2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşının 6 ay artırılaraq 65 yaşa çatdırılması ilə bağlı proses yekun mərhələyə daxil olur. Maraqlıdır, bu dəyişiklik fonunda hansı kateqoriyadan olan qadınlar pensiyaya daha erkən çıxmaq hüququna malik ola bilərlər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, mövcud qanunvericiliyə əsasən, qadınların pensiya yaşının artırılması prosesi 65 yaşa çatdıqdan sonra dayanacaq.
Onun sözlərinə görə, uzunmüddətli dövrdə bu yaş həddinin dəyişməyəcəyinə təminat vermək çətindir. İqtisadçı xatırladıb ki, oxşar vəziyyət 2016-cı ildə də yaşanıb və birinci mərhələ başa çatdıqdan sonra 2017-ci ildə qanunvericiliyə edilən dəyişikliklə həm kişilər, həm də qadınlar üçün pensiya yaşı yenidən artırılıb:
“Bugünkü qanunvericilik çərçivəsində qadınlar üçün pensiya yaşı 65-ə çatdıqdan sonra proses dayanacaq. Lakin bunun gələcəkdə dəyişməyəcəyinə tam zəmanət vermək çətindir”.
Rəşad Həsənov qeyd edib ki, buna baxmayaraq, qanunvericilikdə bir sıra qadın kateqoriyaları üçün erkən pensiya hüququ nəzərdə tutulur. Bunlardan biri 5 və daha çox uşağı olan analardır. Bu kateqoriyaya aid qadınlar 5 il daha tez, 60 yaşında pensiya hüququ əldə edə bilirlər.
İqtisadçı bildirib ki, əlilliyə görə erkən pensiya zamanı yaş amili həlledici deyil. Əgər şəxsin 5 ildən artıq sığorta stajı varsa və əmək fəaliyyəti dövründə fiziki əmək qabiliyyətinin itirilməsi və ya zəifləməsi baş veribsə, həmin qadın yaşından asılı olmayaraq pensiya hüququ əldə edə bilər.
Bundan əlavə, “Əmək pensiyaları haqqında” qanunun 20-ci maddəsinə əsasən, güzəştli şərtlərlə pensiya hüququ da mövcuddur. Bu, əsasən xüsusi xidmət və fəaliyyət sahələrinə aiddir:
“Hərbi, təhlükəsizlik və xüsusi dövlət qulluğu sahələrində çalışan şəxslər müəyyən edilmiş xidmət müddətini — 20, 25, 30 və ya 35 ili tamamladıqdan sonra pensiya hüququ əldə edirlər. Bu da erkən pensiyaya çıxmaq imkanı yaradır”.
Rəşad Həsənov vurğulayıb ki, ağır və zərərli əmək şəraitində çalışan qadınlar üçün də daha erkən pensiya hüququ tanınır. Bu sahələr Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi siyahı ilə müəyyən edilir və həmin siyahıya daxil olan fəaliyyət növlərində işləyən qadınlar güzəştli pensiya şərtlərindən yararlana bilirlər.
Aynurə İsmayıl
KONKRET.az

