Əbülfəz Elçibəy haqqında İLGİNC XATİRƏ – Komandoslar onun ətrafında canlı sədd çəkmişdilərbackend

Əbülfəz Elçibəy haqqında İLGİNC XATİRƏ - Komandoslar onun ətrafında canlı sədd çəkmişdilər

Ramazan Siracoğlu, professor

24 iyun günü Azərbaycanın ictimai-siyasi həyatında çox məşhur olan, sabiq Prezidént Əbülfəz Elçibəyin anadan olduğu gündür. Onun haqqında olan  bəzi düşüncələrimi “KONKKRET.az”ın hörmətli oxucuları ilə bölüşməyi özümə mənəvi borc bilirəm.

Əbülfəz Elçibəy, keçən əsrin 70-ci illərindən bu günədək ictimai-siyasi gündəmdə öz mövqeyini qoruyub saxlamaqdadır. Onu tanıyıb bilənlər, sevənlər, təqdir, tənqid, təhqir edənlər, hətta Elçibəy adını qısqanclıqla qarşılayanlar arasında həm özümüzdən olanların, həm də başqalarının sayı-hesabı bəlli deyil. Lakin əminəm ki, sevənləri, təqdir edənləri, ardıcılları ona nifrət bəsləyənlərdən dəfələrcə çoxdur.

Əbülfəz bəyi universitetdə oxuduğum ilk günlərdən tanımışdım. Bir təsadüfdən sonra, sözün əsl mənasında, onun çoxsaylı ardıcıllarından biri oldum.

Yaxşı yadımdadır: oktyabr ayının 29-u, həftənin birinci günü idi. Bizi dərsdən çıxarıb Universıtetın Yuxarı binasına (bizim fakültə o zaman Kommunist (indiki İstiqlaliyyət) küçəsi, 8-də yerləşirdi və Universitetin əsas binası Yasamalda  P. Lumumba, 23-də (indiki Z. Xəlilov, 23) olduğundan oranı belə adlandırırdılar), 7 noyabr nümayişində sıra ilə addımlamağı öyrətmək üçün oraya “marşirovka”ya göndərmişdilər. Yuxarı binaya getməzdən əvvəl nahar üçün “Azərnəşr”in arxa tərəfində “kəşf elədiyim” xudmani  kafeyə girdim. Rafiq müəllimlə (İsmayılov) Əbülfəz bəyi içəridə görəndə, geri qayıtmaq istərkən, Rafiq müəllim məni səslədi: “Bura gəl, bura gəl”.

İstər-istəməz, onlara yaxınlaşıb salam  verdim. Rafiq müəllim hara getdiyimlə maraqlandı. Çəkinə-çəkinə “marşirovka”ya dedim. Rafiq müəllim “otur nahar elə, sonra gedərsən, marşirovka qaçmır” deyib, Əbülfəz müəllimə tərəf döndü:“Anamın şagirdi olub, indi də bizim tələbəmizdir”.

Əbülfəz bəy gülümsündü: “Şilyanlısan?”

Sevincək “bəli” dedim. Əbülfəz bəy də, “böyük kənddir, o kənddə çox olmuşam; otur, otur” dedi, hətta zarafat da elədi: “Gördün yemək, daha nə demək?”

Onlarla bir masa arxasında oturmanın mənə verdiyi qürur hissi utancaqlıq hissimə qalib gəldi. Büruzə vermədən Rafiq müəllimlə Əbülfəz bəyi müşahidə edirdim. Rafiq müəllimlə  Əbülfəz bəy Misir haqqında danışırdılar. Sanki onların  danışıqlarını eşidıblərmiş kimi birdən  radioda o vaxtlar dəbdə olan “Binti şələbiyyə” mahnısı ifa olundu.  Əbülfəz bəy o mahnı haqqında məlumat verməyə başladı: “Şələbiyyə vaxtilə İspaniyaya, indi isə Portuqaliyaya aid olan bir yerin adıdır. “Binti Şələbiyyə”, yəni “Şələbiyyəli qız”. “Ayunə ləvziyyə” isə “badam gözlü” mənasındadır. Misirlilər sözlərin tərkibindəki “qaf” hərfini tələffüz etmirlər, diqqət edin, “bihibbik min əlbi, ya əlbi” deyir, yəni, “canım, səni ürəkdən sevirəm”. Rafiq müəllim də Sudan ərəblərinin ləhcəsində türkcə sözlərdən danışırdı: git, şavuş, kurek, şu ne, dibcək vs. Onun sözünə görə, sudanlılar undan hazırlanan dadlı yeməyə  “zələbiyyə” deyirlər. Ola bilsin ki, “zələbiyyə”nin  “şələbiyyə”yə  çevrilmiş şəklidir bu söz. Əbülfəz bəy onunla razılaşmırdı: – Yox, yox, bəy. “Zələbiyyə” ayrıdır, “şələbiyyə” ayrı.

