Dünyaya gəldi, tarix yaratdı – Bu gün dövlət xadimi Heydər Əliyevin ruhu şaddırbackend

Dünyaya gəldi, tarix yaratdı - Bu gün dövlət xadimi Heydər Əliyevin ruhu şaddır

10 may tarixinin Azərbaycan təqvimində xüsusi yeri var. Həmin gün müstəqil dövlətimizin möhkəmləndirilməsində və inkişafında misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyət, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin doğum günüdür.

Ölkəsinin tarixini yaratmaq hər kəsə nəsib olmur. Xalqımızın belə şəxsiyyətlər baxımından bəxti gətirib. Onlar təkcə Azərbaycanın tarixini yazmayıblar, həm də özləri əbədi tarixə çevriliblər. Bunu Azərbaycan Xalq Cümhuriyyətinin qurucu liderləri və, şübhəsiz, böyük öndər Heydər Əliyev barədə ürəklə, əminliklə demək olar.

Türk–müsəlman dövlətləri arasında ilk dəfə Azərbaycanda demokratik respublika qurmaq kimi şərəfli missiyanı Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycanın görkəmli şəxsiyyətləri gerçəkləşdirdilər. Milli dövlətimizin ömrü 23 ay sürsə də, rus bolşevik qoşunlarının 28 aprel işğalı, 70 illik sövet imperiyası belə Rəsulzadə və məsləkdaşlarının fədakarlığını xalqa unutdura bilmədi. Xalq Cümhuriyyəti qurucuları əbədi olaraq xalqın könlünü fəth etdilər. Çürüyən sovet rejimi rəhbərliyinin erməni faşistlərinin lehinə olan qetri-qanuni və qəbuledilməz davranışı xalqımızı ayağa qaldırdı. M.Ə.Rəsulzadənin və məsləkdaşlarının səsləndirdikləri “Millətlərə istiqlal, insanlara hürriyyət!”, “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarları ilə başlayan çətin mücadilə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə nəticələndi.

Amma əldə olunan dövlət müstəqilliyinin dönməzliyini təmin etmək missiyası məhz bu mücadilənin önündə gedən siyasi liderlərdən biri olan Heydər Əliyevin taleyinə yazıldı. Kremlin, mənfur ermənilərin, daxilimizdəki bütün düşmənlərin ağlagəlməz əngəllərini dəf edən bu şəxsiyyət çox böyük əzmlə və qətiyyətlə Azərbaycan rəhbərliyinə qayıtdı. Aparılan bütün çirkin kampaniyalara baxmayaraq, xalqımız SSRİ kimi nəhəng imperiyanın yüksək zirvəsinə uçalmış yeganə azərbaycanlının ən ağır dönəmdə – ölkənin vətəndaş müharibəsi astanasında olduğu və dövlət müstəqilliyinə ciddi təhlükə yarandığı bir zamanda – hakimiyyətə gəlməsini tələb etdi.

Bəzən deyirlər ki, hakimiyyət hər zaman güclüdür və böyük üstünlüklərə malikdir. 1988-ci ilin əvvəllərində Dağlıq Qarabağda faşist təfəkkürlü erməni separatçılarının qiyamı başlayarkən və sonrakı bir neçə il ərzində biz Azərbaycanda bunun əksini gördük.  Həmin dönəmdə Kamran Bağırov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəy hakimiyyətlərinin yarıtmaz idarəçiliyi xalqımızın başına silsilə faciələrin gətirilməsi ilə nəticələndi. Ermənilər Vətənimizi parçalamaq, torpaqlarımıza yiyələnmək üçün bizə qarşı vəhşiliklər və cinayətlər törədirdilər, Bağırov, Vəzirov, Mütəllibov rejimləri isə televiziyalarda əcnəbi filmlər göstərməklə, Ermənistanla dostluq söhbətlərini və mahnılarını efirə verməklə təhlükəli durumu biabırcasına ört-basdır etməyə çalışırdılar. Doğrudur, Elçibəy onlardan fərqli olaraq Moskvaya xidmət etmirdi. Amma, təəssüf ki, onun birillik hakimiyyəti də Kəlbəcərin işğal olunması, Surət Hüseynovun qiyamının qarşısının alınmaması, fundamental azadlıqlar sahələrində nöqsanlara yol verilməsi ilə müşayiət olunurdu.

