Əliyev sərrast danışdı, Nikol isə özünü ifşa etdi – DETALLARbackend

Əliyev sərrast danışdı, Nikol isə özünü ifşa etdi - DETALLAR

Bu həftə Avropa Birliyinin “Euronews” telekanalı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla müsahibələri yayımladı.

Təkcə Azərbaycan və Türk dünyası deyil, hətta tamamilə neytral, amma qərəzsiz olan hər kəs Prezident İlham Əliyevin peşəkar siyasətçi və görkəmli dövlət xadimi olduğuna bir daha şahidlik etdi.

Birincisi, İlham Əliyev müsahibə verəcəyi məkanı və dili çox dəqiq, dürüst seçmişdi. “Euronews” telekanalının müxtəlif ölkələrdə yaşayan çoxsaylı seyrçiləri Azərbaycanın dövlət başçısının işğaldan azad edilmiş Şuşada, həm də mədəniyyət paytaxtımızın erməni vandalizmini ifşa edən, ermənilər tərəfindən xarabalığa çevrilmiş hissəsində sualları cavablandırdığını gördülər. Bu məqam Azərbaycan dövlətinin və xalqımızın 30 il ərzində erməni faşizmi ilə üz-üzə dayandığının aksiomu, göstəricisi və təsdiqi idi.

Digər tərəfdən, seyrçilər yalnız və yalnız faktlarla danışan İlham Əliyevi ingilis dilində dinləyirdilər. Avropa televiziyasının ingiliscə suallar ünvanlayan müxbirinə eyni dildə cavab verilməsi Azərbaycan liderinin şəksiz üstünlüyü idi.

Ən əsası isə avropalı seyrçilər qarşılarında çox səmimi, mötədil, qətiyyətli, mərd, müstəqil Azərbaycan dövlətinin qanunlarına və beynəlxalq hüquq normalarına istinadən danışan Prezident görürdülər. Bu isə milliyyətindən asılı olmayaraq (məkrli ermənilər və düşmənlərimiz istisna edilməklə) istənilən şəxsdə rəğbət və hörmət, sonuncularda isə paxıllıq doğura bilər.

Azərbaycan liderinin fonunda Nikol Paşinyan İrəvandakı iqamətgahında və erməni dilində müsahibə verirdi…

Bu məqam Qarabağ bölgəsinin Azərbaycana məxsus olduğunu bir daha bütün çalarları ilə dünyaya nümayiş etdirdi. Yeri gəlmişkən, ingilis dilində suallara erməni dilində cavab verməsi heç də Paşinyanın vətənpərliyindən və dilə sevgisindən irəli gəlmirdi. Sadəcə, bir neçə dəfə sınıq-salxaq, necə deyərlər, “erməni budaq cümləli” ingiliscəsi ilə gülünc duruma düşmüş baş nazirin erməni dilində sıxılıb qaldığını göstərirdi.

Bu müsahibə bəzi üzdəniraqların, o cümlədən sapı özümüzdən olan baltaların “demokrat”, qərbpərəst və avropapərəst, hətta frankofon cildində təqdim etdikləri Nikol Paşinyanın riyakar və məkrli erməni xislətini bir daha ifşa etdi.

Bir müddət əvvəl bir neçə dəfə “Qarabağ Azərbaycan torpağıdır” etirafında bulunan Paşinyanın rəsmi Bakını “Dağlıq Qarabağ” ifadəsindən imtina etməkdə ittiham etməsi, Azərbaycan tərəfinin “heç bir Dağlıq Qarabağ yoxdur” bəyanatından gileylənməsi ilk baxışda düşmən ölkənin başçısının çarəsizliyi kimi başa düşülə bilər. Amma məhz həmin açıqlamada “xoruzun quyruğu” görünür. Bu, o deməkdir ki, əlinə fürsət düşsə (bu fürsəti isə ona və digər erməni faşistlərinə qətiyyən vermək olmaz!), məkrli Paşinyan “Qarabağ Azərbaycan torpağıdır” açıqlamasını Dağlıq Qarabağa aid etmədiyini çox rahatlıqla söyləyə bilər…

