndində anadan olub. Qarabağ münaqişəsi başlayanda onun 6 yaşı var idi. 1993-cü ilin avqustunda Füzuli rayonunun böyük hissəsi işğal olunmuşdu. Həmin vaxt doğma yurdu da düşmənin hərbi təcavüzünə məruz qalmış, kənd əhalisi məcburi köçkün vəziyyətinə düşmüşdü. Ancaq bir müddət sonra ordumuz kənd üzərində nəzarəti bərpa etmişdi. 1994-cü ilin yanvarında isə rayonun Horadiz qəsəbəsi (hazırda Horadiz şəhəri) və bir çox kəndinin işğalına son qoyulmuşdu.

İkinci Mahmudlu kəndindəki şəhid Qeyrət İbişov adına orta məktəbin məzunu olan Vüsal 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb.

2004-2005-ci illərdə Vüsal Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində Naxçıvanda müddətli həqiqi hərbi xidmət keçib. Ali təhsilli sərhədçi kimi ona zenit qurğusunda baş operator-heyət komandiri vəzifəsi etibar olunub. Mülki ixtisasa yiyələnməsinə baxmayaraq, həyatını hərbi xidmətə bağlaması Vüsalın vətənpərvərlik əqidəsindən, hərbçi peşəsinə rəğbətindən irəli gələn bir seçimi idi. 2007-ci ilin dekabrında Daxili Qoşunların sıralarına müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub, ona “kiçik çavuş” hərbi rütbəsi verilib. 2007-2020-ci illərdə Daxili Qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsində xidməti dövründə öz əzmkarlığı sayəsində həm rütbədə, həm də vəzifədə yüksəlib. Əsasən xüsusi təyinatlı dəstədə, habelə komendant bölüyündə məsul vəzifələrə təyin edilib.

O, Türkiyədə Jandarm Məktəblər Komandanlığının Tədris Mərkəzində gizir təməl kursunu, terrorla mübarizə, girovların azad edilməsi üzrə kursu və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində paraşütçülər kursunu müvəffəqiyyətlə bitirib. Həmin kurslarda öyrəndiyi biliklər, yiyələndiyi praktiki təcrübə onun peşəkar hazırlığına müsbət təsirini göstərib.

2013-cü il mayın 23-dən etibarən hərbi qulluqçumuz zabit rütbəsində xidmətini davam etdirir. 2020-ci il iyunun 27-də Daxili Qoşunların Qəbələ rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstə komandirinin müavini-qərargah rəisi vəzifəsinə irəli çəkilib.

Vətən müharibəsinədək olan dövrdə zabitimiz “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı, Daxili Qoşunların “Xidmətdə fərqləndiyinə görə” döş nişanı ilə təltif olunub, həvəsləndirmə qaydasında vaxtından əvvəl ona “kapitan” hərbi rütbəsi təqdim edilib.

Hərbi qulluqçu üçün Vətənin müdafiəsinə və istənilən döyüş tapşırığını yerinə yetirməyə daim hazır olmaq vacib şərtdir. Vüsal bir zabit, habelə xüsusi təyinatlı məsləyinin daşıyıcısı kimi həmişə özünü döyüş sınağına hazırlayıb.

Vətən müharibəsi onun od-alovundan keçən minlərlə hərbi qulluqçu kimi, Vüsal üçün də həyatının unudulmaz səhifəsidir. O, düşmənə sonsuz nifrət, itirdiyimiz torpaqlarımıza qovuşacağımıza ümid və ilahi ədalətə inam hissi ilə illərlə bu məqamı gözləyib.

Kapitan Vüsal Həsənov Füzuli, Xocavənd rayonları və Şuşa şəhəri uğrunda döyüşlərdə düşmənə qarşı qətiyyətlə vuruşub. Tanıdığı silahdaşları ilə birgə döyüşlərə atılması onu çətin məqamlarda daha da ruhlandırıb.

