“Venesuelada müxalifət indiki prezident Nikolas Maduronun hökumətini məğlub edə bilsə, bu, Rusiya ilə bu ölkə arasında normal münasibətlərin sonu demək olacaq”.
KONKRET.az xəbər verir ki, bu sözləri rus politoloq Yuri Svetov bildirib.
Onun sözlərinə görə, “Əgər Venesuelada hakimiyyət dəyişsə, iki ölkə arasında münasibətlər sıfıra düşəcək. Çünki müxalifət sırf amerikapərəst qüvvələrdir və amerikalıların müxalifəti dəstəkləməsinin səbəblərindən biri Venesuelanı Rusiyadan qoparmaq zərurətidir”.
O, əvvəlki hökuməti BRİKS-ə üzv olmaq niyyətində olan və hətta təsdiqlənmiş ərizə təqdim edən Argentinanı misal çəkdi. Lakin yeni, amerikapərəst prezident Havyer Maylinin seçilməsi ilə vəziyyət kəskin şəkildə dəyişdi: ölkə BRİKS-ə qoşulmaqdan imtina etdi və faktiki olaraq Rusiya və Çini öz düşmənləri elan etdi.
Ekspertlər etiraf edirlər ki, Maduronun üçüncü müddətə yenidən seçildiyi seçkilərə baxmayaraq, onun devrilməsi və müxalifətin hakimiyyətə gəlməsi ehtimalı hələ də qalmaqdadır. Rusiya Federasiyası Hökuməti yanında FSiMK Maliyyə Universitetinin dekanı Aleksandr Şatilov qeyd edib ki, hazırkı prezident 51,2% səs toplasa da, çox çətin vəziyyətdədir. Onun müxalifətdən olan rəqibi Edmundo Qonzalesin geri çəkilmək fikri yoxdur. Ona görə də Venesuelanı Rusiya və Çindən qoparmaq üçün Qərbin rəngli inqilab ssenarisini işə salıb.
Adətən, hazırkı hökumətin təmsil etdiyi seçkilərdə qalib gələnlərin faizi aşağı olanda, kütlə arasında mübarizə aparmaq və rəngli inqilab ssenarisini həyata keçirməyə çalışmaq şansları olur. Bu, 2000-ci ildə dəfələrlə baş verib. Məsələn, “narıncı inqilabı” (2004-2005-ci illərdə Ukraynada) yada salaq, o zaman Viktor Yanukoviçin ikinci turda qələbə qazanmasına baxmayaraq, “narıncı” ölkədə üçüncü raund keçirə bildi və faktiki olaraq çevriliş baş tutdu. İndi Venesuelada buna bənzər bir şey baş verir”, – deyə Şatilov fikrini izah edib.
Rusiyalı ekspertlərin fikrincə, indi Venesuela küçələrində baş verənlər böyük ölçüdə Maduronun özünün günahıdır, o, uzun illər hakimiyyətdə yalnız sələfi Uqo Çavesin mirasından istifadə edib və vətəndaşlara yeni heç nə təklif etməyib.
“Venesuela uzun illərdir ki, münaqişə vəziyyətindədir. Ölkə daxildən ciddi şəkildə parçalanıb. Uqo Çaves və onun varisi Maduronu dəstəkləyənlər də var, onların qəti əleyhinə olanlar da. Amma əsas problem Venesuelanın iqtisadi vəziyyətidir. İqtisadi vəziyyətsə çox pisdir və insanlar bunun günahını 2006-cı ildən hakimiyyətdə olan Maduroda görürlər”, – deyə Svetov izah edib.
Venesueladakı siyasi rejim 2000-ci ilin əvvəlindən faktiki olaraq dəyişməyib və “mənəvi aşınma” yaşayır. Nikolas Madurodan qat-qat xarizmatik şəxs olan Uqo Çavesin ölümündən sonra hakim rejim mövqelərini itirməkdə davam edib və lazım olan reformasiyanı həyata keçirməyib.
“Maduro cəmiyyətə yeni ideologiya yaratmadı və Uqo Çavesin qoyduğu bolivar irsi üzərində mövcud olmağa davam etdi. Bütün bunlar Maduroya qarşı oynayır”.
Ekspertlərin fikrincə, Venesuela liderinin əsas dəstəyi bütün çatışmazlıqlarına baxmayaraq, sosial yönümlü daxili siyasət yürüdən hökuməti dəstəkləyən ən yoxsul vətəndaşların əhəmiyyətli kütləsidir.
Ekspert əlavə edib ki, bununla belə, hazırkı iqtidarla müxalifət arasında qarşıdurmada əsas söz güc strukturlarında qalır, çünki bu, Latın Amerikası üçün əsas məsələdir.
“Əgər ordu, Daxili İşlər Nazirliyinin bölmələri və xüsusi xidmət orqanları Maduroya sadiq qalsalar, düşünürəm ki, o, bu vəziyyətdən çıxa və hakimiyyəti qoruya bilər”, – Aleksandr Şatilov hesab edir.
Politoloqun fikrincə, Maduronun təhlükəsizlik qüvvələrinin dəstəyinə ümid etmək üçün əsası var və bunun üçün o, respublika prezidenti kimi sələfinə təşəkkür etməlidir. Məhz Çaves ordunu aristokratiya institutundan xalq institutuna – vətənpərvər və ölkənin qanuni hakimiyyətlərinə sadiq bir quruma çevirə bilib.
“Rusiya və Çinin dəstəyi də vacibdir. Əgər onlar Venesuela liderini dəstəkləsələr, o zaman onun nəinki vəziyyəti müdafiə etmək, həm də bu dəfə müxalifəti məğlub etmək şansı var. Lakin hər halda Maduro Venesuela cəmiyyətinin geniş təbəqələrini özünə yönəltmək üçün gələcəkdə bəzi yeni təşəbbüslər həyata keçirməlidir”, – deyə Şatilov fikrini yekunlaşdırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az