“Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi iş aparılmalıdır” – ÖZƏLbackend

“Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi iş aparılmalıdır” – ÖZƏL

Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunu dirçəltməkdir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişaf səviyyəsinə çatdırmaq üçün bir çox sahələr üzrə mühüm işlər görülür. Onlardan ən əsası təhsil sistemində edilən yeniliklərdir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu üçün bu istiqamətdə qəbul olunan proqramlar sözügedən sektorun inkişafını əhəmiyyətli dərəcədə artırır.

Mövzunu KONKRET.az-a şərh edən təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, cəmiyyətin həyatında, insanların zövqünün formalaşmasında, bilik əhatəsinin genişlənməsində, savadlanmasında və informasiya ilə təmin olunmasında mühüm amillərdən biri də elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarıdır ki, onların inkişafı çox vacibdir: “Cəmiyyətimiz yeniliyə, liberallığa açıq bir toplum kimi tanınır. Dünyada çox az xalq var ki, bu qədər yeniliyə meyllidir. Azərbaycan insanı hər zaman çalışır ki, dünyada mövcud olan yeni texnologiyalardan istifadə etsin. Həm özünün, ailəsinin, həm də toplumun inkişafına nələrsə verə bilsin. Əlbəttə ki, bu çox yaxşı haldır. Lakin onun mənfi tərəfləri də çoxdur. Mənfi tərəf ondan ibarətdir ki, hər hansı texnologiya, yenilik, siyasi, ictimai, sosial və elit amillər Azərbaycana xaricdən gəlir. Özümüzün yaratdığımız nələrsə yoxdur və ya çox azdır. Bizim insanın yaratdığı ilklər təəssüflər olsun ki, yalnız Avropada və digər ölkələrdə uğur qazandıqdan sonra Azərbaycana xarici texnologiya formatında gəlib çıxır. Məsələn, Lütfüzadənin ”Qeyri-səlis məntiq nəzəriyyə”si və yaxud gənclərimizin iri şirkətlərdə gördüyü yenilikləri nümunə göstərmək olar. Bu da onunla bağlıdır ki, Azərbaycan cəmiyyəti çox təəssüflər olsun ki, bünövrədə intellektual deyil. Yəni mütaliə etməklə elə də aramız yoxdur, eləcə də dərsliklərin və elmi kitabların səviyyəsi qənaətedici deyil. Bir məqamı qeyd edim ki, elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində hazırlanan proqramlar, ortaya qoyulan sənədlər çox mükəmməl olsa da, onların icrasında problemlər müşahidə olunur. Bu proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsi ləngidiyinə, yaxud adekvat olmadığına görə narazılıqlar yaranır. Bu da layihələrin, proqramların normal qəbul olunmasına maneə törədir. Bütün hallarda çox zaman problem o proqramların icrası zamanı yaşanır”.

Ekspert əlavə edib ki, hazırda televiziya və radio da daha geniş imkanlar təklif edir.  Üstəlik internet resurslarından burada da istifadə mümkündür: “Diqqəti çəkən ən vacib məqamlardan biri də ondan ibarətdir ki, kommersiya xarakterli proqramlara televiziya və radiolarda daha geniş diqqət ayırmaqdansa, məhz elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına önəm verilə bilər. Şübhəsiz ki, kitabın, kitabxananın, elmin, mədəniyyətin təbliğinə televiziyalar xüsusi yer ayırmalı, şou xarakterli proqramların əvəzinə kütləvi xarakter daşıyan maarifçilik əhəmiyyətli proqramlar təqdim olunmalıdır. Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməlidir. Cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ də davam edir. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünya görüşü artırılmalı, savadlanmalı və hərtərəfli informasiya ilə təmin edilməlidir. Bu məqsədlə də əlbəttə ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinə, hətta yenilərinin hazırlanmasına çox böyük ehtiyac var. Qələbənin təmin olunmasında, ərazi bütövlüyümüzün bərpa edilməsində, Ali Baş Komandanın, qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət, Azərbaycan xalqının oynadığı rol, həmrəyliyi, ordumuzun rəşadəti, mübariz ruhu və bir çox məsələlər artıq proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalı, buna çox ciddi şəkildə xüsusi önəm verilməlidir. Bu baxımdan proqramların hazırlanmasında mütəxəsis yanaşması və rəyi mütləq nəzərə alınmalı, alimlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir ki, bu da əldə etdiyimiz zəfərdən sonra daxil olduğumuz yeni mərhələdə, post-konfilikt dövründə və bundan sonra həmrəyliyimizin və birliyimizin daha da güclənməsində öz ciddi töhvəsini vermiş olsun”.