Özünün dediyinə görə, iştirak etdiyi ilk ağır döyüşlərdən biri Füzuli rayonu ərazisində düşmənin mühüm müdafiə mövqeyinin yerləşdiyi təpə uğrunda olub. Həmin təpənin alınması bizim canlı qüvvənin irəliləməsinə, ətrafdakı bir neçə kəndimizin tam nəzarətimizə keçməsinə, eləcə də yaxınlıqdakı avtomobil yolunun açılmasına imkan verirdi. Bu əməliyyat Daxili Qoşunların üç hərbi hissəsinin xüsusi təyinatlılarından ibarət qruplar tərəfindən uğurla başa çatdırılıb. Döyüş zamanı Vüsal partlayan düşmən mərmisinin qəlpəsindən qolundan yaralanıb. Ancaq o, yerindəcə göstərilən ilk tibbi yardımla kifayətlənərək təxliyə edilməsinə razı olmayıb və döyüş yolunu davam etdirib.

Vüsal bildirib ki, döyüşlərdə minalanmış sahələr və düşmənin möhkəmləndirilmiş atəş nöqtələri də bizim canlı qüvvənin qarşısında əsas maneələrdən olub. Hərbi qulluqçularımız ən təhlükəli istiqamətlərdə belə yüksək iradə və cəsarət nümunəsi göstəriblər. Heç kəs güllə, mərmi atəşi altında geri çəkilməyib, hədəfə çatanadək düşmən üzərinə həmlələr edilib. O, cəbhə bölgəsinin ayrı-ayrı sahələrində xüsusi təyinatlılardan ibarət qruplara bacarıqla rəhbərlik etmiş zabitlərdən polkovnik-leytenant Tural Novruzovun, polkovnik-leytenant Füzuli İmrəliyevin və kapitan Anar Mahmudovun rolunu xüsusi vurğulayıb. Döyüş tapşırıqlarının uğurla nəticələnməsində onların peşəkarlığının və tabeliklərindəki şəxsi heyətin mübarizliyinin vacib amillər olduğunu nəzərə çatdırıb.

Zabitimiz bildirib ki, müharibədə hücum döyüşləri ilə yanaşı, nəzarətimizə keçən ərazilərdə axtarışyönümlü, düşmənin diversiya-kəşfiyyat fəaliyyətinə qarşı tədbirlər, o cümlədən kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsi də təmin olunub.

Füzuli-Xocavənd zonasından sonra şahidi olduğu əsas döyüşlərin Şuşa ətrafında və şəhərin özündə getdiyini qeyd edən Vüsal bu istiqamətdə işğalçıların yüksəkliklərdəki əlverişli mövqelərdə yerləşmələrinə baxmayaraq, bölmələrimizin inadlı həmlələri qarşısında davam gətirə bilmədiklərini, məğlubiyyətə uğradıqlarını dedi. Ümumilikdə ordumuzun Şuşa ətrafına onların gözləmədiyi istiqamətdən gəlib çıxması və şəhəri azad etmək üçün seçdiyi taktika erməniləri şoka salıb.

Kapitan Vüsal Həsənov Şuşa uğrunda döyüşdə bədəninin bir neçə nahiyəsindən mərmi qəlpələrindən yaralanıb. Bu dəfə yaraları əvvəlkindən ağır olsa da, vəziyyətlə bağlı üç gün sonra təxliyə edilib. Yaraların fiziki ağrılar verməsinə baxmayaraq, qazanılan zəfər ona mənəvi güc verib.

Qazimiz müharibədə ən ağır sarsıntının gözləri önündə silahdaşlarının şəhid olduqları anlarda yaşandığını bildirib. Bəzi şəhidlər ömrünün son dəqiqələrində doğmalarına çatdırılacaq ürək sözlərini, vəsiyyətlərini döyüşçü yoldaşlarına deyiblər. Şəhidlərin nur çökmüş simaları heç vaxt unudulmayacaq.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr, habelə 25 dekabr tarixli sərəncamları ilə kapitan Vüsal Həsənov müvafiq olaraq “Qarabağ” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Zabit kimi müharibə sınağından alnıaçıq çıxması, hərbi anda sədaqəti tabeliyindəki şəxsi heyətə, silahdaşlarına dəyərli örnəkdir.

Dörd övlad atası olan Vüsal üçün onları layiqli vətəndaş olaraq yetişdirmək də Vətənə xidmət kimi həyatının mənasına çevrilən çox önəmli missiyadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*