ABŞ senatoru Qrehemdən erməni soyqırımı ilə bağlı qətnaməni blok etməsini kim istəmişdi? Respublikaçı senator Lindsi Qrehem Ağ Evin yüksək vəzifəli əməkdaşının xahişi ilə Osmanlı İmperiyasındakı “erməni soyqırı”mını tanıma haqqında qətnamə qəbul etməsinə mane olub. KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi Axios portalına istinadən məlumat yayıb.
Bir qədər əvvəl Qrehem bir senatorun qətnamənin bütün palata tərəfindən qəbul edilməsinə mane ola biləcəyi qaydasından yararlanıb və Xarici İşlər Komitəsində baş demokrat Robert Menendesin qəbul etməyi irəli sürdüyü “erməni soyqırımının” tanınmasına dair qətnaməni bloklayıb. Portalın məlumatına görə, Qrehem Türkiyə Prezidenti Ərdoğanla görüşdən sonra ayrıldıqda Ağ Evin yüksək vəzifəli bir nümayəndəsi onun Senata qayıtmasını və “erməni soyqırımı” ilə bağlı qətnaməni blok etməsini istəyib.
“Görüşdən sonra bir araya gəldik və baş verənlər barədə danışdıq”, – deyə Qrehem portala bildirib və əlavə edib ki, Ağ Evin qanunvericilik işləri üzrə əməkdaşı Menendesin “soyqırım” qətnaməsini səsverməyə çıxaracağını söylədiyib və Qrehemdən “bunun qarşısını ala biləcəyini” soruşub. “Dedim ki, əlbəttə… Bunu etməyimin yeganə səbəbi onun (Ərdoğanın) hələ də şəhərdə olması idi… Bunun üçün uyğun vaxt deyildi. Mən (ölkələr arasında) münasibəti düzəltməyə çalışıram, əgər bu mümkündürsə”, – deyə Qrehem açıqlayıb. Eyni zamanda, “bu qətnaməni bloklamaq sizin üçün rahat oldumu” sualına müsbət cavab verən Qrehem “gələn dəfə əleyhinə olmayacağam” söyləyib. Bununla birlikdə portal qeyd edib ki, “gələn dəfə” artıq keçən həftə Menendes və onun həmkarı Ted Kruz soyqırımla bağlı qətnaməni təkrarən senata təqdim edərkən baş verib. Bu dəfə Ağ Evin əməkdaşı başqa bir senator Devid Purdyudan onun qarşısını almasını istəyib.
“Erməni soyqırımı”nın tanınması ABŞ-da da daxil olmaqla Türkiyənin bir sıra ölkələrlə münasibətlərinə maneə törədir, amma Amerikada oktyabr ayında Nümayəndələr Palatasının böyük əksəriyyəti tərəfindən bu qətnamə qəbul edilmişdi. Nümayəndələr Palatasında on illərdir müzakirə olunan qətnamə Türkiyənin Suriyadakı hərbi əməliyyatları ilə əlaqədar Vaşinqtonun Ankara ilə münasibətlərinin kəskin şəkildə pisləşməsi şəraitində qəbul olunmuşdu. Türkiyə Prezidenti Tayyib Ərdoğan Vaşinqtona səfəri zamanı Osmanlı İmperiyasındakı “erməni soyqırımı”nın Nümayəndələr Palatası tərəfindən tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını söyləmişdi.