Ali Məhkəmənin Plenumu şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı mühüm qərar qəbul edib. 24 dekabr 2025-ci il tarixli bu sənəddə ailə münasibətlərində tərəflərin bir-birinə qarşı davranış sərhədləri dəqiq cızılıb. Qərara əsasən ər və arvadın nikaha daxil olmaq, boşanmaq, soyad və peşə seçmək kimi hüquqları ilə yanaşı, mənəvi toxunulmazlığı da dövlət mühafizəsinə götürülüb. Artıq məişət zorakılığı dedikdə yalnız fiziki güc nəzərdə tutulmur. Psixi təzyiq, ailə sirrinin yayılması və hətta həyat yoldaşının xarici görünüşünü lağa qoymaq belə hüquq pozuntusu sayılır.
Bir çox hallarda tərəflər kəskin tənqidləri “zarafat edirdim” bəhanəsi ilə ört-basdır etməyə çalışırlar. Lakin hüquq və psixologiya elmi bu məsələdə həmfikirdir. Əgər deyilən söz qarşı tərəfdə sevinc deyil, utanc və ya narahatlıq yaradırsa, burada sağlam zarafatdan söhbət gedə bilməz. Bəs ailədə məsum görünən zarafatla alçaldıcı təhqiri bir-birindən necə fərqləndirmək olar?
KONRKET.az xəbər verir ki, məsələ ilə bağlı psixoloq Fidan Canbabazadə Demokrat.az-a bildirib ki, bütün münasibətlər ilkin mərhələdə özünü göstərir. Onun sözlərinə görə, sağlam əlaqələr insanı mənəvi cəhətdən ucaltmalıdır.
“İlk mərhələdəki münasibət, evlilik və ya dostluq əlaqəsi bizi yuxarı qaldıran olmalıdır. Bizi aşağı salmamalı və həqiqətən yaxşılığa doğru aparmalıdır. Bəzən qayğını, sevgini həddindən artıq qısqanclıq və nəzarətçiliklə qarışdırırıq. Bəzən isə yaxşı münasibəti və diqqəti sevgi kimi deyil, fərqli şəkildə qəbul edirik. Hətta bəzən zarafatı belə mənfi qısqanclıq kimi qarşılayırıq. Bunların hamısı münasibətin əvvəlində düzgün şəkildə müəyyənləşdirilməlidir. Əl bir dəfə qalxır, tərif bir dəfə edilir və insan üçün bu nə tənqid, nə də həqiqi təqdir olur. Bəzən insanlar zarafatla irad bildirirlər. Zarafat bizi güldürən və əyləndirən bir şey olmalıdır. Amma bizə yönələn, fiziki və psixoloji təsir edən zarafat artıq zarafat deyil. Bu, bizim bədənimizə, görünüşümüzə və dünyagörüşümüzə uyğun olmayan davranışdır”.
Ekspert qeyd edir ki, insanlar münasibətin hələ sevgililik və ya nişanlılıq dövründə onları narahat edən məqamları açıq müzakirə etməlidirlər. Çünki susmaq problemi həll etmir, əksinə, gələcəkdə daha böyük psixoloji travmalara yol açır. Ünsiyyətdə səmimiyyət və sərhədlərin qorunması ailənin təməlini möhkəmləndirən əsas amildir.
“Ünsiyyət açıq olmalı və tərəflər zarafata münasibət məsələsini əvvəlcədən aydınlaşdırmalıdırlar. Əgər bir zarafatı eşidəndə bizdə gülüş hissi yaranmırsa və beynimizdə suallar qalırsa, deməli bu artıq zarafat deyil, alçaltmadır. İnsanlar partnyor seçərkən buna diqqət etməlidirlər. Çünki insan öz istəyi ilə dəyişməlidir. Qarşı tərəfin təzyiqi ilə edilən dəyişiklik isə qalıcı olmur”.
Ali Məhkəmənin bu qərarı cəmiyyətdə ailə daxili etik davranış normalarına yeni baxış bucağı gətirir. Beləliklə, şəxsin özünü ifadə etmək azadlığı və fərdi xüsusiyyətləri qanunla daha ciddi şəkildə qorunacaq. Bu isə gələcəkdə ailə münaqişələrinin azalmasına və fərdlərin bir-birinə daha hörmətlə yanaşmasına şərait yarada bilər.
