İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının zirvə görüşündən sonra yaradılan və xarici işlər nazirlərindən ibarət komitə turuna noyabrın 20-də başlayacaq və səfər zamanı bəzi dünya paytaxtlarına səfər edəcək. Bunlardan birincisi Pekin olacaq.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud deyib.
“Ərəb Liqası və İƏT sammitinin yekunları üzrə yaradılan xarici işlər nazirləri səviyyəsində komitənin işi bazar ertəsi başlayacaq. Səfər edəcəyimiz ilk ölkə Çin olacaq. – Krallığın Xarici İşlər Nazirliyi X sosial şəbəkəsindəki səhifəsində onun sözlərini sitat gətirir.
Şənbə günü axşam İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü Süfyan əl-Quda bildirib ki, nazirliyin rəhbəri Ayman Hüseyn Abdullah əs-Səfadi Ərəb Liqası və İƏT xarici işlər nazirlərindən ibarət nümayəndə heyətinin tərkibində Çinə səfər edəcək.
Noyabrın 11-də Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı ölkələri Ər-Riyadda keçirilən sammitdən sonra Qəzza zolağındakı vəziyyəti yaxın gələcəkdə həll etmək üçün beynəlxalq konfrans keçirməyi planlaşdırıblar.
Rəsmiyyə Şərifova,
KONKRET.az