Baltiya respublikalarında və Ukraynada kommunistlər xalqın tərəfinə keçirdi, dövlət müstəqilliyi uğrunda mübarizəni dəstəkləyirdilər. Azərbaycan kommunistləri isə demokratik dəyişikliklərin, aşkarlığın və plüralizmin elan edildiyi dövrdə xalqımızın açıq-aşkar düşməni olan Mixail Qorbaçovun göstərişləri ilə oturub-dururdular. Heydər Əliyevin Bakıda yaşamasının və fəaliyyət göstərməsinin qarşısının alınması üçün müxtəlif təxribatlar törədilir, onun prezident seçkilərində iştirak etməməsi məqsədilə “yaş senzi” tətbiq edilirdi.

Halbuki, 1987-ci ildən işsiz qalan və Moskvada yaşamağa məcbur olan Heydər Əliyevin ölkəmizə və siyasi meydana qayıtması üçün cəsarətli addımın atılmasına böyük ehtiyac vardı. Bu gediş Qorbaçova və onun dəstəklədiyi ermənilərə əsl demarş olmaqla yanaşı, xalqımızı böyük bəlalardan qurtarardı. Təsadüfi deyil ki, çox illər sonra Rusiyanın yəhudi-erməni mənşəli jurnalisti Artyom Borovik “Mixail Qorbaçov deyil, Heydər Əliyev SSRİ-yə rəhbərlik etsəydi, bu quruluş dağılmazdı” etirafı ilə çıxış etdi. Təəssüf ki, ölkəmizin kommunistləri korafəhim oldular…

Lakin, bütün maneələrə baxmayaraq, Heydər Əliyev hakimiyyətə Naxçıvan yolu ilə döndü.

Nə yaxşı ki, qayıtdı!

Bununla ermənilərin Qarabağdan sonra Naxçıvanı işğal etmək planının qarşısı alındı. Əlbəttə, 1993-cü ilin 15 iyununda Azərbaycanda ikinci dəfə hakimiyyət zirvəsinə qalxmış Heydər Əliyev də Dağlıq Qarabağı, Laçını və Kəlbəcəri itirmiş, təklənmiş, xeyli zəifləmiş, nizamlı ordusu və silah arsenalı olmayan ölkəmizin digər 6 rayonunun da qısa müddət ərsində işğal olunmasının qarşısını ala bilməzdi. Amma 1993-cü ildən başlayaraq 2003-cü ilədək Azərbaycanın siyasi, iqtisadi və hərbi cəhətdən möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun artırılması istiqamətində elə misilsiz xidmətlər göstərdi ki, dövlət müstəqilliyimizin təhlükəsizliyi təmin olundu və Qarabağın düşmən tapdağından azad edilməsi yolunun təməli qoyuldu.

Onun uzaqgörənliklə Azərbaycanı etibarlı əllərə tapşırdığını bütün mahiyyəti ilə cəmiyyətimiz ötən ilki 44 günlük Vətən müharibəsi zamanı dərindən hiss etdi. Heydər Əliyev məktəbinin 1 nömrəli yetirməsi olan İlham Əliyevin torpaqlarımızın azad olunması uğrunda bütün dünyaya nümayiş etdirdiyi mükəmməl siyasət çoxlarına dərs oldu.

Bu gün əminliklə deyə bilərik ki, ərazi bütövlüyü bərpa olunan Azərbaycanın bütün böyük tarixi şəxsiyyətlərinin, o cümlədən görkəmli dövlət xadimi Heydər Əliyevin ruhu şaddır. Və onların ruhlarının Azərbaycan adlı candan heç bir vaxt ayrılmayacağı şəksizdir. Azərbaycanın tarixini qızıl hərflərlə yazanları bir daha rəhmətlə yad edək!

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*