Kamran Əsədov bildirib ki, rəhbərlik etdiyi Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti həm beynəlxalq, həm də yerli səviyyəli tədbirlərin proqramlarını hazırlayarkən dünya təcrübəsi öyrənilir, eyni zamanda konkret tədbirin mövzusuna uyğun şəkildə proqramlar hazırlanır: “Əlbəttə ki, bu proqramlar peşəkar mütəxəssislər tərəfindən ərsəyə gətirilir. O peşəkarlar ki, birbaşa tədbirin təşkilat komitəsinə daxil olurlar və bu proqramlar onlar tərəfindən hazırlanır. Bununla bağlı həmçinin Azərbaycanda bir nümunə də var. Uzun illərdir ölkəmizdə ən yüksək səviyyədə müxtəlif istiqamətli beynəlxalq tədbirlər keçirilir. Azərbaycanın bu istiqmaətdə çox yüksək təcrübəsi və nümunələri var. Azərbaycanda elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması səviyyəsi pis deyil. Bu istiqamətlərdə proqram çalışmalarını, layihələrini normal qiymətləndirmək olar. Sadəcə məsələ onların icrası ilə bağlıdır. İstər elmi-kütləvi, istər mədəni-maariflə, istərsə də təhsillə bağlı olan bu proqramların icra prosesində problemlər yaşanır. Narazılıqlar da məhz icra etmə ilə bağlı ortaya çıxır. Bu sahələr üzrə daha istedadlı, savadlı, qabiliyyətli şəxslərin layiq olduqları yerdə olub öz çalışmaları ilə Azərbaycan cəmiyyətinə töfhə verməsinə şərait yaratmaq lazımdır. Bir çox hallarda biz görürük ki, bu proqramların icrasının həvalə edildiyi müəssisələr və qurumlar prosesə peşəkarları qoşmaq əvəzinə öz qohum-əqrabalarını, rəhbərliyə yaxın olan şəxsləri cəlb edirlər. Çünki burada müxtəlif korparativ maraqlar rol oynayır. Təbii ki, bu da zaman-zaman müxtəlif problemlərə gətirib çıxarır. Əsl istedadların, savadlı şəxslərin, xüsusən də gənclərin proqramların icrası zamanı kənarda saxlandıqlarını görürük. Problem buradan qaynaqlanır. Heç olmasa toplum 20-30 faizi intellektə malik olmalı, daim bilgilərini artırmalı, yeniliyə açıq olmalı, yalnız romanlar, şeirlər, dünya ədəbiyyatını mütaliə etmək deyil, elmi sahəyə də maraq göstərməlidir. Həmçinin elmdə, incəsənətdə böyük rəqabət olmalıdır. Zamanında alimlərimiz, bəstəkarlarımız, incəsənət xadimləri arasında böyük rəqabət övcud olub. İndi bu rəqabətlər, səs-küylü müzakirələr, beyin döyüşmələri, həmlələri yoxdur. Halbuki bütün dünyada bu mövcuddur, ona görə də həmin ölkələrin cəmiyyəti çox gözəl inkişaf edir. Çox sayda, bir-birinə rəqib olan beyin mərkəzləri yaratmaq lazımdır ki, onlar cəmiyyəti tərpədə bilsin. Çevik internet əsrində yaşadığımız üçün bu cür proqramların daha geniş, daha əhatəli və daha çoxşaxəli yayılması üçün kifayət qədər imkanlar var. Sadəcə bu resurslardan istifadə edib onları canlandırmaq lazımdır. Vaxt vardı ki, televiziyalarda, radiolarda elmi-kütləvi, mədəni-maarif proqramları kifayət qədər idi və böyük təsir imkanları vardı. Kitabxanalarda, mədəni-maarif ocaqlarında, klublarda, mədəniyyət və yaradıcılıq evlərində olduqca maraqlı kütləvi tədbirlər, tamaşalar, filmlər təqdim edilirdi. Bu gün isə Azərbaycanda bu sahədə ciddi problemlərin olduğu aşkardır. Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları qeyri-kommersiya xarakterli olduğundan çox zaman telekanallar da, kino və film istehsalı ilə məşğul olanlar da buna diqqət yetirmək istəmir. Amma əsasən kitabxanalarda, universitetlərdə, ictimai təşkilatlarda bu cür tədbirlər keçirilir, onların da sayı əvvəlki illərlə müqayisədə çox azdır”.

