Xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevi saxlayıb. Beləliklə, DTX-nin “yerli icra klanı”na növbəti zərbəsi endirilib.
İslam Rzayev uzun illərdir dövlət idarəçiliyində fəaliyyət göstərirdi və siyasi kuluarlarda o, Prezident Administrasiyasının Sabiq rəhbəri Ramiz Mehdiyevin adamlarından biri kimi tanınırdı. Rzayevin adı dəfələrlə Mehdiyevin qurduğu təsir şəbəkəsində hallanıb.
Maraqlıdır ki, onun saxlanması Ramiz Mehdiyev ətrafında yenidən canlanan antikorrupsiya əməliyyatlarının fonunda baş verib.
SOCAR xətti – Mikayıl İsmayılov bağlantısı
KONKRET.az-ın əldə etdiyi məlumata görə, İslam Rzayev SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovun qudasıdır. İsmayılov isə dövlət şirkətində illər boyu “boz kardinal” kimi tanınırdı və mühüm kadr təyinatlarında Ramiz Mehdiyevin “tövsiyə xətti”ni qoruyan əsas fiqurlardan biri hesab olunurdu.
Beləliklə, Rzayevin yüksəlişi təkcə yerli səviyyədə deyil, həm də SOCAR vasitəsilə formalaşan “Mehdiyev məktəbinin” bir parçası kimi görünür.
Tələbə yoldaşlığından qudalığa, ordan DTX istintaqına
Mənbələr bildirir ki, İslam Rzayevlə Mikayıl İsmayılovun tanışlığı hələ tələbəlik illərinə təsadüf edir. Sonradan ailəvi münasibətlər yaranıb və bu əlaqə Rzayevin karyera yüksəlişinə mühüm təsir göstərib.
Lakin indi həmin “ailə əlaqəsi” istintaq masasında qovuşub – Rzayev DTX-nın İstintaq İdarəsində dindirilməkdədir.
Balakəndə nə baş verir?
Son aylarda Balakən rayonunda sosial layihələrdə, tender və icra proseslərində ciddi pozuntuların aşkarlanması barədə siqnallar daxil olmuşdu. Rzayevin saxlanılması da məhz vəzifə səlahiyyətlərindən sui-istifadə, büdcə vəsaitlərinin mənimsənilməsi və rüşvət alma ittihamları ilə əlaqələndirilir.
DTX əməliyyatı zamanı onun iş otağında sənədlər və elektron daşıyıcılar götürülüb. Rayon icra strukturunda bir neçə digər məmurun da ifadə vermək üçün Bakıya gətirildiyi bildirilir.
Nəticə: Mehdiyevin sistemi dağılır
Bu hadisə bir daha göstərir ki, Ramiz Mehdiyev dövründə formalaşmış gizli idarəçilik zənciri tədricən tamamilə zərərsizləşdirilir. İslam Rzayevin saxlanılması həmin sistemin regiondakı “son halqalarından” birinin də qırıldığını göstərir.
Müşviq Tofiqoğlu
KONKRET.az