Tarix müəllimi kimi tanıdığım Əbülfəz bəyin belə incəlikləri bilməsi məni sanki əfsunlamışdı. Nəyin bahasına olur-olsun o mahnının sözlərini tapıb əzbərləməyi, bacarsam “şələbiyyə”nin  nə olduğunu öyrənməyi  qərara aldım. Düşündüm ki, Əbülfəz bəyə təkrar  müraciət edə bilməm üçün bu mənə yaxşı bir fürsət olar. Sağollaşıb ayrılanda mən o kafeni, sözün əsl mənasında, Əbülfəz bəyin heyranı olaraq tərk etdim.

Çox keçmədən mən “Binti şələbiyyə”nin sözlərini tapıb öyrənmiş, Əbülfəz bəyə müraciət etmək üçün öz “dəlil”imi də tapmışdım: “binti şələbiyyə” bəlkə, “çələbi qızı” deməkmiş, yəni “bəyzadə, bəy qızı”; ərəb dilində “ç” səsi olmadığından, “çələbi”yə “şələbi” deyirlər. “Binti şələbiyyə”, yəni “zərif, gözəl qız”.

Əbülfəz bəy də maraqla məni dinləmiş, gülümsər səslə  “bu da sizin variantınız olsun” demişdi. İkinci kursda oxuyanda Əbülfəz bəyi daha çox dinləmək  imkanım olurdu. Lakin bı imkan uzun sürmədi. Yanvar ayının 15-də, biz “Partiya tarixi”ndən imtahan verəndə, Əbülfəz bəyin  tutulması xəbəri ildırım sürəti ilə bütün universitetə yayıldı. Bu xəbər Əbülfəz bəyin tərəfdarı olan müəllimləri və onu sevən tələbələri sarsıtmışdı. Hərə bir söz deyirdi.  Dekanlıqdan dərsə  davamiyyət jurnalını götürəndə yaşlı müəllimlərimizdən birinin deyindiyini eşitdim: “Yaxşı oldu ona, ağzına gələni danişırdı. İndi gedib orda ağıllanar”.

Uzun müddət onu görə bilmədim. Hamı bir-birindən çəkinirdi, söz soruşmağa qorxurdu. May ayının ortalarında Əbülfəz bəyin il yarım həbs cəzası aldığı xəbəri gəldi. Müəllimlik fəaliyyətinə də  ömürlük qadağa qoyulduğunu öyrəndim. İllər beləcə keçdi…

Əbülfəz bəy həbsdən çıxdıqdan sonra Azərbaycan SSR Elmlər Akademiyasının (AMEA) Əlyazmaları Fondunda (İnstitutunda ) işləməyə başlamışdı.  Mən də təyinat müddəti üzrə işlədikdən sonra aspiranturaya daxil olmuşdum.  Əbülfəz bəy dünyasını dəyişənədək mütəmadi olaraq onunla görüşmüş, söhbətlərini dinləmişəm.. Sonralar bu səmimiyyətimiz ailəvi münasibətə çevrilmişdi.

