“Bakı imperiya şəhəri idi, bir çox paytaxtlardan fərqlənirdi, nostalji həmişə var”.
KONKRET.az xəbər verir ki, bunu şahmat üzrə 13-cü dünya çempionu, əslən azərbaycanlı Harri Kasparov ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib.
O, Heydər Əliyevin ona göstərdiyi köməkdən, Bakıdan, uşaqlıq illərinin şəhəri üçün darıxıb-darıxmadığından danışıb.
“Heç bir milli problem yox idi. Üç bacının böyüyü olan anam yəhudi ilə, ortancılı erməni ilə, kiçiyi azərbaycanlı ilə ailə həyatı qurub. Bakıda millət problemi yox idi. Tiflisdə və İrəvanda belə deyildi. İrəvan demək olar ki, tamamilə erməni şəhəri idi. Tiflis də çoxmillətli idi, lakin orada gürcü dilində danışırdılar. Bakıda isə bir çox azərbaycanlı rus dilində nəinki danışırdı, hətta ruslar kimi fikirləşirdi. Axı Bakı imperiya şəhəri idi. Buna görə Bakı bir çox paytaxtlardan fərqlənirdi.
Uşaqlığımın, gəncliyimin Bakısı üçün darıxıram? Nostalji həmişə var. Atam Bakıda dəfn olunub. Mən orada doğulub böyümüşəm. 2016-cı ildə Bakıda Şahmat Olimpiadası keçiriləndə Amerika komandasındakı dostlarımdan xahiş etdim ki, qəbiristanlıqdan və doğulduğum evimin şəklini çəksinlər. Orada, mənim doğulduğum mənzildə qadın geyimləri mağazası var idi”, – deyə Kasparov keçmişini yada salıb.
Rostropoviç və Landaunun da Bakıda doğulduğunu və Rostropoviçin Heydər Əliyevin dəvəti ilə Bakıya gəldiyini qeyd edib.
Kasparov etiraf edib ki, onun dünya çempionu olmasında Heydər Əliyevin böyük rolu olub.
“Heydər Əliyev mənə himayədarlıq edirdi. Bu düzgün sözdür. O, məni və anamı ilk dəfə 1979-cu ildə, Yuqoslaviyanın Banya Luka şəhərində ilk böyük uğurumu qazananda qəbul etdi. Aydındır ki, mən artıq böyük bir yüksələn ulduz idim. Əliyev isə erməni-yəhudi qanından olan bakılı oğlanın dəstək almasını çox vacib hesab edirdi. Əliyevin 1979-cu ildən 1985-ci ilə qədər etdiyi bütün yardımlar sipər, mühafizə idi. Sovet sistemi Rusiya çempionunu bakılı metisə dəyişməkdə maraqlı deyildi. Üstəlik, milliyyət məsələsində belə dözümlü olan bir çox rəislər hiss edirdilər ki, partiyanın sadiq əsgəri Karpovdan fərqli olaraq mənə etibar etmək olmaz. Və haqlı idilər. Yenə də sərbəst düşüncə ruhu özünü göstərdi, başqa xəmirdən yoğrulduğum aydın oldu.
Ona görə də Heydər Əliyevin köməyi vacib idi, çünki mənə hazırlıq üçün şərait yaradılmışdı. Himayədarlıq nədir? Rəqibləri sıradan çıxararaq, rəqibləri boğaraq çempionluğa yol aça bilərsiniz. Tutaq ki, Korçnoy 1974-cü ildə Karpovla oyunda təhqir olunmuşdu. Yaxud yuxarı qalxanda mənə yaranan o problemlər..
Demək olar ki, bütün sovet şahmat məktəbi 1978 və 1981-ci illərdə Korçnoyla qarşılaşmalarda Karpova dəstək olmaq üçün səfərbər edilmişdi. Və bir çox cəhətdən irsi olaraq daha da irəli getdi. Aydındır ki, sistem buna baxmayaraq Korçnoyla eyni qəzəblə mənimlə mübarizə aparmadı. Qrossmeysterlərin hazırlığı və ən əsası səfərbərlik sistemi istehsalat əsasına qoyuldu.