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

Təhsil ekspertinin sözlərinə görə, Sovet təhsil sistemindən modern və dünya standartlarına uyğun təhsil sisteminə keçid prosesinin başlaması ötən əsrin 90-cı illərinə təsadüf edir: “1999-cu ildə «Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı» təsdiq olunduqdan sonra bütün təhsil sistemində struktur dəyişiklikləri aparılıb, müəssisələrin şəbəkəsi optimallaşdırılıb, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olunub. Təhsil müəssisələrinə xeyli müstəqillik, geniş səlahiyyətlər verilib. 35 il müddətinə nəzərdə tutulan ən sanballı təhsil proqramından sonra  “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının  icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nı təsdiq edib.  Təhsilin pillələri və səviyyələri üzrə təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanıb və müvafiq dövlət təhsil standartlarına uyğun olaraq müxtəlif təhsil pillələri və səviyyələri üzrə təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddətlərini müəyyən edib. Onu da qeyd etmək lazımdır ki, bəzi proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsi ləngidiyinə, yaxud adekvat olmadığına görə  narazılıqlar yaranır. Bu da bu layihələrin, proqramların normal qəbul olunmasına maneə törədir. Bütün hallarda çox zaman problem o proqramların icrası zamanı yaşanır”.

Kamran Əsədov gənclərin xaricdə təhsil alması üçün əsas maneələrindən birinin maddi çatışmazlıq olduğuna da diqqət çəkib: “Bu cür çətinliklərin öhdəsindən gəlmək üçün mümkün yollardan biri də xarici hökumətlər və universitetlər tərəfindən təklif edilən təqaüd proqramlarının imkanlarından yararlanmaqdır. Əlavə olaraq, Azərbaycan hökuməti tərəfindən təsis edilmiş xaricdə təhsil üzrə dövlət proqramı da gənclərin xaricdə təhsil alması üçün gərəkli maliyyə yardımı əldə etməsinin təminatçısıdır. Hazırda ali təhsilin maliyyələşdirilməsi aktiv olaraq 2019-2023-cü illər üçün nəzərdə tutulmuş proqram əsasında həyata keçirilir.  2007-2015-ci illər üçün nəzərdə tutulmuş müvafiq proqram ilə müqayisə etsək, bir çox fərqlər var. 2007-2015-ci illər üçün nəzərdə tutulmuş dövlət proqramı çərçivəsində 3558 təqaüd təmin edilib. Proqram həm bakalavr, həm magistratura və reziderantura, həm də doktorantura pilləsindəki tələbələrin təhsillərinin maliyyələşdirilməsini nəzərdə tutub. Məhz həmin illərdə ayrılan təqaüdlər sayəsində azərbaycanlı tələbələr dünyanın 32 müxtəlif ölkəsində yerləşən universitetlərdən xaricdə təhsil üzrə dövlət proqramının dəstəyi ilə məzun olub. Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi “xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları”, həmçinin “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Əsasnaməsi” təsdiq edilib. Sözügedən Dövlət Proqramı çərçivəsində hədəf ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Bu istiqamətdə əcnəbi professor-müəllim heyətinin ölkəmizin ali təhsil müəssisələrində tədris prosesinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərə də yeni imkanlar açacaq. Təhsillə bağlı proqramlar çoxdur. Təqaüd proqramları ilə yanaşı, texniki dəstək proqramları, ayrı-ayrı ölkələrin universitetləri ilə əməkdaşlığa dair proqramlar da var. Bununla belə yeni təhsil proqramları ilə bağlı təsnifata təkrar baxılmasına zərurət yaranır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusuna həsr olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*