Əbülfəz Elçibəy çox istiqanlı, ailəcanlı, əxlaqlı, milli dəyərləri yüksək qiymətləndirən şəxsiyyət idi. Zahiri baxımdan sərt görünüşlü Bəyin çox kövrək və həssas qəlbi vardı. Bəzən, ən kiçik, önəmsiz kimi görünən hərəkət onu çox mütəəssir edirdi. Mənə şövqlə danışırdı ki, Türkiyə Respublikasının SSRİ-dəki səfiri Vahid Halefoğlu (1919-2017 ) 1982-ci ildə Əlyazmalar Fonduna gələndə Füzulinin portretinin önündə durub məşhur “Məni candan usandırdı” qəzəlinin mətlə beytini deyəndə, akademik Həmid Araslı (1902 – 1983) da səfirin sözlərini “Mənə tə’n eyləyən qafil, səni görgəc utanmazmı?” misrası ilə tamamlayıb. Əbülfəz bəyə görə, bu mükalimə siyasi bir mesajmış və Həmid müəllim türk səfiri müşayiət edən sovet rəsmilərini nəzərdə tutaraq bunu söyləyib.

Əbülfəz bəy özünəməxsus həyəcanla  danışırdı ki, 1967-ci ildə Türkiyənin Baş naziri Süleyman Dəmirəl Bakıya gələndə Bakıda “Bir dağ masalı” adlı türk filmi nümayiş etdirildi, camaat həmin filmin rus dilinə tərcümə olunmasına imkan vermirdi. Tanınmış  türk müğənnisi Nəsrin Sipahi 1970-ci ildə Bakıda Yaşıl Teatrda konsert verəndə, konsertdəki yaşlı adamlar  KQB-nin qorxusundan ona gül verə bilmirdilər, oradakı uşaqlar çöldən çiçək qoparıb türk müğənnisinə gətirdiklərində Nəsrin Sipahi “galiba, büyükler duvarı aşamıyorlar” söyləyib. Bəyin zənnincə, bu da bir siyasi replikaymış.

Bu bir danılmaz faktdır ki, Elçibəy aşırı bir Türkiyə heyranı idi. Hətta arada-sırada Azərbaycan və Anadolu türkcəsinin qarışımında poetikləşmiş ifadələr söyləməsi də vardı:

“Seni ışık yaratmış türkün yari Çelebi,

Beni ışık hayranı—tıpkı kelebek gibi…”

və ya

“Deniz gözlüm, Tanrım sana kıymasın:

Ulusumun istəyi var gözünde…”

Elçibəy 1992-ci ildə Prezident kimi ilk səfərini də məhz Türkiyəyə gerçəkləşdirmişdi. Özünün sözlərinə görə, orada torpağı öpmək üçün bir girəvə, münasib imkan axtarırmış. Gecə Çırağan otelindən çıxıb Mərmərə dənizinin sahilinə gəlir, onu qurudan, havadan və sudan mühafizə edən komandoslar da təlimat üzrə onun ətrafında canlı sədd çəkiblərmiş. Bəy onlara “Sizə soyuq olacaq, sudan çıxın” desə də, onlar nə sudan çıxmışlar, nə də Bəylə danışmışlar.

Əbülfəz bəy alicənab şəxsiyyət idi. Onu tanıdığım 27 il müddətində hansısa bir adamın ünvanına nalayiq söz və ya ifadə işlətdiyini heç eşitmədim. Onun haqqında “donos” yazmış, üzünə durmuş tələbələrindən də, müəllim həmkarlarından da (bir neçəsinin adını söyləmişdi), bir dəfə olsun, gileylənmədi. Haqqında ağlasığmaz iftiralar söyləyənlərə, böhtan atanlara, təhqir yağdıranlara, söyüş söyənləri də heç qınamırdı: “onların da  çörək pulu məni söyməkdən çıxır, ehtiyacın üzü qara olsun, neyləsinlər yazıqlar?”

Çox nikbin idi, hər şeyin bir zamana ehtiyacı olduğunu düşünürdü.

Bəyin qeyri-adi musiqi duyumu vardı. 19 mart 1984-cü ildə filarmoniyada  yanaşı oturub Aşıqların IV qurultay iştirakçılarının konsertinə tamaşa edirdik. Aşıq Kamandar oxuyub qurtaranda, Əbülfəz bəy dedi ki “Düşünürdüm, görəsən, Tufarqanlı Abbas, Xəstə Qasım, Aşıq Ələsgər necə aşıq olublar, nə təhər oxuyublar? Aşıq Kamandarı tanıyandan sonra anladım ki, onlar Aşıq Kamandar kimi aşıq olublar”. Fikrət Əmirovun musiqi bəstələrinin heyranı idi, Məmmədəli Əliyevin ifasında “Şeyx Sənan” əsərindəki kor ərəbin mahnısını dinləməkdən doymazdı. Təəssüflənirdi ki, Cavid əfəndiyə bu musiqi əsərini eşitmək qismət olmadı.

