Ən faydalı və sağlam ət hansıdır? – Cavab sizi təəccübləndirəcəkbackend

Ən faydalı və sağlam ət hansıdır? - Cavab sizi təəccübləndirəcək

Son araşdırmalara görə fərqli ət növlərinin təsiri orqanizmin vəziyyətindən, yemək formasından və hətta porsiyanın ölçüsündən asılı olaraq dəyişir. Toyuq, mal, qoyun və balıq ətləri  hər biri özünəməxsus xüsusiyyətləri ilə fərqlənir.

KONKRET.az xəbər verir ki,  Yeni Sabah müxtəlif növ ətlərin faydalarını və zərərlərini təqdim edir:

Toyuq əti

Az yağlı, yüksək zülallı və tez həzm olunan bu ət növü idmançılar və arıqlamaq istəyənlər üçün əlverişli sayılır. Lakin mütəxəssislər xəbərdarlıq edir: dərisi ilə birlikdə yeyilən toyuq ətində yağ və xolesterin kəskin artır. Broyler şəraitində yetişdirilən toyuqlarda antibiotik və hormon riskinin olduğu da bildirilib. Bu səbəbdən son dövrlər kənd toyuğu  daha çox tövsiyə olunur. Toyuğun sobada və ya buxarda bişmiş versiyası sağlamlıq üçün nisbətən təhlükəsiz hesab edilir.

Mal əti

Həkimlərin fikrincə, mal əti qan azlığı və B12 çatışmazlığı olan insanlar üçün əvəzedilməz mənbədir. Lakin onun yağlı hissələri ürək-damar sistemi üçün riskli ola bilər. Xüsusilə yüksək temperaturda qızardılmış kotlet və kömürləşmiş kababların qara hissələrində kanserogen maddələrin yarandığı qeyd olunur. Son məsləhətlərə görə mal ətinin yağsız hissələrindən ibarət kiçik porsiyalar həftədə 1–2 dəfə yeyilməsi idealdır.

Qoyun əti

Region mətbəxinin sevimlisi olan qoyun əti doyumlu və aromatik olsa da, qidalanma mütəxəssisləri onu “gündəlik yox, bayram yeməyi” kimi təqdim edir. Yağlı quyruq və qabırğa hissələri xolesterini yüksəldə, təzyiqi artıraraq ürək-damar xəstəlikləri üçün potensial təhlükə yarada bilər. Buna baxmayaraq, ağır fiziki iş görən və aktiv həyat tərzi olanlarda qoyun əti enerji mənbəyi kimidir. Həkimlər az yağlı hissələrin seçilməsini və porsiyanın kiçildilməsini məsləhət görürlər.

Balıq əti

Mütəxəssislər balığı son illərin ən faydalı heyvan mənşəli qidası kimi qiymətləndirir. Xüsusilə dəniz balıqlarında (somon, skumbriya, sardina və s.) olan Omeqa-3 yağ turşuları beyin fəaliyyətini gücləndirir, depressiya riskini azaldır və damarların elastikliyini qoruyur. Lakin böyük yırtıcı balıqlarda civə kimi ağır metallar toplanma riski olduğundan daha çox kiçik balıqların seçilməsi tövsiyə olunur. Qızardılmış balığın faydası isə bişirmə üsulundan asılı olaraq kəskin şəkildə azalır.

Ən faydalı ət

Son araşdırmalarda qeyd olunur ki, “ən faydalı ət” anlayışı tək bir nüansla məhdudlaşmır. Yalnız bir ət növünə bağlı qalmadan, müxtəlif protein mənbələrinin həftə ərzində balanslı şəkildə istifadəsi daha yaxşı nəticə verir. Bu səbəbdən dietoloqlar məsləhət görürlər ki, həftə ərzində iki gün toyuq, iki gün balıq, bir gün mal əti yemək lazımdır. Qoyun ətini isə yalnız vaxtaşırı menyuya daxil etmək olar.

Ekspertlərin fikri yekdildir: Sağlamlıq yalnız ətin növündən deyil, onun necə bişirildiyindən də asılıdır. Sobada, buxarda və qaynatma üsulları ürək üçün ən təhlükəsiz seçimlərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*