Müəllif: Mariam Petrosyan
Artıq bir ildən çoxdur ki, Azərbaycan döyüş mövqelərində bərkitmə, tikinti-montaj işlərinə dair sınaq layihələri həyata keçirir. Bunu “168.am”a hərbi ekspert Karen Hovanisyan bildirib.
“Azərbaycan tərəfi müxtəlif relyefdə yerləşən döyüş mövqelərində bir neçə sınaq layihəsi həyata keçirir. Məsələn, düzənlik ərazilərdə bərkitmə işləri apararkən xüsusi materiallardan istifadə edilir. Nəticədə onların postlarına nəinki avtomat silahlarla ziyan vurmaq olmur, minaatanlardan açılan atəş belə, nəticə vermir. Qarşı tərəf bu işlərdə kifayət qədər bahalı materiallardan istifadə edir. Bu üsuldan Türkiyə və İsrail ordusunda da istifadə olunur”, – deyə Hovanisyan qeyd edib.
Onun sözlərinə görə, daha bir sınaq layihəsi dağlıq ərazilərdə yerləşən postların möhkəmləndirilməsinə aiddir. Burada da Azərbaycan Türkiyə təcrübəsindən istifadə edir: postlar hündürə qaldırılmaqdansa, yer səviyyəsinə endirilir: “Bu variantın Qarabağ münaqişəsində effektiv olub-olmayacağını söyləmək çətindir. Türkiyəyə gəldikdə, onlar bu üsuldan yüksək dağlıq ərazilərdə partizan döyüşü aparan PKK silahlılarına qarşı istifadə edir”.
Xatırladaq ki, bir müddət öncə hərbi sahə üzrə ixtisaslaşmış “Razminfo” saytının analitiki Hayk Xaçikyan da “168.am”a Azərbaycanın cəbhə boyu müxtəlif formalarda yeni istehkamlar tikdiyini demişdi. Bu da təbiidir. Çünki onların mövqeləri bəzi yerlərdə yüksək dağlıq ərazidə, bəzi yerlərdə isə düzənlikdə yerləşir.
“Yəni relyefdən asılı olaraq, bu mövqelər dəmir torla da bərkidilə bilər, beton konstruksiyadan da ibarət ola bilər. Hərbi mövqeyin yerləşdiyi yer çox böyük əhəmiyyət kəsb edir. Əgər o, yüksək dağlıq ərazidə yerləşirsə, onda təchizatla bağlı problemlər yarana bilər. Çünki bəzi ərazilərə texnika qalxa bilmir. Odur ki, belə ərazilərdə yol çəkmək, digər kommunikasiyalar qurmaq da lazım gəlir. Məsələ ondadır ki, qarşı tərəfdə tikinti və bərkitmə işləri artıq daimi xarakter alıb. Üstəlik, görülən işlərin həcmi getdikcə böyüyür. Azərbaycan xüsusilə 2018-ci ilin oktyabrından Ermənistanın Tavuş vilayətilə həmsərhəd ərazidə intensiv iş aparır. Bu, sərhədə nəzarətin Azərbaycanın Dövlət Sərhəd Xidmətinə keçməsindən sonra başlayıb. O vaxtdan onlar hərbi mövqelərə aparan yeni yollar, kazarmalar tikməyə, müvafiq infrastruktur yaratmağa başlayıb. Onlar bu istiqamətdə əsas işləri artıq başa çatdırıb”, – deyə hərbi ekspert bildirmişdi. O, həmçinin əlavə etmişdi ki, indi Azərbaycan tərəfi postları bərkidərkən daha çox beton konstruksiyalara üstünlük verir.
(Erməni dilindən tərcümə – WorldMedia)