Bəyin düşüncəsinə görə, bəstəkar E. Sabitoğlunun şair B. Vahabzadənin “Kəpənək” şeirinə bəstələdiyi mahnı çoxlarına şən, məzəli mahnı kimi görünsə də, əslndə, bu əsərdə dərin nisgil var, əlçatmaz platonik sevginin mümkünsüzlüyünün üzüntüsü gizlənib o qammalarda: “O zərif qanadlı kəpənək bir simvoldur. Onu tutsan, ölər, qəfəsdə də saxlaya bilməzsən, ancaq “əllərində izi qalar.”

Arabir zarafatından da qalmazdı. Gülə-gülə deyirdi ki, ermənilər o böyüklükdəki ata “ci” deyirlər, amma zərif gülə isə “vart”.

Əbülfəz bəy orta əsrlərə aid məxəzləri xüsusi şövq və diqqətlə araşdırırdı. Zarafatla deyirdi ki, latın və kiril əlifbasında yazılanları öncə oxuyursan, sonra başa düşürsən; ərəb əlifbası ilə yazılan mətni isə əvvəl başa düşüb, sonra oxumalısan, əks təqdirdə, “bərməla” (برملا – açıq, aydın) sözünü “bir molla” (برملا ), “qurbət”i (قربت -yaxınlıq)- Qərəbət, “kətəbə”ni ( کَتَبَ – yazdı ) – “kutub” ( کُتُبٍ – kitablar ) və ya “kutibə” (کُتِبَ – yazıldı), “mələk” sözünü ( ملَكَ ) – “mulk” (لمُلكا), “məlik” (مَلِك – hökmdar) və ya “milk” (مِلْكٌ – ağ ləkə) şəklində oxuycaqsan. Müxtəlif dövrlərə aid fərqli xətt növlərində (siyaqət, riq’ə, şikəstə, divani, nəsx, nəstəliq, kufi, təliq, sülüs, reyhani, cəli v.s) yazılmış mənbələri oxumaq hövsələ, səriştə, fantaziya və bilik tələb edir. Əbülfəz bəyin belə yazıları oxumaqda qibtəediləcək qabiliyyəti vardı: Əbülfəz bəy, bütün insanlara, xüsusən də gənclərə qarşı çox sayqılı və həssas davranırdı.

Yaxşı yadımdadır, 1983-cü ilin may ayının ortalarında akademik Məmməd Cəfər müəllimin razılığı, Aydın Məmmədovun təşəbbüsü və bir  xeyirxahın maddi dəstəyi ilə “Azərbaycan məsələləri” toplusu nəşrə hazırlanırdı. Mən o toplu üçün “Əbu Osman Əmr bin Bəhr əl Cahizin ( 777- 869) “Fəzail’ül ətrak” əsərində türklərə münasibət” adlı məqalə təqdim etmişdim. Redaksiya şurasının şərtinə görə, elmi dərəcəsi olmayan müəlliflərin yazılarının çap edilə bilməsi üçün iki mütəxəssis rəyi tələb olunurdu. Mənim o zaman elmi dərəcəm olmadığı üçün məqaləmi Azərbaycan Dövlət Universitetinin (BDU-nun) Şərqşünaslıq fakültəsinin Ərəb dili kafedrasına və Azərbaycan SSR EA-nın Əlyazmaları şöbəsinə (Əlyazmalar İnstitutuna) rəyə göndərmişdilər.

