“Döyüş yoldaşlarıma söz vermişəm, qala bilmərəm…” – I Qarabağ müharibəsinin tanımadığımız şəhidi Zaur – FOTOLARbackend

"Döyüş yoldaşlarıma söz vermişəm, qala bilmərəm..." - I Qarabağ müharibəsinin tanımadığımız şəhidi Zaur - FOTOLAR

1974-cü il may ayının 5-də (sənəddə 24 may yazılıb) Neftçala rayon Qaçaqkənd kəndində bir körpə dünyaya göz açdı. Adını Zaur (Zaur Absəməd oğlu Ələkbərov) qoydular. Dünyanın dərd-sərindən xəbərsiz bu körpə ata-ana nəvazişi ilə böyüyürdü. Hamı kimi yeddi yaşında yaşadığı kəndin orta məktəbinin birinci sinfinə yollandı. Dərslərindən əla qiymətlər alan Zaur çox çalışqan şagird idi. Hələ birinci sinifdən əlaçılar siyahısında Zaurun da adı və fotoşəkli var idi. Müəllimlər və şagirdlər arasında hörmət qazanan Zaur məktəb rəhbərliyi tərəfindən tərifnamələr almışdı. Zaurun idmana böyük marağı vardı. Neftçala rayonu üzrə keçirilən bir çox idman yarışlarında mükafata da layiq görülmüşdü.

1991-ci ildə orta məktəbi bitirən Zaur Bakı Plan-İqtisad Texnikimuna qəbul olunur. Orada təsil aldığı müddətdə həqiqi hərbi xidmətə çağırılır. O zamanlar Qarabağ uğrunda qızğın döyüşlər gedirdi. Zaurun döyüş yeri Ağdam rayonundakı Kötəl batalyonu (komandiri Ərşad bəy) idi. Hərbi xidmət zamanı Zaur hər kəsin hörmət və rəğbətini qazanmışdı.
1992-ci ilin oktyabr ayında Zaurun yaralandığı barədə valideynlərinə teleqram gəlir. Zaur Bakı şəhəri Bayıl qəsəbəsindəki hərbi hospitalda müalicə olunurdu. Düşmən gülləsi Zaurun bud nahiyəsini parça-parça etmişdi. Dörd ay sonra, 1993-cü ilin fevral ayında nəhayət ki, Zaur ayaq üstə durub, yeriməyə başladı. Ailə üzvlərinin sevincinin həddi-hüdudu yox idi. Bütün kənd camaatı, qohumlar valideynlərə gözaydınlığına gəlmişdi.

Hospitaldan “Hərbi xidmətə yararsız” olduğu barədə arayış vermələrinə baxmayaraq Zaur döyüş yoldaşlarının yanına qayıtmaq istəyirdi. Anasının çoxsaylı “Oğul, sən yaralısan, hələ yaran tam sağalmayıb, çoxlu qan itirmisən, getmə!” təkidlərinə baxmayaraq Zaur sözündən dönmür. “Mən döyüş yoldaşlarıma söz vermişəm, ana, burda qala bilmərəm, gedib ermənilərdən qisasımı almalıyam”, – deyib, yenidən cəbhəyə yollanır.

No description available.

1993- cü ilin avqust ayının 22-də Ağdama qayıdan Zaur bir dəfə də olsun evə gəlmədi. Ağdamdakı bütün döyüşlərdə şücaətlə döyüşdü.

1993-cü il dekabr ayının 27-si Zaurun şəhid olduğu barədə faciəli xəbər gəldi. Lakin anasına onun yenidən yaralandığını deyirlər. “Qara xəbər tez yayılar” deyiblər. Bir neçə dəqiqənin içində Zaurgilin həyətini kənd camaatının izdihamı bürüdü. Anaya artıq hər şey bəlli idi. Zaur artıq şəhadətə qovuşmuşdu. Göz yaşları qana dönmüşdü. Saat 10-11 radələrində qara maşın həyətə daxil olanda bu faciəyə ata, ana, bacı, qardaş necə dözə bilərdi?

