“Mən qorxuram ki, İrəvanın mərkəzində elə bir vəziyyət yaransın ki, yatan insanların oyanmağa vaxtı olmayacaq. Belə davam edə bilməz. Vətənpərvər insanlar birləşməlidirlər”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın xalq artisti Qajik Arutyunyan bildirib.
O daha sonra deyib: “2020-ci ildə 44 günlük müharibədən sonra hər şey dəyişdi. Bu gün Qarabağ erməniləri Azərbaycandan aciz duruma düşüblər. Onların səsi dünyanın yüksək tribunalarına çatmır, burada yalnız Azərbaycanın səsi aydın eşidilir, çünki ilk növbədə Azərbaycan Ermənistanın hakimiyyət orqanlarından fərqli olaraq, dövlət səviyyəsində məsələ qaldırmağı yaxşı bilir və beynəlxalq ictimaiyyət də öz ölkəsinin maraqlarına necə xidmət edəcəyini yaxşı bilir.
“Əgər belə davam edərsə və hakimiyyət belə bir siyasət apararsa, Qarabağ məsələsi dalana dirənəcək və tamamilə unudulacaq. Bir neçə ildən sonra “Artsax” haqqında heç kim heç nə danışmayacaq.
Əslində, hökumət “Artsax” məsələsini beynəlxalq platformalara çıxarmaq, nə baş verdiyini anlatmaq və necə baş verdiyi barədə bütün dünyaya səs salmaq üçün heç bir iş görmür. Qarabağda əsrlər boyu ermənilər yaşayıb, çoxlu tayfalar gəlib oranı ələ keçirməyə çalışsalar da, buna nail ola bilməyiblər.
Yenə deyirəm, belə davam etsə, vəziyyət çox pis olacaq”, – deyə Kajik Arutyunyan bildirib.
Onun sözlərinə görə, bu gün hökumət Qarabağ ermənilərinin aldıqları titulları nəzərə almır, belə rəftardan sonra bizlər artıq özümüzü tənha hesab edirik. Mən oradan gəlməməliydim, elə oradaca da mən ölməli idim. Sizə bir şey deyim: təəccüblənməyin, bu gün küçədə insanlardan çox itlərə qayğı göstərilir. Görəsən, onda biz kimik? Azərbaycanlılar çoxalır, əraziləri işğal edirlər, amma biz it, pişik saxlayırıq, bununla hər şeyi bitmiş hesab edirik.
Görün bu gün insanlar nə qədər diqqətsizdirlər, deyirlər ki, biz siyasətə qarışmırıq. Belə insanlar başa düşmürlər ki, belə deməklə bir gün onların da pis günü olacaq”, – deyə Q. Arutyunyan bildirib.
“Bu gün elə iş görüblər ki, insanlardan vətənpərvərlik hissini çıxarıblar. O sözü, o ideologiyanı adamların başından çıxarıblar. İndi elə belə də deyirlər: insansan, doğulmusan, ye, iç, bir gün öləcəksən.
İndi vətənpərvər insanların bir yerə toplaşması, birləşməsi, və yatmış xalqı ayıltması yeganə çıxış yoludur. Qorxuram ki, bir gün İrəvanın mərkəzində elə bir vəziyyət yaransın ki, yatan insanların oyanmağa vaxtı olmayacaq.
1988-ci ildə bu qədər vətənpərvərimiz olmasaydı, qalib gələ bilməzdik. Ayıq mühakimə etmək lazımdır və hər şey dövlət səviyyəsində edilməlidir, bunun üçün bizə ağıllı menecerlər, vətənpərvər liderlər və insanlar lazımdır”, – deyə Qajik Arutyunyan fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az