Türkiyənin Giresun Universitetinin müəllimi, professor Yalçın Sarıkaya axar.az-a müsahibə verib.
KONKRET.az həmin müsahibəni təqdim edir:
– Bu gün Soçidə cənab Ərdoğan ilə Putin arasında çox vacib bir görüş baş tutub və gündəmdə çox önəmli məsələlər var. Bir neçə gün öncə ABŞ Suriyadakı terror təşkilatlarına dövlət büdcəsindən maliyyə yardımı ayırıb. Buna Ərdoğan sərt şəkildə etirazını bildirdi və yeni S-400 raket kompleksinin alına biləcəyinin siqnalını verdi. Sizcə, bu görüşdə Rusiyadan növbəti dəfə S-400 raket kompleksinin alınması ilə bağlı yeni bir razılıq əldə oluna bilərmi?
– Türkiyə və Rusiya arasında problemlərin olmasına baxmayaraq, əməkdaşlıq mühitinin davam etdiyi qənaətindəyəm. Bunun səbəblərini yalnız regional hadisələr baxımından dəyərləndirmək mümkün deyil. Türkiyənin ABŞ və Rusiya ilə əlaqələrinin müqayisəli təhlili yolu ilə məsələni daha dərindən analiz edə bilərik. Təxminən 6 ildir ki, Türkiyənin ABŞ ilə münasibətlərində problemlər, Rusiya ilə münasibətlərində isə əməkdaşlıqlar müəyyənləşdirici rola malikdir. Türkiyə və ABŞ münasibətləri NATO-da ortaqlığa və yarım əsrdən çox bir strateji əməkdaşlığa əsaslansa da, Amerikada iqtidarların Türkiyə, İraq, Suriya və Yunanıstan-Kipr siyasətləri nəticəsində bugün çox ciddi problemlər gözə çarpmaqdadır. Rusiya ilə isə 2015-2016-cı illərdən etibarən konkret şəkildə siyasi mövqenin fərqli olduğu sahələrdə belə dialoq və məsləhətləşmə qapısı açıqdır. Bəzən Türkiyə və Rusiyanın fərqli platformalarda problemlərin həllinə üçüncü bəzi aktorları da cəlb etdiyini görmək mümkündür. Buna Astana prosesini örnək göstərmək olar. Onsuz da Baydenin ABŞ prezidenti seçilməsindən sonra Türkiyə ilə münasibətlərin normallaşacağına inananlar demək olar ki, yox idi. Türkiyə iqtidarının da Bayden dövründə ABŞ-la münasibətlərin normallaşmasına olan inamının çox az olduğunu təxmin etmək olar. Lakin görünən odur ki, Bayden və komandasının xüsusilə Suriyada PYD-ni dəstəkləməyə davam etməsi Ankaranı ciddi şəkildə narahat edir. Yeni bir S-400 kompleksinin alınmasının o qədər asan olacağını düşünmürəm. Ancaq ABŞ-ı PYD məsələsini yenidən düşünməyə vadar edəcək şəkildə Rusiya ilə yaxınlaşmanın olması Türkiyə tərəfindən arzu ediləndir.
– Görüşdə müzakirə ediləcək digər bir önəmli məsələ İdlibdir. İdlibdə vəziyyət getdikcə gərginləşir. Türkiyə ABŞ-ın Suriyadan çıxmasını istəyir. Bu, Rusiyanın da maraqlarına uyğundur. Türkiyə və Rusiyanın bu görüşdə ABŞ-ı Suriyada sıxışdırmaq üçün ortaq bir fəaliyyət planı haqqında razılığa gəlməsi mümkündürmü?
– İdlib məsələsində Türkiyəni də narahat edən məqamlar var. Burada əsas problem odur ki, hazırda Suriyanın mövcud əhalisinin demək olar ki, dörddə biri çox kiçik ərazidə yaşayır. Bölgədə Türkiyənin də yardım etməkdən imtina etdiyi təşkilat və qruplar da var. Suriyadakı rejim Rusiyadan, Rusiya isə Türkiyədən Astanada üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edir. Təəssüf ki, 2020-ci ilin fevral və mart ayında Türkiyə Silahlı Qüvvələrinə qarşı çox böyük silahlı hücum təşkil edildi, sonra isə Türkiyə “Bahar qalxanı” hərəkatını keçirməyə məcbur oldu. 5 mart 2020-ci ildə Türkiyə və Rusiya arasında Moskvada Anlaşma Memorandumu imzalandı. Məsələyə yalnız hansısa təşkilatlar baxımından yanaşmaq tərəfləri doğru həll yolundan uzaqlaşdırar. Burada ciddi humanitar problemlər var. Türkiyə onsuz da həm öz ərazisində, həm də Suriyada milyonlarla suriyalının ehtiyaclarını qarşılayır. İndi bu bölgədə atılacaq addımların Türkiyəyə yeni bir köç dalğasına səbəb olacağı heç kəsə sirr deyil. Digər tərəfdən Suriya məsələsində Amerika ilə olan mövcud problemlərin mənbəyi bu ölkənin Fərat çayının şərqində həyata keçirdiyi siyasətdir. Əlbəttə, ABŞ-ın Suriyadan çəkilməsi həm Türkiyənin, həm də Rusiyanın maraqlarına uyğundur. Lakin bu çəkilmə Əfqanıstana bənzəməməlidir. ABŞ terrorla mübarizə bəhanəsilə girdiyi ölkələrdə terror təşkilatlarını dəstəkləməyə davam etsə, bundan həm özü, həm də həmin ölkələrin əhalisi ziyan çəkəcək. Məncə, Rusiya və Türkiyə öncə Tel-Rıfat məsələsini həll etməklə bu işə başlaya bilər. Fəratın şərqində İraq ilə sərhədə yaxın bölgədə terror təhlükəsi hələ də qalıb. PKK-nın Suriyadakı qolu olan PYD-nin Suriya rejimi ilə Qamışlıda hələ də adı qoyulmamış əməkdaşlığının davam etməsi Türkiyə-Rusiya münasibətləri baxımından düşündürücü məsələdir. Bu məsələ də masada olmalıdır. Əgər danışıqlarda səmiyyət olsa, əməkdaşlığın davam edəcəyini düşünürəm.
