Ən ölümcül xərçənglərdən birinin səbəbi ağzınızın içində ola bilərbackend

Ən ölümcül xərçənglərdən birinin səbəbi ağzınızın içində ola bilər

Elm adamları ağızda yaşayan bəzi bakteriya və göbələklərin insanlarda ən ölümcül xərçənglərdən biri olan mədəaltı vəzi (pankreas) xərçəngi ilə əlaqəli ola biləcəyini müəyyən ediblər.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, Nyu-York Universitetinin epidemioloqu Riçard Hayes və komandası 50-70 yaş arası 300 mindən çox insanın sağlamlıq qeydlərini və ağız qarqara nümunələrini təhlil edərək maraqlı nəticələr əldə edib. Tədqiqat 27 müxtəlif mikrobun müəyyən birləşmələrinin pankreas xərçəngi riskini üç dəfə artırdığını göstərib.

Xüsusilə üç bakteriya növü – Porphyromonas gingivalis, Eubacterium nodatum, Parvimonas micra – və bir göbələk növü – Candida tropicalis – riskin artması ilə əlaqələndirilib. Maraqlıdır ki, bəzi bakteriya və göbələklər əksinə, xərçəng riskini azalda biləcək faktor kimi çıxış edib.

Mütəxəssislərin fikrincə, bu mikroblar tüpürcək vasitəsilə həzm sisteminə, ordan isə mədəaltı vəziyə keçə bilər. Ancaq onların birbaşa xərçəngə səbəb olub-olmadığı hələ də dəqiq bilinmir.

Tədqiqat 445 pankreas xərçəngi xəstəsinin nümunələri ilə eyni sayda sağlam fərdin nümunələri müqayisə edilərək aparılıb və nəticələr mikrobların xəstəliklə güclü əlaqəsini təsdiqləyib.

Pankreas xərçəngi üçün beş illik sağ qalma nisbəti cəmi 13 faizdir. Xəstəlik çox vaxt gec diaqnoz olunduğundan ölüm göstəricisi yüksək qalır.

Araşdırmanın nəticələri JAMA jurnalında dərc olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*