Azadlıq Partiyasının sabiq sədri Əhməd Oruc dəfn edilib.
KONKRET.az xəbər verir ki, mərhum Abşeron rayonunun Məmmədli kənd qəbiristanlığında oğlunun məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimində Azərbaycan Xalq Partiyasının sədri, keçmiş Baş nazir Pənah Hüseyn, “Borçalı” Cəmiyyətinin sədri, sabiq cəbhəçi Zəlimxan Məmmədli və Ə.Orucun Milli Azadlıq Hərəkatı dövründən silahdaşları iştirak ediblər.
Ə.Oruc noyabrın 22-də müalicə aldığı xəstəxanada ölüb. O, bir müddət əvvəl insult keçirmişdi.
Qeyd edək ki, Əhməd Oruc 1959-cu ildə Qazax rayonunda anadan olub.
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirib.
1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatında fəal iştirak edib.
1992-ci ildə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, daha sonra Prezident Aparatında (Prezident Administrasiyası) sektor müdiri işləyib.
Sonrakı illərdə Azadlıq Partiyasını yaradıb və ona rəhbərlik edib.
Siyasi təşkilat 2005-ci ildə dövlət qeydiyyatına alınıb.
Partiya 2024-cü ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb və fəaliyyətini dayandırıb.
Xatırladaq ki, Ə.Orucun oğlu Günxan Oruc 2025-ci ilin iyun ayında vaxtsız dünyasını dəyişib.
