“Əgər Rusiya bunu etməsə, Bakı sərt tədbir görəcək” – Sülhməramlıların təxribatı ilə bağlı AÇIQLAMAbackend

“Əgər Rusiya bunu etməsə, Bakı sərt tədbir görəcək” – Sülhməramlıların təxribatı ilə bağlı AÇIQLAMA

Dünən axşam saatlarında Əsgəran-Ağdərə yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində 1 ədəd “BTR 82A” və 3 “Ural” markalı avtomobildən ibarət Rusiya sülhməramlı kontingentinin karvanı Azərbaycan postunda yoxlama üçün saxlanılıb. Baxış zamanı avtomobillərdən birinin yük hissəsində yataq döşəklərinin arasından gizlədilən azı 5 ədəd “Kalaşnikov” avtomatı aşkar edilib. Qaydaların kobud şəkildə pozulmasına – silah və sursatların sənədsiz daşınmasına cavab olaraq konvoy dayandırılaraq geri göndərilib.

KONKRET.az Minval.az-a istinadən xəbər verir ki, bu hadisə bir sıra qaranlıq məqamlara aydınlıq gətirib. Buradan belə nəticə çıxır ki, Kalaşnikov avtomatları qəsdən gizlədilib. Yəni, söhbətin silah qaçaqmalçılığından getdiyini istisna etmək olmaz. İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra bu, Rusiya sülhməramlıları ilə bağlı üzə çıxan ilk hadisədir. Bu məqam sülhməramlıların komandanlığı ilə bağlı müəyyən sualların yaranmasına səbəb olur.  Belə çıxır ki, onları heç bir sənəd olmadan gizli silah daşınması ilə məşğul olmaq üçün göndəriblər? Maraqlıdır, Rusiya Müdafiə Nazirliyi bu hadisə ilə bağlı Azərbaycan tərəfinə hər hansı izahat verəcəkmi? Bəs Azərbaycanın hansı cavab tədbirləri görmək hüququ var?

Qafqaz Siyasi Təhlil Mərkəzinin direktoru Əhməd Əlili bildirib ki, Azərbaycan Rusiya qoşunlarının Qarabağdakı davranışından narazıdır:

“Uzun müddətdir ki, Ermənistan silahlı qüvvələri Rusiya hərbçilərinin himayəsi altında orada yerləşdirilib. Bu, artıq gizlədilmir”, – deyə prezident İlham Əliyev bildirib. Ermənistan tərəfi isə bunu özünün Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dili ilə praktiki olaraq təsdiqləyib. Bu, 2020-ci ilin Noyabr ayında imzalanan Üçtərəfli Bəyanatın indiyə qədər pozulduğunu göstərir. Qarabağda müvəqqəti yerləşdirilən rus qoşunları isə buna qarşı heç bir tədbir görməyiblər, konkret addım atmayıblar. Bu baxımdan prezidentin açıqlamasının və onun ətrafında baş verənlərin çox önəmli olduğunu düşünürəm”, – deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, Qarabağdakı rus qoşunlarının statusu prezident Əliyevdən birbaşa asılıdır: “Nə qədər ki, Azərbaycan rəhbəri Qarabağda yerləşən Rusiya hərbçilərini sülhməramlı adlandırır, onlar belə hesab olunacaqlar. Ancaq onları sülhməramlı adlandırmağı dayandırdığı gün rusiyalı hərbçilərin maksimum statusu yumşaq desək “Qarabağdakı işğalçı qüvvələr” kimi qələmə verilə bilər. Yəni əgər çıxmasalar o zaman bu cür adlandırılacaqlar. Hamımız bilirik ki, Azərbaycan çox konkret addımlar atmaqda qərarlıdır. Hələlik Bakı baş verən hər şeyə çox dözümlü yanaşır, lakin müəyyən qırmızı xətt var və Rusiya və Ermənistan tərəfi onu keçməyə təhlükəli dərəcədə yaxındır. Həm prezidentin son bəyanatları, həm də ötən gün nəzarət-buraxılış məntəqəsində baş verənlər göstərir ki, rus hərbçiləri buna çox yaxındırlar”, – Əlili bildirib.

Eyni zamanda politoloq hesab edir ki, son vaxtlar Rusiya tərəfi Azərbaycanın maraqlarının tam təmin olunmasına çalışır: “Biz görürük ki, hətta Rusiyanın Azərbaycandakı səfiri də Şuşaya səfər edib. Beləliklə, Rusiya ATƏT-in keçmiş Minsk qrupunun müharibədən sonra belə bir addım atan ilk həmsədr ölkəsi oldu. Bu, çox diqqətəlayiq bir faktdır. Ona görə də hesab edirəm ki, Rusiya keçid məntəqəsində tapılan silahlarla bağlı məsələni nəzərə alacaq və bununla bağlı Azərbaycanın bütün iddialarını təmin etmək üçün əlindən gələni edəcək. Əgər bu baş verməsə, o zaman Bakının adekvat addım atması mümkündür. Yəni bundan sonra prezident Əliyevin də dediyi kimi, Azərbaycan öz atacağı addımları müstəqil şəkildə müəyyən edəcək”, – deyə ekspert fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*