ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədəki “Truth” səhifəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə Tarixi Sülh Sammitində qəbul etməyi səbirsizliklə gözlədiyini açıqlayıb. Maraqlıdır, bu prosesdə Rusiya, İran və Türkiyə kimi regional güclərin reaksiyası və mövqeyi necə ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Əziz Əlibəyli bildirib ki, bu prosesdə regional güclərin mövqeyi fərqlidir. Onun sözlərinə görə, Rusiyanın münasibəti əvvəlcədən bəllidir:
“Rusiya hələ ilk gündən xəbərdarlıq etdi ki, Azərbaycan ilə Ermənistan arasında belə bir əməkdaşlıq onların milli təhlükəsizliyinə zərbədir. Ukraynada yaşanan müharibə və Moskvanın ABŞ-la müəyyən anlaşma axtarışları bu prosesdə Rusiyanı zəiflədib. Öz problemləri ona imkan vermədi ki, bu təşəbbüsün qarşısını alsın. 2026-cı ildə Ermənistanda planlaşdırdıqları ssenarini həyata keçirməklə, bu gün təməli atılan əməkdaşlığa zərbə vurmağı düşünürlər”.
Politoloq qeyd edib ki, İran mövqeyini dəyişib:
“Azərbaycan-Türkiyə əməkdaşlığı əvvəllər İran üçün ‘qırmızı xətt’ idi. Lakin indi həmin sərt mövqedən əsər-əlamət yoxdur. İranın Azərbaycana qarşı sərgilədiyi siyasət nəticəsində onun şimal sərhədlərində ABŞ əsgərləri peyda olub. Bu vəziyyətdə Tehran düşmən gördüyü Bakıdan deyil, dost saydığı Ermənistandan ağır zərbə aldı”.
Əlibəylinin fikrincə, Türkiyə isə Azərbaycanın izlədiyi siyasi kursu tam dəstəkləyir:
“Bölgədə əməkdaşlıq, logistika və qlobal biznes imkanları vahid xətt üzrə inkişaf etdirilir. Ankara bu prosesdə Bakının yanındadır”.
Müşviq Tofiqoğlu
KONKRET.az