Dünyanı gözləyən qlobal-təhlükə- İqlim dəyişikliyi bəşəriyyəti narahat edən əsas məsələdir. Son iki yüz ilin bəlası olan qlobal istiləşmə dünyada bir sıra fəsadlara gətirib çıxarıb. Planeti cənginə alan qasırğalar, daşqınlar, quraqlıq, çöllərin səhralaşması kimi problemlərdən yaxa qurtarmaq üçün hər il dünya dövlətləri bir araya gələrək ümumi çıxış yolu axtarır. BMT-nin xətti ilə keçrilən bu zirvə görüşü gələn ay Bakıda təşkil olunacaq və hazırda bütün dünyanın gözü də Azərbaycana dikilib. COP29-da bir çox məsələlər müzakirə olunacaq. Burada əsas məqsəd dünyada baş verən iqlim dəyişikliyini ayrı-ayrı dövlətlərin məsuliyyəti kimi qəbul etmək deyil. COP əsasən vətəndaş cəmiyyətinin, ayrı-ayrı şəxslərin, ali təhsil müəssisələrinin və digər elmi mərkəzlərin, xeyriyyə cəmiyyətlərinin bu prosesə cəlb olunması üçün həm də bir körpü rolunu oynayır. Qlobal iqlim dəyişikliyi bütün dünyanın bəlası olduğundan hər bir ölkə öz üzərinə müəyyən öhdəlik götürür. Nəzarət mexanizmi dünyanın nəhəng sənayə mərkəzlərinə təsir etmək gücündə olmasa da, hər halda bəzi biznes strukturlarının işi ciddi tənzimlənir.
KONKRET.az xəbər verir ki, əgər əvvəlki illərdə COP-lar sırf dövlətlər arasında dialoq platforması idisə, indi mənzərə dəyişib. Misal üçün əvvəlki COP-larda vətəndaş cəmiyyətinin nümayəndələri müşahidəçi rolunda iştirak edirdilər. İndi vəziyyət dəyişib. COP-a cəmiyyətin başqa təbəqələri də cəlb olunur. Buna görə də COP-a maraq daha böyükdür. İndi özəl sektorun beynəlxalq tədbirə cəlb olunması COP-un işini bir qədər də çoxaldıb. Hazırda hər kəs anlayır ki, dünya insanların vahid evidir və bu evi sadəcə qorumaq lazımdır. Bunun üçün hər kəs əlindən gələni etməlidir. COP-da müzakirə olunan məsələlər də məhz bu yönümdə aparılır. Dünyanı gözləyən fəlakətlərin qarşısını almaq üçün hər kəs öz öhdəsinə düşən işi vicdanla yerinə yetirməli, zərərli qazların atmosferə atılmasının qarşısı alınmalıdır.
Bunun üçün yaşıl enerji sektorunu inkişaf etdirməyin vaxtıdır və Azərbaycan bu istiqamətdə ciddi addımlar atır. İndi Avropanın enerji bazarına yaşıl enerji ixrac edən ölkəmizinin iqtisadi gücü də dəyişir. Bəzi təşkilatlar qlobal istiləşmənin və iqlim dəyişməsinin günahını neft çıxaran ölkələrin üzərinə atsalar da əslində yanaşma qərəzlidir. Nəzərə almaq lazımdır ki, dünyada neft çıxaran ölkələrin sayı neftə tələbatı olan dövlətlərdən azdır. Deməli, bu məsələdə neft idxal edənlərin də məsuliyyəti var. Qlobal iqlim dəyişikliyi bəşəriyyətin bəlasıdır və bu problemi dünya dövlətləri bir yerdə aradan qaldırmalıdır. Paris sazişində də bildirilir ki, dünyanı gözləyən təhlükəni bütün ölkələr birlikdə dəf etməlidir. Gələn ay Bakıda keçriləcək COP29-un əsas mövzusu iqlimin maliyyələşməsidir. Bu isə o deməkdir ki, dünyada yaşıl enerjiyə keçid milyardlarla dollar tələb edir. COP29-da bu məsələ əsas müzakirə mövzusu olacaq və dövlətlər bu vəsaitin tapılması üçün müəyyən razılığa gəlməlidir. Məsələ burasındadır ki, dünyanın böyük şirkətlərinin də üzərinə bu prosesdə ciddi məsuliyyət düşür. Onlar yaşıl iqtisadiyyata keçidi özlərinin biznes strategiyasına daxil edib xüsusi planlar təqdim etməlidirlər.
Vəli Həsənoğlu,
KONKRET.az