Məqaləmin aqibətini öyrənmək üçün öncə Universitetin (o vaxt ancaq bir universitet vardı- ADU; qalan ali məktəblər institut adlanırdı) Şərqşünaslıq fakültəsinə, professor Vasim Məmmədəliyevin yanına getdim. O zaman Vasim müəllim Şərqşünaslıq fakültəsinin dekanı idi. Vasim müəllim məni çox gülərüz qarşıladı və hələ məqaləmi oxumağa vaxt tapmadığını, ancaq beş-on günə mütləq oxuyacağını söylədi. Oradan “İsmailiyyə” binasına, Əlyazmaları şöbəsinə (o zamanlar Əlyazmalar İnstitutu hələ şöbə statusunda idi və orada yerləşirdi ), Əbülfəz bəyin yanına getdim. Əbülfəz bəy orada şöbə müdiri işləyirdi. Məni görən kimi, “məqalənizi oxudum, rəy də yazdım” deyib masasının siyirtməsindən imzalı, möhürlü kağızı göstərdi. Sonra da “gedək bir stəkan çay içək, yazıyla bağlı bəzi şeylər soruşmaq istəyirəm” söylədi. Qeyri-iradi Əbülfəz bəyin mənim məqaləmə yazdığı rəyə baxdım, müsbət olduğunu görüncə rahatladım.

Az sonra Bəylə bərabər “Narxoz”un – Xalq Təsərrüfatı İnstitutunun (İqtisad Universitetinin) yeməkxanasında nahar edirdik. Əbülfəz bəy məqaləmə müsbət rəy yazmasına baxmayaraq, yazımda irəli sürdüyüm ümumi konsepsiyasının yanlış olduğunu söylədi:

– Sən məqalədə iddia edirsən ki, Cahiz bir türk heyranıdır, halbuki o, iliklərinə qədər ərəb şovinisti olub. Məsələn, Cahiz “Kitabu’l a’rab və məvali” kitabında ərəblərin bütün xalqlardan üstün olduğunu yazmış, “Kitabu’l buxala” əsərində isə ərəblərdən başqa bütün etnik mənsubiyyətləri aşağılayıcı halda ələ salmışdır.

 

Əbülfəz bəyin danışdığı kitabların məzmunundan mənim xəbərim olmadığından onun iradı qarşısında nə deyəcəyimi də bilmirdim. Bu vaxt mənim tanımadığım ortayaşlı bir şəxsin bizim masaya yaxınlaşıb salam verməsi mənim üçün lap göydəndüşmə oldu. Əbülfəz bəy onun salamını alıb hal-əhval tutdu:

– Mirzə, əyləş görüm. Nə var, nə yox?

Mirzə (bilmədim onun əsl adı Mirzəydi, yoxsa Bəymi ona belə müraciət edirdi) deyilən adam da “sağlıq-salamatlıqdır” deyib əlavə etdi: “Azərnəşr”dən gəlirəm, “vostfak”a ( Şərqşünaslıq fakültəsinə) Şəfainin (professor Əhməd Şəfainin) yanına gedəcəyəm.

Əbülfəz bəy marağını gizlətmədi:

– Xeyir ola?

– Bir səhifədə bir neçə yerdə təkrarlanan bir söz var, dəqiq oxunuşunu və mənasını yazmaq lazımdır.

Əbülfəz bəy Mirzə adlandırdığı şəxsin əlindəki səhifəyə diqqətlə baxdı, sonra da izah etməyə başladı: “ğuluv” – غلو – bədii ifadə vasitəsidir, mübaliğənin daha üstün dərəcəsinə deyilir. Söylədiklərimə şübhən varsa get Şəfai müəllimdən də soruş.

“Azərnəşr”dən gələn adam etiraz etdi:

– Yox, yox. Dedikləriniz məntiqli gəlir. Daha “vostfak”a getməyə gərək qalmadı.

Mən Əbülfəz bəydən üzrxahlıq edib onun mənim məqaləmə yazdığı rəyi də götürüb Nərimanov prospektinə (Cavid prospektinə) Akademiyaya getdim. Əbülfəz bəy elmi məsələlərdə çox diqqətli idi. Bir dəfə söhbət əsnasında mən Abbasilər dönəminin İmru’lqeysi (500-540) sayılan Əbu Nuvas (762?- 813?) haqqında danışanda onu “Ya əyyuhən-nas uşrubu xəmrən in ləkum minhu’l-ilac- Ey insansanlar, əgər sizə əlacdırsa, şərab için” misrasına görə həbs etdiklərini söyləyəndə Əbülfəz bəy mənə irad tutdu:

– Bəy, biraz ehtiyatlı olun. Qulaqlarım eşidə-eşidə Əbu Nuvası təhrif edirsiniz. Əbu Nuvasın o misrasında “in- əgər” sözü yoxdur. İnanmırsınızsa, elmi rəhbəriniz Aida xanımdan (professor Aida xanım İmanquliyeva) soruşun.

