Ərdoğanın bir cümləsi bəs etdi – Rus mediasının manşetləribackend

Ərdoğanın bir cümləsi bəs etdi! - Rus mediasının manşetləri

Prezident Ərdoğan ABŞ-da PBS televisiyasına müsahibə verib. O, müsahibəsində İsveçin NATO üzvlüyündən Ukrayna müharibəsinə, Türkiyənin AB üzvlüyündən ABŞ-dan alınacaq F-16 döyüş təyyarələrinə qədər bir çox sualı cavablandırıb. Lakin onun bir cümləsi Rusiya və beynəlxalq medianın diqqətini çəkib.

KONKRET.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında prezident Ərdoğan bu gün kürsüyə çıxacaq. BMT Baş Assambleyasında on üçüncü dəfə çıxış edəcək Ərdoğan öncədən Amerikanın ictimai yayımı PBS televiziyasına müsahibə verib.

Aparıcının “Putinin sözünün üstündə duracağına inanırsınızmı” sualını cavablandıran Ərdoğanın Rusiya ilə Qərbi müqayisə etməsi bütün dünyaya səs salıb.

Prezident Ərdoğanın cümlələri Rusiyanın bütün rəsmi media və qəzetlərinin ön səhifəsində yer alıb. Rəsmi xəbər agentliyi RİA “Ərdoğan Rusiyaya Qərbdən az güvənmədiyini deyir” başlığını seçib.

“Russia Today” televiziyası “Ərdoğan Rusiyaya və Putinə Qərbdən az güvənmədiyini söylədi” başlığı ilə oxucularının qarşısına çıxıb. Türkiyə liderinin Moskvaya güvənməmək üçün heç bir səbəbinin olmadığını ifadə etdiyini deyən “Russia Today” Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirdiyi görüşü “məhsuldar” adlandırdığını vurğulayıb.

“İzvestiya” qəzeti “Ərdoğan Rusiya və Qərbə bərabər etimaddan danışdı” başlıqlı xəbərində Türkiyə liderinin aparıcının Putinin taxıl sazişindən üstünlük kimi istifadə etməsi ilə bağlı şərhi ilə razılaşmadığını bildirib. Qəzet onu da qeyd edib ki, Ərdoğan bir gün əvvəl zaman-zaman ortaya çıxan maneələrə baxmayaraq, Ankaranın Moskva ilə münasibətlərindən razı olduğunu bildirib.

Müsahibəni üç ayrı xəbərlə öz səhifəsinə daşıyan “Kommersant” qəzeti “Qərbə güvəndiyim qədər Rusiyaya da güvənirəm”, “İsveçin NATO-ya daxil olmaq üçün səyi yetərli deyil” və başqa başlıqlarını dərc edib.

“Savaş uzun müddət davam edəcək”

TASS xəbər agentliyi isə bu başlığa önəm verib: “Ərdoğan Ukraynadakı münaqişənin uzun müddət davam edəcəyini bildirdi” . Bundan əlavə, Türkiyə liderinin Rusiyanın ən yaxın qonşularından biri olduğunu və onların ortaq tarixə malik olduğu diqqətə çatdırılır.

Rusiya ordusunun rəsmi televiziya kanalı olan “Zvezda” “Ərdoğan Ukraynada müharibənin bitmə vaxtı barədə danışdı” başlığına üstünlük verib. Zvezda əlavə edib ki, Ərdoğan rusiyalı həmkarı Putinin münaqişənin sona çatmasının tərəfdarı olduğunu deyib.

Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Əl Ərəbiyyə” qəzeti “Ərdoğan: Qərbə güvəndiyim qədər Rusiyaya da güvənirəm, Ukrayna müharibəsi uzun sürəcək” başlıqlı xəbərdə müsahibədən çoxlu cümlələr sitat gətirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*