Eldar Həsənovla bağlı SENSASİON İDDİALAR –  Onun həbsindən narazı olan şəxslər və qruplar fəallaşıbbackend

Eldar Həsənovla bağlı SENSASİON İDDİALAR - Onun həbsindən narazı olan şəxslər və qruplar fəallaşıb

“Təxminən bir ay əvvəl sosial şəbəkələrdə Tərtər rayonunda İcra başçısı ilə yerli sakinlər arasında qarşıdurma ilə bağlı video görüntülər paylaşıldı. Düşmən hücumu nəticəsində evlərinə zərər dəymiş sakinlər rayonun icra başçısı Müstəqim Məmmədovu onların problemlərinə biganə yanaşmaqda ittiham edirdi. Sakinlərin görüşünə gələn icra başçıcı isə hücuma məruz qalmış və əraziyə polisin cəlb olunması ilə insidentin daha da böyüməsinin qarşısı alınmışdı. Baş verənlərin əsas səbəbi kimi isə zərərçəkmiş sakinlərin İcra başçısından və onun fəaliyyətindən narazılığı qeyd olunurdu”.

Bu barədə KONKRET.az-a adının çəkilməsini istəməyən mənbə bildirib. Mənbə qeyd edib ki, Tərtərdə təxribata cəhd edənlər var və onların kimliyi çox maraqlıdır. Belə ki, zərərçəkmiş sakinlərdən bəzilərinin verdiyi məlumata əsasən özünü Şəhriyar Məcidzadə adı ilə təqdim edən şəxs onlara hüquqi yardım göstərəcəyini vəd edərək məsələni ictimailəşdirməyə çağırıb. O, sakinlərdən problemlərin həllinə görə İcra başçısı Müstəqim Məmmədovun məsuliyyət daşıdığını və bu səbəblə də haqları olanı ondan tələb etmələrini bildirib. Şəhriyar Məcidzadə sakinlərin problemlərini işıqlandırmaq adı altında İcra hakimiyyətini hədəf alan silsilə çağırışlar edib, canlı yayımlar və video çəkilişlər edərək sosial şəbəkələrdə yayımlayıb.

Qeyd edək ki, əslən Kəlbəcərdən olan, keçmiş daxili işlər naziri İsgəndər Həmidovun qardaşı oğlu Şəhriyar Məcidzadə (Həmidov), 2015-ci ildə Tərtər dairəsindən deputatlığa namizəd verib. Seçkilərdə məğlub olan Şəhriyar nəticələri qəbul etməyib və Tərtər rayon İcra hakimiyyətini seçkiləri saxtalaşdırmaqda ittiham edib. Növbəti illərdə onun adı Tərtər rayon icra başçısını hədəf alan bir sıra çağırışlarda və ittihamlarda hallanıb. Baş verənlər Şəhriyar Məcidzadənin nə üçün yenidən Tərtərə qayıtması və yerli sakinlərin narazılığın körükləməsi ilə bağlı bir sıra suallar doğurur.

Mingəçevirdə təxribata cəhd edən naməlum şəxslər

Tərtərdə insidentlərin yaşandığı günlərdə bir digər təhlükəli ssenari də Mingəçevir şəhərində baş verib. İkinci Qarabağ müharibəsində iştirak etmiş bir qrup qazi sosial vəziyyətlərinin pis olması və rəsmi şəxslər tərəfindən onlara lazımi qayğının göstərilmədiyini qeyd edərək aksiyaya qalxıblar. Qazilər mənzil şəraitlərinin yaxşılaşdırılması və onlara sosial təminatın verilməsini tələbi ilə şəhər rəhbərliyi ilə görüş tələb ediblər.

Qazilərlə aparılan söhbətlər nəticəsində hadisələrin mərkəzində digər maraqlı tərəflərin də yer aldığı məlum olub. Bir neçə qazi tanımadıqları, lakin özlərini Mingəçevir sakini kimi təqdim edən şəxslərin onların problemləri ilə maraqlandığını və nə üçün bu vəziyyətlə barışdıqlarını soruşublar. Onlar dövlət tərəfindən qazilərə xüsusi yardımların ayrıldığını, ancaq bu yardımların icra başçıları tərəfindən mənimsənildiyini bildiriblər. Naməlum şəxslər qaziləri baş verənlərə etiraz etməyə və məsələni aydınlaşdırmaq məqsədilə icra başçısı ilə görüş tələb etməyə səsləyiblər.

Təxribatların Eldar Həsənovla əlaqəsi varmı?

Həm Tərtərdə, həm də Mingəçevirdə baş verənlərin yerli sakinlərlə İcra hakimiyyətləri arasında münasibətləri korlamağa hesablanmış addımlar olduğu hiss olunur. Əgər zərərçəkmiş sakinlərə və qazilərin yardımların edilməsi prosesində qanunsuzluq varsa, bunun yolu müvafiq dövlət qurumlarına müraciət etməkdən keçir. Hansısa təxribatçı şəxslərin çağırışlarına qulaq verərək etiraza çıxmaq, İcra başçısını təhqir etmək isə süni şəkildə intriqa yaratmaq cəhdindən başqa bir şey deyil. Ən önəmli sual isə bu təxribatların nə üçün və kimlərin tapşırığı ilə həyata keçirilməsi ilə bağlıdır.

Tərtər və Mingəçevirdə baş verən narazılıqların ölkə üçün əhəmiyyətli bir proseslə eyni vaxtda baş verməsi xüsusilə diqqət çəkir. Söhbət Azərbaycanın Serbiya və Çernoqoriyadakı sabiq səfiri Eldar Həsənovun məhkəmə prosesindən gedir. Eldar Həsənov həbs olunana qədər Azərbaycanda böyük və geniş əlaqələrə malik şəxslərdən biri hesab olunurdu.

Eldar Həsənovun gözlənilməz həbsindən hələ də narazı olan şəxslər və qruplar mövcuddur. Müharibə günlərində bu narazılığı açıq şəkildə dilə gətirə bilməsələr də, son zamanlarda açıq oynamağa başlayıblar. Xüsusilə Gəncə və Qarabağ zonasında çoxsaylı tərəfdara və əlaqələrə malik olan Eldar Həsənovun özü də əslən Kəlbəcərdəndir. Həmidovlarla ailəvi tanışlığı olan Eldar Həsənovun Mingəçevirdəki naməlum şəxslərlə də hər hansı formada əlaqəli olması ehtimalı çox böyükdür.

Tərtər və Mingəçevirdə təxribata cəhd göstərilməsinin Eldar Həsənovun məhkəmə prosesi ilə hər hansı formada əlaqəli olduğu aydındır. Lakin təxribatçıların bu cür əməllərə imza atmaqla nəyi hədəflədikləri məlum deyil. Əgər Eldar Həsənov üçün çalışırlarsa, indiki şəraitdə buna güclərinin yetməyəcəyi aydındır. Görünən və məntiqli olan ssenari isə odur ki, bu şəxslər İcra başçılarını hədəf almaq, yerli sakinləri narazılığından istifadə etməklə narazılıq ab-havası yaratmağa çalışır və bununla da kimlərəsə Eldar Həsənovun sifarişini yerinə yetirirlər.

Natiq Səlim,

KONKRET.az

P.S. Səsləndirilən iddialarla bağlı məqalədə adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*