Ərdoğan Putinlə, Əliyev Zelenski ilə bu istiqamətdə iş aparır: Bakının “soyuq müharibə”də maraqlı gedişibackend

Ərdoğan Putinlə, Əliyev Zelenski ilə bu istiqamətdə iş aparır: Bakının “soyuq müharibə”də maraqlı gedişi

“Əliyevin Ukrayna səfəri Bakı-Kiyev xəttində münasibətlərlə yanaşı, geosiyasi proseslər fonunda xüsusilə diqqət çəkir”.

Bu barədə KONKRET.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı fikir səsləndirib. O bildirib ki, Cenevrədə Rusiya-Qərb danışıqları davam edir. Artıq bəllidir ki, tərəflər “yeni soyuq müharibə” perspektivinə hazırlaşırlar və əsas cəbhə Ukrayna olacaq: “Əliyevin səfəri Ərdoğanın ilin əvvəlində Kiyevə planlaşdırılan səfərindən öncə baş tutub. Bu iki kontekstdə Bakının ayrı, Ankara-Bakı ikilisinin birgə strateji gedişi var. Əliyev bu səfərlə yeni soyuq müharibənin hər iki tərəfinə mesaj verir:

– Cəbhələşmədə yer almadan Qərbə Ukraynanın yanında olduğunu və ərazi bütövlüyü prinsipini dəstəklədiyini göstərir.

– Kiyevin yanında mövqe sərgiləməklə Rusiya qarşısında balans yaradır və bu, Cənubi Qafqaz masasında Moskvanın Bakının maraqlarını nəzərə alması baxımından əlimizi gücləndirə bilər.

POLİTOLOQ ASİF NƏRİMANLI: SƏRHƏDDƏ TƏXRİBATLAR GÖZLƏNİLƏN İDİ

Əliyev və Ərdoğan yeni soyuq müharibə cəbhəsində – Ukrayna və Rusiyaya alternativ çıxış yolu təqdim edir. Ankara və Bakı münasiqəşnin həllində vasitəçilik edə bilər. Birincisi, humanitar məsələlərin həllində vasitəçilik etməkdir. Brüssel görüşündə Zelenski Əliyevdən Rusiyada və işğal olunmuş Krım və Donbasda əsir saxlanılan ukraynalıların azad edilməsi üçün kömək istədi. Mümkündür ki, rəsmi Bakı bu məsələni Moskva ilə müəyyən kanallar vasitəsilə müzakirə edib və cari dövrdə nəticə əldə olunması perspektivi var. İkincisi, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün alternativ masanın qurulmasıdır: Bu, Qərb-Rusiya masasında heç bir nəticə əldə edə bilməyən Kiyev üçün də, məsələni Qərblə yox, Ukraynanın özü ilə müzakirə etmək istəyən Moskva üçün də cəlbedicidir”.

Asif Nərimanlının sözlərinə görə, nəticənin əldə edilməsi çətin görünsə belə, tərəflər müəyyən irəliləyişə nail olmaq naminə alternativ masaya isti yanaşa bilərlər: “Ankara və Bakı isə Rusiya-Ukrayna münaqişəsində, ümumilikdə yeni soyuq müharibə cəbhəsində tərəfə yox, vasitəçiyə çevrilə bilər. Əliyevin Ukrayna səfəri bu kontekstdə təsadüfi sayılmır. İstisna deyil ki, Ərdoğan Putinlə, Əliyev Zelenski ilə vasitəçiliyin ilkin təməlinin atılması istiqamətində iş aparır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*