Rusiyada yaşayan erməni əsilli biznesmen Samvel Karapetyan Ermənistanda rusofobiyanın artması ilə bağlı bəyanat verib. O, yeni yaradılan Erməni İş Adamları Birliyinin fəaliyyətinin genişlənməsinə ümid etdiyini bildirib. “Erməni xalqı arasında rusofobiya var. Bu, arzuolunmazdır. Dayanın!” – deyən biznesmen bununla bağlı açıqlama verib. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, tanınmış sahibkar öz bəyanatında vurğulayıb ki, “Rusiya Ermənistanın əsas strateji tərəfdaşlarından biri olub və olmaqda da davam edir. Kiçik və orta biznes sektorunun tərəqqisi Rusiya-Ermənistan münasibətlərinin inkişafı üçün çox vacibdir. Ermənistan İş Adamları Birliyinin məqsədi iki ölkənin istehsalçıları arasında qarşılıqlı əlaqəni gücləndirmək olacaq”. Samvel Karapetyan daha sonra bəyanatında qeyd edib ki, “Taşir” Şirkətlər Qrupu Rusiya ilə Ermənistan arasındakı qarşılıqlı faydalı münasibətləri çoxdan dəstəkləyir. Bu Assosiasiyanın yaradılması ticarət əməkdaşlığının daha da gücləndirilməsi üçün tərəfdaşların səylərini birləşdirməyə kömək edəcək və iki ölkənin işgüzar dairələri üçün daha sıx əməkdaşlıq yolunda bir addım olacaq”.
QEYD: Rusiyanın sənaye və tikinti sektorunda məşhur olan “Taşir” Şirkətlər Qrupunun əsas fəaliyyəti kommersiya əmlakının inşası və idarə olunmasıdır. Qrup öz fəaliyyətini digər sahələrdə – maliyyə, enerji, istehsal, otel və restoran biznesində də həyata keçirir. Rusiya və Ermənistanın 25 şəhərində biznes fəaliyyəti göstərir. “Taşir” Şirkətlər Qrupuna müxtəlif profilli 200-dən çox şirkət daxildir. Forbes-in məlumatına görə, 2015-ci ildə qrup 829 min m² pərakəndə əmlaka sahibdir, bunların arasında 8 ofis və 25 ticarət mərkəzi, o cümlədən ticarət və əyləncə mərkəzləri şəbəkəsi var. Şirkətin sahibi Samvel Karapetyan “Bloomberg” agentliyinin reytinqinə görə, 2017-ci ildən dünyanın ən varlı 500 adamından biridir.
F.TAHİROĞLU