Tətil sezonunda bəzi Avropa ölkələrindən səfərdən qayıdan azərbaycanlılar oralarda ictimai nəqliyyatın dözülməz həddə olduğunu bildirirlər. Hətta bəzən 10 dəqiqəlik yolu 45-50 dəqiqəyə getdiklərini deyirlər.
Aparılan müqayisələr son illərdə Azərbaycanda ictimai nəqliyyatda görülən işləri gündəmə gətirib. Xüsusən Bakıda ictimai nəqliyyatda rahatlıq və sürətin xeyli artması qeyd edilir. Bu isə paytaxtımıza əsasən müasir avtobusların gətirilməsi, xüsusi avtobus zolaqlarının çəkilməsi ilə əlaqələndirilir.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Azər Badamov deyib ki, paytaxt Bakıda nəqliyyatın intellektual idarə edilməsi sistemində islahatlar aparılıb, ictimai nəqliyyata prioritetlər verilib və hərəkət dinamikasının bütün imkanları səfərbər edilərək mümkün qədər nizamlanıb:
“Azərbaycanda ictimai nəqliyyatın hərəkətini tənzimləmək üçün bu sahədə çətinlik çəkən və uğur əldə edən ölkələrin təcrübəsi öyrənilib, nəticəyə uyğun müvafiq addımlar atılıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında ictimai nəqliyyat üçün xüsusi zolaqların ayrılması, bu zolaqlara qanunsuz girən avtomobillərə qarşı sərt tədbirlərin görülməsi əhəmiyyətli nəticələrin əldə olunmasına gətirib çıxarıb. Etiraf etməliyik ki, Bakıda bir ünvana getmək üçün minik avtomobildən daha çox ictimai nəqliyyatdan istifadə sərfəlidir. Bu gün ictimai nəqliyyat tıxaclarda qalıb vaxtını itirməmək və getdiyin ünvana zamanında çatmaq baxımından daha çox etibarlıdır. Bunu ictimai nəqliyyatdan istifadə edən hər bir şəxs hiss edir”.
Deputat qeyd edib ki, şəhərin infrastrukturunun yenidən qurulması və nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi istiqamətində islahatlar davamlıdır:
“Çünki paytaxt hər gün böyüyür və yollarda sıxlıq daha da artır. Bu baxımdan, şəhərdə tıxac probleminin aradan qaldırılması və ictimai nəqliyyatın hərəkətinin daha da asanlaşdırılması istiqamətində kompleks tədbirlər davam etdirilir. Yəni, şəhərin yükünün artmasına paralel olaraq, bu sahadə təkmilləşdirilmə əsasında Dövlət Proqramları qəbul olunur və aparılan islahatlar da genişlənir”.