Bu barədə kitabımda yazmışdım. 1981-ci ilin dekabrında SSRİ çempionu olduqdan və artıq dünyanın ən güclü qrossmeysterlərindən biri olandan sonra zonalararası turnirə hazırlaşmaq üçün məşq etməli idim. Aydındır ki, nəticələrə, yaradıcılıq inkişafımın dinamikasına görə tac üçün əsl iddiaçılardan biri mən idim. SSRİ İdman Komitəsinin şahmat şöbəsinin müdiri Nikolay Kroqius mənə sadəcə olaraq dedi: “Bizim bir çempionumuz var, başqa çempiona ehtiyacımız yoxdur. Və siz heç yerə getməyəcəksiniz”.
Qarşıda üç böyük turnir var idi, hamısına dəvətim var idi və onlar mənə dedilər: “Üçünə də Karpov gedəcək. Siz isə Dortmunddakı turnirə gedəcəksiniz”. Burada mütləq müdaxilə lazım idi. Mən Heydər Əliyevə müraciət etdim, məni üç turnirdən birinə göndərdilər. Əgər bu, Karpovun nöqteyi-nəzərindən “cinayət” sayılırdısa, o zaman mənim ümumiyyətlə getməyimə mane olmaq nəyə lazım idi? Mənim SSRİ-nin 2 nömrəlisi olduğum üçün dəvətnamə ilə üç turnirdən birinə getməyə haqqım var idimi?
Buqojnoya getdim, turnirdə qalib gəldim, bu, mənə kömək etdi. Sonra üç zonalararası turnir oldu – Las Palmas, Toluka və Moskvada. Moskvada oynadım ki, məşqçilərimin ölkədən buraxılmasında problem olmasın. Anama, əlbəttə ki, xaricə getməyə icazə verilmədi, çünki birdən qayıtmazdı. SSRİ-də girov sistemini bilirik. Ancaq 1983-cü ildə ona icazə verildi. Məşqçim Aleksandr Nikitin SSRİ yığmasının dövlət məşqçisi idi, 1976-cı ildə Karpovla münaqişədən sonra işdən çıxarıldı. O, “Spartak”da işləyirdi və xaricə getməyi də məhdudlaşdırılırdı. Onu da 1983-cü ildə buraxdılar.
Buna görə də 1982-ci ildə Moskvada zonalararası turnirdə iştirak etdim. Sonra Belyavski ilə matç oldu, sonra Korçnoyla bağlı hadisə, məni diskvalifikasiya etməyə çalışırdılar. Yenə də Heydər Əliyevin işə qarışması kömək etdi”.
P.S. Bu qədər yaxşılıq, bu qədər hörmət, bu qədər dünya şöhrəti gətirən kömək, himayə… Hamısının üstündən xətt çəkdi Kasparov! Heydər Əliyevin və Azərbaycan xalqının çörəyini tapdaladı, erməni xisləti özünü tez büruzə verdi. Belə olmasaydı, Bakı haqqında nifrətlə danışmazdı, Azərbaycan xalqını “vəhşi” adlandırmazdı. Kitabında Bakı haqqında belə yazmazdı: “Bakı..? Mən belə şəhər tanımıram”.
Xuraman Etibarlı,
KONKRET.az
Özü etiraf etdiyi kimi: “çünki başqa xəmirdən yorulmuşdu” Bəli bu elə bir xəmirdir ki, həmişə çörəyi küt çıxar.
Dostlar, inanın ki, Qələbəmiz olmasaydı bu etiraf yəqin ki, heç zaman olmayacaqdı. Qalib olmaq çox şeyin dəyişməsini təmin, məcbur edə bilir. Ancaq etiraf etsə də bunun daxilindəki ermənilik xisləti dəyişməyəcək. Çünki xəmirinin mayası xarabdır…Hər zaman küt gedəcək.