Ərini ehtiyatsızlıq nəticəsində öldürməkdə ittiham olunan 39 yaşlı Raidə Mahmudovanın məhkəmə araşdırması başa çatıb.
KONKRET.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
İttihamda yazılıb ki, Raidə Mahmudova Xətai rayonu ərazisində birgə yaşadığı mənzildə aralarında yaranan mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr endirib, daha sonra onu çarpayıdan yerə itələyib. Nəticədə H. Mahmudov aldığı xəsarətlərdən ölüb.
Bu əmələ görə prokurorluq R. Mahmudovaya Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb. Həmin maddə ilə 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Lakin məhkəmə bu ittihamı təsdiq etməyib. Hakim Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə kollegiyası hesab edib ki, hadisə Cinayət Məcəlləsinin daha yüngül-124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə uyğundur. Bu maddənin sanksiyasında maksimum 3 il həbs var. Yekunda Raidə Mahmudova 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılacaq. Bu tip müəssisələrdə cəza çəkən məhkumlara isə müəyyən şərtlər daxilində müəssisə hüdudlarından kənara çıxmağa icazə verilir.
Cəza müddəti xanım müttəhimin tutulduğu gündən – 25 oktyabr 2024-cü ildən hesablandığından yuxarı instansiya məhkəmələri hökmü qüvvədə saxlayacağı halda Raidə 6 ay sonra tam azad olacaq.