Qeyd edim ki, Aida xanım və Əbülfəz bəy 1957-1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində eyni qrupda oxumuşlar) soruşun. Mən üzrxahlıq edib razılaşsam da, sonralar əlimə düşən elə ilk fürsətdə dəqiqlik üçün elmi rəhbərim, ərəb ədəbiyyatının mahir bilicisi, professor Aida xanımdan o misranı soruşdum. Aida xanım da Əbülfəz bəyin doğru söylədiyini təsdiqlədi:

– Əbu Nuvas, şürbi (alkoqol düşkünü) idi, onu məhz Qurani-kərimin hökmünə — “Maidə” surəsinin 90-cı ayəsinə  qarşı çıxdığına görə zindana atmışdılar. Sənin iddia etdiyin kimi – “dərdinizə əlacdırsa, şərab için” yazsaydı, daha onu niyə tuturdular ki? Həmin ayədəki “şərab” mənasında və ya “sərxoşedici” mənasında işlənmiş “xəmr” – خمر – sözünün qədim ərəbcədəki əsl mənası “örtmək, qapamaq”dır; başqa sözlə, “xəmr”- “ağılı, hissiyyatı, duyğu üzvlərini keyləşdirən” anlamındadır. Diqqət edirsənmi, “murdar, pis, iyrənc” mənası verən “rics”- رِجْسٌ – adlandırılanların önündə “xəmr” gəlir. Əbu Nuvas isə tam tərsini – “ Ey insanlar, şərab için, ondan sizə əlac var” yazdığına görə Harun-ər-Rəşidin oğlu xəlifə Əmin tərəfindən cəzalandırılıb. Deməli, Əbülfəz bəyin iradı tamamilə haqlıdır.

Əbülfəz bəy özünün elmi səviyyəsinin yüksəkliyini 1985-ci ildə Lenininqrad (Sankt-Peterburq) şəhərindən gəlmiş iranşünas professor V.A.Livşitslə (1923-2017) diskussiya zamanı bir daha sübuta yetirmişdi. Yeri gəlmişkən, həmin diskussiyada akademiklər Məmməd Cəfər, Ziya Bünyadov və İqrar Əliyev də iştirak edirdilər. V.A. Livşits iddia edirdi ki, Orxon yazılarında “h, c, f, ğ, j” hərflərinin olmaması, Göytürk mətnlərinin ümumilikdə cəmi 843 sözdən törəməsi sübut edir ki, türk dili başqa dillərlə müqayisədə çox gənc dildir, yaranma tarixi miladdan sonrakı dövrlərə düşür. Leninqradlı həmkarına etiraz edən Əbülfəz bəy bildirdi ki, türkdilli ədəbiyyatda “dodaqdəyməz” adlanan şeir növü var. Aşıqlar, şairlər tərkibində “b, p, m” səsləri olmayan sözlərdən ibarət şeir qoşur. Yaxud, misralarında “l və r” səsləri iştirak etməyən, “dildönməz” adlanan şeirlər mövcuddur. O cür şeirlərə istinad etsəniz, o zaman türk dilində “p, b, m, l, r” səsləri də yoxdur deyə iddia edə bilərsiniz. Ərəb şairləri dilə nə dərəcədə hakim olduqlarını isbatlamaq üçün şeir yarışmalarında ancaq nöqtəli və ya nöqtəsiz hərflərin iştirak etdiyi sözlərdən şeir yazma müsabiqələri keçirirdilər. Təsəvvür edirsinizmi, ərəb əlifbasındaki 28 hərfin yarısı nöqtəli, yarısı da nöqtəsizdir. ALLAH eləməsin, sizin əlinizə o şeir numunələrindən düşsə, iddia edərsiniz ki, ərəb dilində cəmi 14 səs var. Hörmətli Vladimir Aronoviç, sizin “Sovetskaya tyurkoloqiya” jurnalının 1978-ci ilə aid 4-cü sayında çap olunmuş “Qədim türk runik əlifbasının mənşəyinə dair” məqalənizdə Göytürk əlifbasını runik əlifba adlandırmanız doğru deyil. Zira, runik yazıların sağdan və ya soldan, yuxarıdan aşağıya, yaxud da aşağıdan yuxarıya oxunuşunun əhəmiyyəti yoxdur, Orxon yazılarında vəziyyət tam başqadır. Göytürk yazılarının bəziləri qrafik baxımından bir-birinin asimmetrik formasıdır. Məsələn, “ı, i, l, p”; “n” və “z”; “t”-“k”-“r”; “l”-“ç” hərfləri yazılışca bir-birinə bənzəyir. Başqa sözlə, o hərflər güzgü effekti ilə, asimmetrik yerdəyişmə prinsipiylə yaranıb. Gətirilən faktlar qarşısında rusiyalı şərqşünas V.A. Livşitsin “учтем – nəzərə alarıq” söyləməkdən başqa çarəsi qalmadı.

