Hər bir ölkənin inkişafı onun təhsili və elminin inkişafı ilə bilavasitə bağlıdır. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunu dirçəltməkdir. Azərbaycan tarixən elmi, təhsili və mədəniyyəti ilə seçilən, dünyaya nümunə göstərilən ölkə hesab olunub. Belə ki, azərbaycanlı alimlərin, elm xadimlərinin bəşəriyyətə bəxş etdiyi çoxlu sayda ixtiralar mövcuddur ki, bunun faydası da insan cəmiyyəti üçündür. Bu baxımdan cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması olduqca vacib hesab olunur. Elmi-kütləvi, mədəni-maarif, təhsil proqamları və onların inkişaf etdirilməsi, təşviqi üçün elmi-texniki tərəqqi, ələlxüsus internet şəbəkəsinin mövcudluğu böyük spektrdə imkanlar açır. Bu proqramların daha geniş və əhatəli yayılması üçün kifayət qədər böyük imkanlar mövcuddur. İndi internet resursları vasitəsi ilə həmin proqramların daha da geniş şəkildə canlandırılması mümkündür. Bunun üçünsə, mədəni-maarif ocaqlarında, klublarda, mədəniyyət və yaradıcılıq evlərində olduqca maraqlı kütləvi tədbirlər, tamaşalar, filmlər təqdim edilməli, televiziya və radio vasitəsi ilə elmi-kütləvi, mədəni-maarifləndirmə proqramları yayımlanmalıdır. Azərbaycanda bu istiqamətdə mühüm işlər görülsə də, mütəxəssislər hesab edirlər ki, ölkəni dünyanın yenidən elm-mədəniyyət beşiyinə çevirə bilən elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına ciddi ehtiyac var.
Mövzunu KONKRET.az-a şərh edən millət vəkili Etibar Əliyev bildirib ki, elmi-kütləvi və mədəni-maarif tədbirləri ölkədə yüksək səviyyədə həyata keçirilməlidir: “Çünki bəşəriyyətin yeganə xilas yolu kimi elmi tədqiqatlar göstərilir. Bu istiqamətdə bizdə ciddi işlərə ehtiyac var. Hesab edirəm ki, Elm Mərkəzinin yaradılması bizim cəmiyyətə çox böyük töhfələr verəcək və elmi-kütləvi tədbirlərin keçirilməsi üçün çağırışlar edəcək. Eyni zamanda orta məktəb səviyyəsində şagirdlərin 10-11-ci siniflərdən etibarən elmə cəlb olunması istiqamətində işlər həyata keçirilməlidir. Düşünürəm ki, kitabxana şəbəkələri bərpa olunmalıdır, eləcə də mərkəzi kitabxanaya tələbələrin və gənclərin cəlb olunması üçün maarifçilik işləri həyata keçirilməlidir. Digər tərəfdən, elmlə məşğul olmaq və elmə maraq göstərmək orta məktəbdə təhsil alan şagirdlərin əsas istiqamətinə çevrilməlidir. Bunun üçün alimlərin çox ciddi işlər görməsinə ehtiyac var. Yəni alimlərimiz elmin tələbələrə sevdirilməsi üçün böyük əmək sərf etməlidirlər”.
Millət vəkilinin sözlərinə görə, rayonlardakı kitabxanalar mütləq bərpa olunmalıdır: “Rayonlarımızda yaradılan mərkəzlərdə elmlə bağlı geniş mühazirələr oxunmalıdır. Bunun nəticəsində region gənclərinin elmə olan marağını artırmaq mümkündür. Bu gün həm də ədəbiyyat qıtlığı yaşanır. Biz bu problemi də həll etməliyik. Yəni gənclərin elmin nə olduğunu anlaması üçün zəruri ədəbiyyatlar lazımdır. Biz bu ədəbiyyatları gənclərə mütləq verməliyik. Hesab edirəm ki, bununla bağlı alimlərə çağırış etmək lazımdır. İndiki dövrdə xüsusilə informasiya-kommunikasiya sahəsində istedadı olan və məktəbdə təhsil alan gəncləri cəlb etmək mütləqdir. Həmçinin bu istiqamətdə mərkəzlərin yaradılması, xüsusilə onlar üçün şəhərdən müəllimlərin cəlb olunması çox vacibdir. Yəni müəllimlər mütəmadi olaraq informasiya-kommunikasiya texnologiyaları, riyaziyyat və fizika üzrə uşaqlara mühazirələr oxumalıdırlar. Müasir elmin uğurları və nailiyyətləri barədə onları məlumatlandırmalıdırlar”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusuna uyğun olaraq dərc edilir.