Beləcə, Zaur adlı bir gəncin ömrü yarım qaldı. Toysuz Zaurun heç bir yadigarı qalmadı. Hər şeyi özü ilə apardı. Bir yarımçıq albomu qaldı, yarım qalmış təhsili və yarım qalmş arzuları.
Bu yazılar vaxtilə bir şəhid anasının göz yaşları ilə qələmə aldığı xatirələrdir. Qoy gələcək nəslə bir yadigar olaraq qalsın və bilsinlər ki, nankor və mənfur ermənilər xalqımızın başına necə müsibətlər gətirib. Neçə-neçə analar oğulsuz, gəlinlər ərsiz, uşaqlar atasız qalıb.

No description available.

Şəhid anasının ürək yanğısı ilə oğluna həsr etdiyi şeiri sizlərə təqdim edirik:

20 yaşın olmadı

Hələ olmayıbdır iyirmi yaşın,
Boyandı al qana o nakam başın.
Qəbrini islatdı mənim göz yaşım
Dur, danış, Zaurum, çağırır anan,
Bu nakam ömrünə ürəyi yanan.

Səngərdə qalmayıb, çıxdın meydana,
Boyandı bədənin al qızıl qana
Yayıldı ölümün Azərbaycana
Bu şəhidi görüb, bilən ağlasın,
Vətənin ağlasın, anan ağlasın.

Zauru qəlbimdən mən necə silim?
Çatmayıbdı başa iyirmi ilin
Görünür daşlardan solgun şəkilin,
Çağırram, ay Zaur, niyə dinmirsən,
Gözümün qan-yaşın bəlkə görmürsən.

Mən kimdən soruşum Zaurum hanı?
Bulaşdı torpağa başının qanı
Mənə kədər verdi sənin məzarın
Ağlaram, yanaram Zaur deyəndə,
Ey nakam ömürlü bala deyəndə.

Mən şair deyiləm, şəhid anası,
Sağalmaz qəlbimdə oğul yarası
Nə dəhşətdir qəddar düşmən davası
Anan ağlar, bacın ağlar, el ağlar,
Qəbrinin üstündə lalə, gül ağlar.

 

Nailə Ələkbərova

P.S. Bir tərəfdən düşünürəm ki, nə yaxşı ki, vaxtilə bu dəftərdə Aqilə ana şəhid balası haqqında dolgun məlumat yazıb. Çünki o dövrdə informasiya qıtlığı var idi. Kim bilir, bəlkə də neçə-neçə belə şəhidlərimiz kölgədə qalıb. Sanki onlar Yer üzünə gəlməyiblər, qəhrəmancasına döyüşüb, şəhid olmayıblar…

  • Nurka Babayeva
    Oktyabr 14, 2021 - 19:36

    Canım əmim . Allah sənə rəhmət eləsin. İmtiqamın alındı artıq . Rahat uyu . Yer üzündən bir Zaur gəldi getdi. İçin rahat olsun. Şəhid olduğun Ağdam artıq azaddı. Mən çox şadamki sənin kimi qəhrəman əmim var . #QarabağAzərbaycandır.
    Məqaləni hazırlayan Nailə xanıma təşəkkürlərimi bildirirəm.

  • Nailə Babayeva
    Oktyabr 14, 2021 - 21:43

    Bir şəhid bacısı kimi məndə Nailə xanıma təşəkkürümü bildirirəm bu mövzunu işıqlandırdığı üçün. 93 ci ildə Şəhid olmuş qardaşımı dünyaya tanıtdırdığı üçün minnətdaram . Allah bütün şəhidlərimizə rəhmət eləsin .Qardaşım oğlu da Şəhid qardaşım Zaurun adın daşıyır . Mən əminəmki bu ada layiqli bir övlad olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*