Əbülfəz bəy, Şərq fəlsəfəsinin incəliklərinə yaxşı bələd idi. Məsələn, onun orta əsr filosofu Şihabəddin Suhrəverdi (1154?-1191?) mövzusunda öz keçmiş tələbə yoldaşı, professor Zakir Məmmədovla qızğın mübahisəsi xatirimdədir. Yanılmıramsa, Əbülfəz bəy “İnşiraq fəlsəfəsi” əsərindəki “mələklər olmadan Haqq-təalanın göyü yaratması qeyri-mümkündür” cümləsinə istinadən Şihabəddin Sührəverdinin zaman-zaman dualist fikirlər söylədiyini bildirir, Zakir müəllim isə bu fikrə qarşı çıxırdı.

Əbülfəz bəyin incə poetik duyumu vardı. Bir dəfə bir tanışımla filarmoniya bağında “Millət” çayxanasında çay içəndə gözlənilmədən Əbülfəz bəy, tanınmış alim Aydın Məmmədov və məşhur diktor Qara Tağızadə də içəriyə girdilər. Əbülfəz bəy bizi görüb – “Bizimkilər də buradadır ki! Onların yanında oturaq” deyəndə, biz çox sevindik, masamızdakı çaynik təzələndi. Maraqlı söhbət başladı. Söhbət əsnasında Qara Tağızadə dedi ki, radioda çıxış edən bir məşhur filoloq dinləyicilərə S.Ə.Şirvaninin öz oğluna Azərbaycan övladı olduğunu ifadə edən misralar yazdığını söyləyir və fikrini

Sənə bürhan deyil təriqi-pədər,

Gör nə yol getdi zadeyi-Azər

misraları ilə təsdiqləyirdi. Q.Tağızadənin sözləri Əbülfəz bəyi heyrətləndirdi:

– Bu qədər dayazlıq olmaz axı! Birincisi, o misrada Azərbaycan övladı məfhumu yoxdur. S.Ə. Şirvani “zadəyi-Azər – Azər oğlu” ifadəsində İbrahim Peyğəmbəri nəzərdə tutmuşdur. İbrahim Peyğəmbərin atasının adı Azər idi. Qurani-kərimin “Ənam” surəsinin 74-cü ayəsində bu barədə məlumat var: قَالَ اِبْرٰه۪يمُ لِاَب۪يهِ اٰزَرَ اَتَتَّخِذُ اَصْنَامًا اٰلِهَةًۚ – Qalə İbrahimu li əbihi Azərə ə’əttəxizu əsnamən alihətən— İbrahim atası Azərə “Bütləri özünə tanrılar olaraqmı götürürsən?” – söylədi.) S.Ə.Şirvani öz oğluna yazır ki, “atanın yolu övlad üçün nümunə və ya dəlil deyil; görürsənmi, Azərin oğlu, yəni Həzrəti-İbrahim necə yol getdi? Burada, İbrahimin öz bütpərəst dədə-babalarının ibadət etdikləri bütün bütləri qırdığı xatırladılır.”

Əbülfəz bəy tamamilə haqlıydı. Bizə isə Qara Tağızadənin haqqında söhbət açdığı o məşhurun S.Ə. Şirvaninin şeirin mənasını dərk etməməsinə ancaq təəssüflənmək qaldı.