– Liderlər eyni zamanda Qarabağ məsələsini də müzakirə edəcəklər. Əfsuslar olsun ki, Rusiya 10 noyabr bəyannaməsinə görə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmir. Zəngəzur məsələsi hələ də həll edilməyib. Görüşdə bu mövzularla bağlı hansısa irəliləmələr ola bilərmi?
– Əfsus ki, 10 noyabr bəyannaməsinin şərtlərinin çox aydın şəkildə ifadə edilməsinə baxmayaraq, Ermənistan öz öhdəliklərini yerinə yetirmir, Rusiya isə ona heç bir təzyiq göstərmir. Ermənistanda seçki də oldu və Paşinyan iqtidardadır. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Çünki Laçın dəhlizinin açılmasına rəsmi Bakı icazə verdi. Digər məsələ isə Azərbaycanın Qarabağ bölgəsində hələ də erməni silahlılarının olmasıdır. Azərbaycan 10 noyabr bəyanatından sonra ermənilərin qaldıqları əraziləri tərk etmələri üçün onların vaxtını uzatdı, yəni konstruktiv addım atdı. İndi yenə də müharibədə qalib dövlət olmasına baxmayaraq, sülh müqaviləsinin imzalanması üçün Azərbaycan israr edir. Ermənistan isə bölgədə Rusiya və Türkiyənin də daxil olduğu əməkdaşlıq mühitindən faydalanmaq yerinə böyük bir məğlubiyyətin nəticələrini aradan qaldırmaq üçün kiçik hesabların arxasınca qaçır. Hazırda rəsmi Moskvanın üzərinə böyük məsuliyyət düşür. İrəvanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi halında baş verəcək hadisələrin ən azından bir qismi Paşinyana xatırladılmasa, problemin həlli uzanacaq.
– İran Ermənistana və Qarabağdakı separatçılara mütəmadi olaraq yardım edir. Digər tərəfdən İran Azərbaycan sərhədlərinə yaxın ərazilərdə hərbi təlimlər keçirir. Cənab İlham Əliyev də Anadolu Agentliyinə verdiyi müsahibədə bu hallara etirazını bildirib. Sizcə, İranın məqsədi nədir?
– İranın Qarabağ siyasəti başından etibarən birbaşa özünün əleyhinədir və bu baxımdan irrasionaldır. İran İkinci Qarabağ müharibəsinə qədər sözügedən irrasional siyasəti kamuflyaj etməyi bacarıb. Ancaq son müharibədə həm İran vətəndaşları, həm Azərbaycan, həm də dünya bunu gördü. Əlbəttə, İranın belə siyasət sərgiləməsi Azərbaycan üçün milli qürura toxunan bir mövqedir. Müharibədən sonra İranın Türkiyə və Azərbaycanın münasibətlərinin yaxınlaşmasından duyduğu narahatlıq daha aydın şəkildə hiss edilməyə başlayıb. 10 dekabr 2020-ci ildə Bakıda keçirilən Qələbə Paradında cənab Ərdoğanın çıxışı zamanı oxuduğu şerə Cavad Zərifin və onu izləyən bəzi rəsmilərin reaksiyasını hamı xatırlayır. Bütün bunlar Tehranın mövqeyini aşkara çıxartdı. Müharibə zamanında belə Nurduz sərhəd-keçid məntəqəsi bağlanmadı və Rusiyadan Ənzəliyə gələn hərbi ləvazimat İran TIR-ları ilə Ermənistana daşındı. Azərbaycan Gürcüstan və Ukraynadan gördüyü dostluğu İrandan görmədiyi üçün həm dövlət, həm də ictimaiyyət səviyyəsində bu ölkəyə olan münasibətlərdə mənfi yöndə dəyişikliklər olur. Ancaq burda ən önəmli məsələ cənubdakı azərbaycanlıların sözügedən məsələyə verdiyi reaksiyadır. Onlar da belə hadisələri həzm edə bilmirlər, nəticədə hökumətlə aralarında olan fikir ayrılıqları dərinləşir. İranın Ermənistanla olan diplomatik və ticarət əlaqələri doğru hesab edilməsə də, başadüşüləndir. Amma heç olmasa indiki şəraitdə İran rəsmi İrəvan üzərindəki təsir imkanlarından bölgədə sülh və sabitliyin qurulması üçün istifadə etməlidir.