Azərbaycanın Qarabağ ermənilərinin “humanitar böhrana” məruz qalmaları barədə iddianı inkar etdiyi və jurnalistin Qarabağ ermənilərinə ərzağın çatdırılmasının Ağdam–Xankəndi yolu ilə mümkün olduğu barədə replikasına Paşinyanın cavabı görünməmiş riyakarlıq kimi qiymətləndirilməlidir. Paşinyan jurnalistə “Mən sizin nə demək istədiyinizi bilmirəm” söyləməklə, sanki rəsmi Bakının dəfələrlə, özü də Avropadakı danışıqlarda səsləndirdiyi marşrutdan xəbərsiz olduğunu göstərməyə və imza atdığı 10 noyabr bəyannaməsinin 6-cı bəndini erməni narrativi baxımından izah etməyə çalışdı.

10 noyabr 2020-ci il üçtərəfli bəyannaməsindən sonra indiyədək Azərbaycan torpaqlarından Ermənistan hərbçilərini çıxarmayan, əksinə, onların sayını Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazilərdə artıran, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında bir neçə dəfə bu diversantların vasitəsilə hərbi təxribatlar və cinayətlər törətdirən baş nazir rəsmi Bakını həmin razılaşmanın müddəalarını …pozmaqda (!) ittiham etdi.

“İstənilən halda müharibə düzgün deyil” sözlərini işlədən Paşinyanın “mənim oğlum müharibədə olub, mənim arvadım müharibədə olub” etirafı misli görünməmiş həyasızlıq faktıdır. Bu açıqlama illər boyu, o cümlədən İkinci Qarabağ müharibəsi zamanı, Ermənistan rəhbərliyinin riyakarcasına Qarabağda “DQR” ordusunun vuruşduğu iddiasını yerlə-yeksan etməklə yanaşı, Ermənistanın rəsmi siyasətinə cavabdeh olan hökumət başçısının ailə üzvlərinin müstəqil Azərbaycan dövlətinə və xalqına qarşı hərbi cinayətdə iştirakını sübut etməsidir. Prezident İlham Əliyevin təbirincə desək, “sənin ailə üzvlərinin Azərbaycan torpaqlarında nə işi var?!”.

Deməli, 44 günlük müharibə dönəmində cəbhə xəttindən uzaq olan Gəncənin, Bərdənin və digər şəhərlərimizdəki yaşayış məntəqələrinin və mülki infrastrukturun amansızcasına və vəhşiliklə raketlərlə bombalanmasının məsuliyyəti birbaşa Paşinyanın üzərinə düşür. Ailəsini Azərbaycana qarşı döyüşə göndərən hökumət başçısının Azərbaycan şəhərlərinin bombardman edilməsinə göstəriş vermədiyi inandırıcı səslənmir. Bununla da rusiyayönlü Ermənistan hərbçilərinin Paşinyanı zərbə altında qoyması kimi versiya sabun köpüyü kimi yoxa çıxdı…

Odur ki, vaxtaşırı okeanın o tayında Paşinyanı “demokrat” kimi qələmə verən bəzi “azərbaycanlı” jurnalistlər və ekspertlər düşünsünlər: Gəncənin körpə uşaqlarının, qadınlarının, gənclərinin və qocalarının gecə yatdıqları yerdə qətlə yetirilməsi, günün günorta çağında Bərdənin mərkəzində insanların maşınlarında diri-diri yandırılması üçün bombardman edilməsi əmrini verən alçaq, faşist təfəkkürlü bir məxluqu demokrat adlandırmaq olarmı?! ABŞ-ın ən ermənipərəst hakimiyyəti olan Bayden administrasiyasının “Demokratiya naminə Sammit”ə Azərbaycanı deyil, əli dirsəyədək Azərbaycan vətəndaşlarının qanına batmış Paşinyanı dəvət etməsinə sevinmək mümkündürmü? Sizin həmin erməni xislətindən nə fərqiniz var?! Heç bir fərqiniz yoxdur…

Xatirə SADİQ,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*