Siyasi boşboğaz, intriqan, ermənipərəst və riyakar M.S.Qorbaçovun 11 Mart 1985-ci ildə SSRİ-yə başçılıq etməsiylə bütün Sovet İttifaqı boyu “yenidənqurma” və “aşkarlıq” pərdəsi altında sərhədlərin yenidən müəyyənləşdirilməsi, bəzi “bəlakeş” millətlərin problemlərinin “ədalətlə” həll olunması pərdəsi altında Orta Asiya və Cənubi Qafqazda yaşayan türklərə divan tutulmağa başlandı. Havadarlarına güvənən daşnaklar Ermənistan adlanan yerdə yaşayan aborigenlərə – türklərə qarşı genosid siyasəti yürütməyə başladılar. 1988-ci ilin noyabr ayından olub-bitənlərə biganə qala bilməyən on minlərlə vətəndaşımız ölkədə güclənən milli dirəniş hərəkatına qoşuldu. Fərasətsiz Mişa Raykinin (arvadağız Qorbaçova hörmət əlaməti olaraq verilən ləqəb) bədnam milli siyasəti ucbatından Əbülfəz bəyin də elmi fəaliyyəti natamam qaldı. Təlatümlü dənizi xatırladan cəmiyyətdə daha elmi araşdırmalar aparma, qarmaqarışıq manuskriptləri deşifrə etmə zamanı deyildi.

Türk şairi Ahmed Kudsi Tecerin qələminə məxsus bir şeirdə Əbülfəz bəyin çox sevdiyi belə misralar var:

Orda bir yol var, uzakta

O yol bizim yolumuzdur.

Dönmesek de, varmasak da

O yol bizim yolumuzdur…

Əbülfəz bəy ömrünün yarıdan çoxunu indiki “İstiqlaliyət” küçəsində keçirib. 1957-1962-ci illərdə təhsil aldığı Şərqşünaslıq fakültəsi, 1965- 1968- ci illərdə oxuduğu aspirantura, 1968-1975-ci illərdə işlədiyi Asiya və Afrika Ölkələri Tarixi Kafedrası “İstiqlaliyyət” küçəsində yerləşirdi; Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları Əbülfəz bəyi 15 yanvar 1975-ci ildə auditoriyadan çıxanda “İstiqlaliyyət” küçəsində həbs etmişdilər; 1976-1992-ci illərdə fəaliyyət göstərdiyi Əlyazmalar İnstitutu, 1992-1993-cü illərdə – Prezident olduğu dövrdə fəaliyyət göstərdiyi Prezident Aparatı da “İstiqlaliyyət” küçəsindədir. Əbülfəz bəyi əbədiyyətə aparan yol da təsadüfmü, zərurətmi, bilmirəm – “İstiqlaliyyət”dən başladı. Əbülfəz bəy tərəddüd etmədən 17 noyabr 1988-ci ildə “İsmailiyyə”nin qapısını açıb qətiyyətli addımlarla “İstiqlaliyyət” (“Kommunist”) küçəsində toplanmış insan selinə qatıldı. İlk dəfə qatıldığı axından yüz qat daha izdihamlı insan seli illər sonra – 23 avqust 2000-ci ildə onu öz çiyinlərində Fəxri Xiyabana apardı.

Kim nə deyir desin, Əbülfəz Elçibəy bütün doğruları və yanlışlıqları, savabları və günahları ilə tariximizə imzasını atmış şəxsiyyətdir. Güvəndiklərini olduqları kimi deyil, görmək istədiyi şəkildə gördüyündən, arabir irrasional seçimlər etsə də, kolxozda briqadir vəzifəsində çalışmağa qabiliyyəti olmayan bəzi qalstukluları yüksəldib göylərə çıxartsa da, qətiyyət tələb olunan məqamda bəzən tərəddüd etdiyi anlar olsa da, Əbülfəz bəyin parlaq sima olduğuna əminəm.

İnanıram ki, Əbülfəz bəy siyasət aləmində anidən parlayıb sonra yox olan komet deyil, o, bu gün bizimlə, sabah isə mütərəqqi düşüncəli gəncliklə bərabər daha geniş və firavan üfüqlərə doğru yürüyəcəkdir..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*